Con Kerri Əliyev və Sarkisyana nə deyib?

ABŞ dövlət katibi Türkiyənin xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Amerikanın dövlət katibi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla son 72 saat ərzində telefonla danışdığını bildirib. Bu barədə Azadlıq Radiosu məlumat verib.

O bu bəyanatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Vaşinqton görüşündən sonra verdiyi birgə mətbuat konfransında səsləndirib, hərçənd telefon söhbətlərinin təfərrüatlarını açıqlamayıb: «Dediyim kimi,Türkiyə bir çox məsələlərdə böyük rol oynayır. Artıq aylardır ki, biz Kipr haqqında danışırıq və Dağlıq Qarabağ haqqında danışırıq. Biz sakit bir tərzdə bu təşəbbüslərin önündə və ortasında olan səfirlərimizin bu prosesi davam etdirməsinə çalışırıq»- deyib Con Kerri.

Con Kerri daha sonra bildirib: «Mən son 48 saatda, hə indi yəqin ki, artıq 72 saatda həm prezident Əliyev, həm də Sarkisyanla danışmışam. Onlar az sonra görüşməlidirlər. Biz həmin prosesinin irəli getməsini istəyirik və biz bunda iştirakımızı davam etdirəcəyik».

Türkiyənin xarici işlər naziri də Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunub və bildirib ki, Ankara və Vaşinqton 40, 30 illik dondurulmuş münaqişələrin çözümündə əməkdaşlıq edirlər.

«MƏN VƏ JOHN, TÜRKİYƏ VƏ ABŞ...»

Əhməd Davudoğlu: «Dağlıq-Qarabağ və Kipr məsələlərinə gəlincə, biz bir neçə mexanizm vasitəsilə, Minsk Qrupu və başqa ikitərəfli «məsləhətləşmələr» vasitəsilə «məsləhətləşmələri» davam etdiririk»- deyib Ahmet Davutoğlu, - və biz ümid edirik ki, bu dondurulmiş münaqişə tezliklə başa çatacaq və bu, Qafqazlara sülh gətirəcək, Qafqazların hüdudundan daha geniş regiona da sülh gətirəcək və mən bu gün çox məmnunam ki, John və mən, Türkiyə və Birləşmiş Ştatlar bu məsələyə eyni perspektivdən baxırıq. Biz ümid edirik ki, prezident Sarkisian və prezident Əliyev arasındakı bu görüş uğurlu olacaq».

Cənab Davudoğlu həmçinin bildirib ki, bir neçə gündən sonra o, baş nazir Erdoğanla birlikdə Sankt Peterburqa səfər edəcək və bu mənada Con Kerri ilə görüş Rusiya və İran səfərlərindən əvvəl yaxşı bir məsləhətləşmə imkanı verib.

«Bizim Rusiya ilə münasibətimiz və sülh məsləhətləşmələrimiz Qafqazlarda və Yaxın Şərqdə bütün regional məsələlərə müsbət töhfə verəcək, - deyib cənab Davudoğlu, - Türkiyə və Birləşmiş Ştatlar qarşılarında duran müxtəlif çətin məsələlərdə birlikdə çalışmaqda davam edəcəklər».

Ümumiyyətlə, isə bu kifayət qədər uzun mətbuat konfransında mətn statistikasi baxımından (təxminən, Bağdad, Dəməşq və Tehran sözlərini çıxmaqla) İraq 24, Suriya 16 və İran 6 dəfə xatırlanıb. Bu rəqəmlərin böyük əksəriyyəti Türkiyə xarici işlər nazirinə aiddir və regional məsələlər arasında ən azı Ankara üçün, yəqin ki, prioritet sırasını göstərir. Bu mükalimə zamanı Qafqazların və Qarabağın adı iki-üç dəfə çəkilib.

LAVROV DA NALBANDYANLA GÖRÜŞÜB

Ermənistan və Azərbaycan liderlərinin sözü gedən görüşünə gəlincə isə, iki illik fasilədən sonra Sarkisyan və Əliyev ilk dəfə olaraq bu gün Vyanada danışıqlara başlamalı idilər.

Xəbər verilir ki, bu görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri də qatılacaqlar.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Eduard Nalbandyanla danışıqlardan sonra keçirilmiş mətbuat konfransında bildirib ki, Rusiya Federasiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə böyük ümid bəsləyir.

Ümid ümid yerində, amma Lavrov-Nalbandyan danışıqlarının təfərrüatları barədə də heç nə bilmirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar