Gülər Əhmədovaya niyə yüngül cəza istənildi?

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. APA-nın məlumatına görə, prokuror Eldar Həmzəyev Gülər Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir. Eldar Həmzəyev qeyd edib ki, Gülər Əhmədovanın himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırışda deputatı seçilməsi yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.

Dövlət ittihamçısı deyib ki, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir.

Məlumat üçün deyək ki, 178.3.2 və 307.2-ci maddələrdə müvafiq olaraq 7 ildən 12 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu baxımdan prokurorun Gülər Əhmədovaya 4 il iş istəməsi müzakirələrə səbəb olub.

Hüquqşünas Müzəffər Baxışov azadlıq.info-ya bu məsələdə hər hansı problem görmədiyini deyib: “Biz bilmirik ki, prokuror Gülər Əhmədovaya qarşı irəli sürülən maddələrlə ayrı-ayrılıqda nə qədər cəza istəyib. Bu barədə dəqiq məlumat yoxdur. Digər tərəfdən mümkündür ki, prokuror Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə yüngcül cəza təyin etmək imkanından istifadə edib. Mən burada hər hansı problem görmürəm”.

Lakin bəzi mülahizələrə görə, Gülər Əhmədovaya yüngül cəza istənilməlməsi və ümumiyyətlə “mandat alveri” ilə bağlı məhkəmənin tez yekunlaşması sabiq deputatla hakimiyyət arasında anlaşmanın təzaühürüdür. Bu fikirdə olanlar Azərbaycanda oxşar işlərdə təqsirləndirilən şəxslərə bir çox hallarda maksimum cəza verilməsini əsas gətirirlər.

Yada salaq ki, Gülər Əhmədova hələ həbs olunmamışdan əvvəl “ağzımı açdırmayın” deyərək şok açıqlamalar verə biləcəyinə işarə vurmuşdu. Ona görə də gözlənilirdi ki, hakimiyyət Gülər Əhmədovaya müəyyən güzəştlər edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar