Demokratiya böhranı ilə üz-üzə

Demokratiya uğursuzluğu diplomatik yox, dəqiq və tənqidi münasibət tələb edir

Andreas Qross

(İsveçrəli deputat, AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi)

Demokratiya daim hərəkətdə olan və yüzlərlə irili-xırdalı komponentlərdən ibarətdir. Bu komponentlərin bir çoxu, o cümlədən hüquqlar və demokratik institutlar stabil deyil. Onların heç də hamısı düzgün istiqamətdə inkişaf etmir. Amma onlar birləşərək, konkret məqamda demokratiyanın səviyyəsini müəyyənləşdirirlər.

Bir çox ölkələrdə bu elementlərin gerilədiyinin şahidi oluruq. Ictimai debatların keyfiyyəti aşağı düşür və böyük mətbuat daha çox qalmaqallara diqqət yetirir. Milli demokratiyalar bazar subyektlərinə çevrilir və onları düzəltmək çox çətindir. Partiyalar getdikcə cəmiyyətin daha az hissəsini təmsil edir. Məhz bu səbəbdən çoxları demokratiya böhranından danışırlar. Hətta bəziləri yazır ki, “biz post-demokratik dövrə gəlib çatmışıq, artıq demokratiya real deyil”. Əlbəttə, bu əzabvericidir. Indi biz onu necə bərpa etmək problemilə üz-üzəyik. Seçkilər demokratik palitranın böyük komponentidir. ATƏT-ə üzv olan 57, eləcə də Avropa Şurasının üzvü olan 47 dövlətin bir çoxunda demokratiya zəifdir. Çünki seçki prosesi pisdir. Nəticədə həmin ölkələrdə siyasi hakimiyyət legitim deyil. Tez-tez hakimiyyətdən sui-istifadə olunur, çəkinmədən insan hüquqlarına, əhalinin maraqlarına hörmətsizlik edilir.

Avropa adı altında hakimiyyəti qəsb etmə

Bu ilin oktyabrında bir çox avropalılar Azərbaycandakı prezident seçkilərinə şahidlik etdilər. Təəccüblü budur ki, onların heç də hamısı deyilməli olanları demədilər. Demokratiyanın səviyyəsinin bir qədər də aşağı düşdüyünü, hakimiyyətin qanunsuz ələ keçirildiyini demək onların maraqlarına daxil deyildi. Mən AŞ PA monitorinq komitəsinin tərkibində bu seçkini müşahidə etdim. Cənubi Qafqazın ətəyində yerləşən, Bakıdan 440 kilometr aralıda Gədəbəydə seçkini izlədim. Istər seçki prosesini bir neçə ay izləmiş ATƏT-in uzunmüddətli ekspertləri, istərsə də qısamüddətli müşahidəçilər birmənalı nəticəyə gəldilər: “Azərbaycanda prezident seçkiləri ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının boğulduğu, namizədlərə bərabər imkanların yaradılmadığı şəraitdə keçib. Namizədin, seçicilərin qorxudulması və mətbuata ciddi təzyiqlərin olması kampaniyanı korladı. Seçki prosesinin bütün mərhələlərində çox ciddi problemlər müşahidə olundu. Xüsusən, səsvermə günü ciddi çatışmazlıqlar qeydə alındı ki, Azərbaycanın ATƏT qarşısında həqiqi və demokratik seçki keçirmək öhdəliyinin yerinə yetirilməməsi baxımından bunların aradan qaldırılması vacibdir”.

Bununla da ATƏT-in müşahidə missiyası göstərdi ki, seçkiyə təkcə səsvermə günü yaşananlarla qiymət vermək olmaz.

Buna baxmayaraq, AŞ PA müşahidəçilərinin əksəriyyəti bütövlükdə seçki prosesinə qiymət verməyi özlərinə borc bilmədilər. Hətta Avropa Şurasının Siyasi Biliklər Məktəbinin direktoru olan prezidentliyə namizədin həbsini də nəzərə almadılar.

Bunun əvəzində onlar səsvermə günü gözlərilə gördükləri üzərində dayandılar və yaxşı başa düşmək belə, mümkün olmayan bir bəyanat verdilər: “Seçki günü biz azad, ədalətli və şəffaf seçkilərin şahidi olduq. Biz müşahidə etdik ki, seçki prosedurları səsvermə günü dinc yolla və peşəkarlıqla həyata keçirildi. Seçki günü seçicilərin qorxudulması hallarını qeydə almadıq. Bununla belə, prosesin daha da yaxşılaşdırılması arzuolunandır. Xüsusən əsas azadlıqların təmin olunması məsələsində...”

Mənim üçün ən böyük sürpriz ATƏT-in hazırkı sədri və Ukraynanın xarici işlər naziri Leonid Kojaranın mövqeyi oldu: “Beynəlxalq müşahidəçilərin bəyanatlarından belə nəticə çıxır ki, prezident seçkisinin bir sıra aspektləri demokratik seçkilərlə bağlı ATƏT, Avropa Şurası və digər beynəlxalq standartlara nail olunması istiqamətində inkişaf var. Demokratiyanın inkişafında mühüm addımlar münasibətilə Azərbaycan xalqını və ölkə rəhbərliyini təbrik edirəm”.

Seçkidən sonra keçirilən etiraz aksiyasında Azərbaycan vətəndaşlarının xeyli hissəsi bu cür bəyanatlar barədə nə düşündüyünü ortaya qoydu. Bəyanat ola bilsin ki, qalibi, oliqarxları və enerji tələbatını ödəyən bir çoxlarını razı saldı. Amma bu bəyanatın demokratiya və siyasi həqiqətlə əlaqəsi yox idi.

Ukraynalı nazir özünü rejimin satın aldığı beynəlxalq müşahidəçilərin sırasına qatmaqla nəzarətsizliyə yol verdi, seçki müşahidəsilə bağlı kriteriyaları müəyyənləşdirən Kopenhagen sənədinə də hörmətsizlik elədi.

Bu cür konseptual və diplomatik səhvlər Avropada demokratiyanın bərqərar olmasına imkan vermir. Çünki bu işi həyata keçirmək istəyənlər çatışmazlıqları açıéq şəkildə dilə gətirməli, faktlara düz baxmalıdır. Yalnız bu halda biz bilə bilərik ki, bizim demokratiya palitramızda hansı komponentlərin “təmirə” ehtiyacı var və bu iş necə həyata keçirilməlidir. O zaman biz demokratik prosesi yaxşılaşdıra, inkişafa nail ola bilərik.

Demokratiya böhranı ağrılı məsələdir. Qarşımızda bu problemi necə həll etmək məsələsi durur.

«The Ukrainian Week» jurnalı(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar