Saakaşvilini həbsə ata biləcək 5 səbəb

Gürcüstan mətbuatı keçmiş prezidentin qalmaqallı cinayətlərindən yazıb

Yeni prezidentin seçimindən sonra Gürcüstanda ən aktual suallardan biri keçmiş ölkə başçısı Mixail Saakaşvilinin bundan sonrakı aqibətinin necə olacağı ilə bağlıdır. Bəziləri Saakaşvilinin ölkəni tərk edəcəyini, bəziləri isə yeni hökumətin onu həbs edə biləcəyini ehtimal edir. Həbs təhlükəsi ilə bağlı Saakaşvilinin özünün də açıqlamaları olub.

Bir müddət əvvəl o, yerli mətbuata Ivanişvilinin məmurları tərəfindən həbslə hədələdiyini, hətta tutulandan sonra hansı həbsxanada saxlanacağı ilə bağlı xəbərlər aldığını bildirmişdi. Artıq yerli mətbuat da bu suallar ətrafında müzakirələrə başlayıb. Gürcüstanın “Georgian Times” qəzeti “Saakaşvilini həbsə apara bilən beş səbəb” adlı məqaləsində bu aktual sualla bağlı maraqlı təfərrüatlara toxunub. Müəllif Maka Dekanosidze yazır ki, hazırda Saakaşvilinin taleyi ilə bağlı Gürcüstanın qarşısında iki seçim var. Ya Saakaşvili on illik hakimiyyətinin yekununda cəmiyyətin və istintaqın onunla bağlı yaranan suallarını cavablandırmalı, ya da dövlət maraqları əsas götürülməli və ədalətin bərpasını gözləyən çoxsaylı gürcü vətəndaşının ümid və gözləntiləri boşa çıxmalıdır: “Birinci yol seçilərsə, Qərb bizi ”barbar" adlandırar və bununla da gürcü millətinin NATO-ya qapı açmaq yolunda çəkdiyi çoxillik əziyyət boşa çıxmış olar. Böyük ehtimalla, bu, Avropa Birliyinin də xoşuna gəlməyəcək. Amma ikinci yolu seçməyin təhlükəsi bundan daha az deyil. Bu halda Saakaşvili rejimindən narazı olan və zərər çəkən insanların illərdir yığılmış mənfi enerjisi birləşə və bunun da çox ağır nəticələri ola bilər".

Müəllif hesab edir ki, bütün bunlardan sığortalanmaq, Saakaşvilini məhkəmə qarşısına çıxarmaq üçün yetərli sübutlar olmalıdır. Bu sübutlarda keçmiş prezidentin cinayətləri dəqiqliyi ilə əks olunmalıdır: “Bu yolla Gürcüstan həm Qərbin qəzəbindən qurtulmuş olar, həm də insanların inamını bərpa edər ki, törədilmiş cinayətə görə hər kəs cavab verir. Yeri gəlmişkən, keçmiş həmkarı Eduard Şevardnadze Saakaşvilinin cinayətlərinə görə mənəvi məsuliyyəti öz üzərinə götürüb. ”Şevardnadze olmasaydı, Saakaşvili prezident ola bilməzdi. Ona görə törədilmiş cinayətlərə görə mən də məsuliyyət daşıyıram" deyə, Şevardnadze bildirmişdi".

Şevardnadzenin fikrincə, Saakaşvilinin ən böyük cinayəti 7 noyabrda keçirdiyi xüsusi əməliyyatdır. Məqalə müəllifi isə hesab edir ki, 2007-ci ildə baş vermiş bu olaya qədər də Saakaşvilinin “qəhrəmanlıqları” olub. “Mənə elə gəlir ki, Saakaşvilinin həbsinə səbəb olacaq ən azı 5 işi sadalamaq çətin olmayacaq” - deyə, müəllif xronoloji ardıcıllığa keçib:

Birinci iş - “Aprasidzenin işi: 2004-cü il”

1000 nəfər xüsusi təyinatlının və snayperin iştirakı ilə qanlı əməliyyat həyata keçirilib. Əməliyyat Aprasidzenin ailəsinə qarşı olub və sonradan Saakaşvili və məmurları bu addımı alqışlayıblar. Saakaşvili bildirib ki, o, hələ sovet dövründən kök salan banditlərin məhvinə qərar verib və bu doğru addımına görə bir saniyə belə, peşman olmayıb. Prezidentin bu bəyanatı bu günə qədər istintaq orqanlarının diqqətini çəkməyib. Hüquqşünaslar isə hesab edir ki, təkcə bu iş Saakaşvilinin barəsində cinayət işinin başladılmasına kifayət edir. Qeyd edək ki, Aprasidze işi energetika naziri Kaxi Kaladzenin qardaşı Levana Kaladzenin oğurlanması və qətli ilə bağlı idi. Əməliyyata o vaxtkı daxili işlər naziri Qiorqiy Baramidze rəhbərlik edirdi. Əməliyyatın qəddarlığı haqda bu günə qədər heyrətlə danışılır.

İkinci iş - Zurab Jvaniyanın müam malı ölümü

Saakaşvilinin hakimiyyəti dövründə prokurorluq baş nazir Zurab Jvaniya və dostu Rual Yusubovun bədbəxt hadisənin qurbanı olduğu ilə bağlı açıqlama verdi. Ortadakı sübutlar isə xeyli ziddiyyətlər yaradırdı. Cəmiyyətin bu iki ölüm faktı ilə bağlı versiyası isə əvvəldən fərqli idi. Onlara görə qətlin izləri Saakaşvili və onun yaxın ətrafına doğru gedirdi. Indi hamını bir məsələ maraqlandırır - yeni baş prokuror bu versiyanı təsdiqləyə biləcəkmi?

Üçüncü iş - akademik Quram Şaradzenin qətli

Quram Şaradzenin qızı Rusudan Şaradze atasının qətlinin sifarişçisi kimi Saakaşvilinin, icraçısı kimi isə onun komandasının adını çəkir. Və bunu iddia etmək üçün kifayət qədər əsaslarının olduğunu deyir. O, bu qətllə bağlı Melnikov, Kardava, Qunava, Axalaya kimi şəxslərin adlarını çəkir və qətlin izinin Saakaşviliyə gedib çıxdığını bildirir. Dediyinə görə, Saakaşvilinin razılığı olmadan adıçəkilən şəxslər bu işə girişə bilməzdilər. Rusudan Şaradze prokurorluqda bütun bunlarla bağlı ətraflı məlumatların olduğunu, lakin iş üzrə təkrar istintaqın başladılmadığını bildirir.

Dördüncü iş - qanunsuz silah ticarəti

Fransa hökuməti tərəfindən həbs olunan Gürcüstanın keçmiş müdafiə naziri Kezeraşviliyə qarşı qanunsuz silah ticarəti ittihamı irəli sürülüb. Bu həbs o zaman beynəlxalq qalmaqala səbəb olmuşdu. Əgər bu ittiham təsdiqini tapsa, Saakaşvilinin vəziyyəti ağır olacaq. O, ABŞ və beynəlxalq aləmə sübut etməli olacaq ki, hakimiyyəti dövründə silahlar qaçaqmalçılıq yolu ilə ölkə xaricinə necə çıxıb və terrorçu qruplaşmaların hökmranlıq etdiyi bazarlara necə yol tapıb. Saakaşviliyə bütün bunlardan xəbərdar olmadığını sübut etmək çox çətin olacaq.

Beşinci iş - siyasi həbslər

Qeyri-insani, qeyri-humanist addımlar və dözümsüzlük nəticəsində bu illər ərzində dəmir barmaqlıqlar arasına mindən çox insan düşüb. Bu həbslər də işgəncə, stress, insan faciələri ilə yadda qalıb.

Müəllif məqaləsinə bu fikirlərlə son verib: “Saakaşvilinin xalqına qarşı cinayətləri bununla bitmir. Biz siyahını, faktları uzada bilərik. Bütün bunlardan sonra Saakaşvili kimdir?! Tərəfdarları onun haqqında belə deyir: ”Gürcüstanı dəyişən, bizə dövləti qazandıran adam". Mən belə düşünmürəm, bəs siz?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar