“YÖNDƏMSİZ ÇAR” NƏ İLƏ QƏRBİN ÜZƏRİNƏ GEDİR? – Acı reallığı ortaya qoyan müqayisəli təhlil

“Rus ordusu 1945-ci ildən sonrakı dövrlərdə girdiyi bütün müharibələri uduzub”

Rusiyada İvan Qroznı və Böyük Pyotr kimi çarlar hökmdarlıq ediblər. İndi isə meydanda “Yöndəmsiz Putin” peyda olub. Hazırda Vladimir Putinin intriqant təbiətli fəndləri ictimai fikri hipnoz etməklə məşğuldur. Lakin əsl reallıq əhaliyə təqdim edilən parıltıdan xeyli uzaqdır. Gəlin vəziyyətin həqiqətdə necə olmasını araşdıraq.

Rusiyanın keçilməz meşələrində Putinin kamuflyaj şalvarda və yarıçılpaq bədəndə necə balıq tutması şəkilləri hamıya yaxşı tanışdır. Bir qədər tragik görünsə də, xatırlatmaq yerinə düşər ki, vaxtilə Mussolini də 1938-ci ildə kombaynın üstündə çəkdirdiyi yarıçılpaq şəkillərini reklam etdirirdi. Ümumiyyətlə isə, Putinin tundra meşələrində nümayiş etdirdiyi “Rembo sayağı” hərəkətlər 2008-2012-ci illərin konstitusiyasının da başına gətrilib. Medvedyevlə baş nazir-prezident yerdəyişmələri Putinin siyasi-texnoloji fəndləri sırasında xüsusi əhəmiyyət daşıyıb. Həmçinin Putin öz fəndlərini 70 min əhalisi olan kiçicik Cənubi Osetiya və Krım üzərində də sınaqdan çıxarıb. Ancaq Putinin 46 milyonluq Ukraynanı öz orbitinə qatmaq niyyəti gözlənilən nəticəni verməyib. Moskvanın Ukrayna siyasəti tam mənası ilə fiasko ilə yekunlaşıb. Kiyev artıq Qərbə tərəf üz tutub. Kiyev Avropa Birliyi ilə xeyli sayda mühüm sənədlər imzalayıb, Ukrayna parlamentinə isə Qərb yönümlü siyasətçilər deputat seçiliblər. O ki qaldı separatçı Donbasa, bu bataqlığa hamı kimi Rusiya da girib. Bu bölgə Rusiya üçün irinli bir yaradır və onun mövcudluğu Moskvanın beynəlxalq arenadakı həyatını zəhərləməklə məşğuldur. Hazırda güclü şəkildə Çinə tərəf meyllənən Rusiya öz mentaliteti baxımından Avropaya daha yaxındır. Həm də Çin çalışır ki, Qərblə ticarəti daha da böyütsün. Digər tərəfdən isə günlərin birində Çin Amur çayının şimal hissəsinə iddialı olmasını da ortaya qoya bilər. Deməli Çini Qərbə qarşı müttəfiq kimi istifadə etmək Rusiyanın işinə yaramayacaq. Rusiyanın Qərbə qarşı yürütdüyü siyasət əsaslı zəmin üzərində oturdulmayıb.

Qərblə birbaşa və uzunmüddətli qarşıdurmaya girmək Rusiyanın xeyrinə olmayacaq. Gəlin tərəflər arasındakı müqayisə ilə tanış olaq.

Öncə bir neçə makro göstəriciləri nəzərdən keçirək. Rusiya 146 milyon əhalisi olan demoqrafik böhran yaşayan bir ölkədir. Belə demək mümkünsə, indi Rusiyaya qarşı tam formalaşmış və hələlik dəqiq quruluşa malik olmayan bir dövlət kimi 506 milyon nəfərlik Avropa Birliyi durur. Buraya 316 milyonluq əhalisi ilə ABŞ-ı, 36 milyonluq Kanadanı, 23 miyonluq Avstraliyanı və 40 milyondan artıq əhalisi olan Ukraynanı da əlavə edə bilərik. Deməli əhalinin sayı baxımından qüvvələr nisbəti altının birədir. Qərbin böyük koalisiyasına qoşulmuş Yaponiyanın əhalisinin sayı isə təxminən 130 milyon nəfərə çatır.

Bəs iqtisadiyyat nəyi göstərir?

2013-ci ildə Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 2,1 trilyon dollara bərabər idi və bu da təkcə Kanadanın ÜDM göstəricisindən (1,9 trilyon) bir qədər artıqdır. Həmin göstəriciyə görə, Fransanın ÜDM (2,7 trilyon), Almaniyankı isə 3,6 trilyon dollar səviyyəsindədir. İqtisadiyyatda Rusiya ilə Avropa arasındakı ümumi fərq xeyli böyükdür. Əgər biz müqayisə üçün ABŞ-ın 16,7 trilyon dollarlıq Ümumi Daxili Məhsulunu da buraya qatsaq, qüvvələr nisbətindəki vəziyyətin necəliyi tam bəlli olar. Belə fonda Rusiya sədəqə istəyən dilənçiyə bənzəyir.

BƏS ORDU?

Rus ordusu 1945-ci ildən sonrakı dövrlərdə girdiyi bütün müharibələri uduzub (Əfqanıstan və birinci Çeçen müharibəsini). Onların özlərindən müqayisəyə gəlməz dərəcədə qat-qat kiçik olan düşmənlərini tank və qan içində boğmaq ehtiyacı görəsən nə ilə bağlıdır? Haqqında danışdığımız qanlı hadisələr İkinci Çeçen və Gürcüstan müharibələri zamanı baş vermişdi. Tarixdə Rus hərb metodu ilə hazırlıq keçən qüvvələrin Qərb döyüş məktəbində təlim görmüş güclər tərəfindən Ərəb-İsrail, İsrail-Suriya silahlı münaqişələri zamanı darmadağın edilməsini də unutmayaq.

BƏS HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ?

Bu gün Rusiya Hərbi Dəniz Qüvvələrinin ixtiyarında 46 min ton su basımına və bortunda 30 təyyarə götürə biləcək cəmi bir ədəd aviadaşıyan gəmisi var. Lakin onların əzəli rəqibi hesab edilən amerikanların donanmasında 13 müasir aviadaşıyan gəmi fəaliyyətdədir. Onların hamısının su basımı 100 min tondur və bu gəmilərin hər biri öz bortunda 100-ə yaxın təyyarə yerləşdirmək imkanına malikdirlər.

Hazırda Rusiya yenidən silahlanma istiqamətində addımlar atır. Dünya problemlərini araşdıran Stokholm İnstitutunun məlumatına əsasən, ölkələr üzrə 2014-cü ildəki hərbi xərclər belədir:

Rusiya - 87,7 milyard dollar

Fransa - 61,2 milyard dollar

Almaniya - 48,8 milyard dollar.

Beləliklə də Fransa və Almaniyanın birlikdə götürülən ümumi hərbi xərcləri Rusiyanınkını üstələyir (Almaniya ilə Fransanın toplam əhalisi də Rusiyanınkından çoxdur). Deməli bu iki ölkə birlikdə hərbi baxımdan Rusiyadan güclüdürlər. Bəs onların müdafiə xərclərinin üzərinə ABŞ-ın 640 miyard dollarlıq hərbi büdcəsini də əlavə etsək, onda ümumi mənzərə necə olacaq?

Hər şey həqiqətən də çox ciddi görünür. Stokholmdakı mütəxəssislər bildirirlər ki, Rusiyanın “atəşlənməyə hazır” vəziyyətdə dayanan nüvə başlıqlı raketlərinin sayı 1800 ədəddir. Bu isə qətiyyən az rəqəm deyil. Məlumat üçün onu da bildirək ki, ABŞ, Fransa və Böyük Britaniyanın ümumən 2800 ədəd bu cür nüvə başlıqlı raket qurğuları var. Bu şərtlər daxilində Vladimir Putinin istənilən jestləri və intriqa ilə dolu olan hiyləgər gedişləri tamamilə mənasızlaşır. O, hələ də böyük bir imperiyanın yaranacağına inam bəsləyir. Putinin davranışları böyüklər arasındakı balaca uşağın acıqla ayaqlarını yerə döyməsinə bənzəyir. İndi ona hər şeyin həqiqətən də necə olduğunu yaxşıca başa salmağın vaxtı gəlib çatıb. Ona bildirmək lazımdır ki, mətbuat vasitəsilə bizi qorxutmaq fəndlərini yığışdırsın.

Amma bütün bunlarla yanaşı rəqibi dəyərləndirməmək də düz olmaz. Beynəlxalq siyasət doğrudan da çox incə bir məsələdir. Lakin elə bir təsəvvür yaranır ki, sanki biz “Yöndəmsiz çar” Vladimiri malik olmadığı keyfiyyətlərlə birlikdə hədsiz yüksək qiymətləndiririk.

“Le Huffington Post”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar