ACP Milli Şurada həmsədrlik istəyir

Sülhəddin Əkbər Milli Şuraya təkliflərini açıqladı

Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Milli Şurada islahatlar və həmsədrlik məsələsi ilə bağlı öz mövqeyini açıqlayıb. “Yeni Müsavat”a açıqlamasında S.Əkbər bildirdi ki, ilk növbədə Milli Şuranın yeni mərhələdə qarşısında duran məqsəd və vəzifələr müəyyən edilməlidir.

Milli Şuranın məqsəd və vəzifələri müəyyən olunmalı, strategiyası və taktikası işlənib hazırlanmalı və bundan sonra isə illik, rüblük, aylıq, həftəlik, gündəlik fəaliyyət proqramı tutulmalıdır: “Ancaq bu istiqamətdə biz addımlar atarıqsa, işimizi səmərəli qura və hər hansı bir uğura, nəticəyə ümid etmək olar. Çünki bu məsələləri həll etmədən Milli Şurada struktur məsələsini ön plana çəkmək arabanı atın qabağına qoymaq kimidir. Məqsəd və vəzifələr müəyyən olunmadan, strategiya və taktika işlənib hazırlanmadan bu vəzifələri həyata keçirmək üçün hansı bir struktura ehtiyac olduğunu, hansı struktur islahatlarının aparılmasını müəyyən etmək çox çətindir”.

S.Əkbər bu məsələlərlə bağlı müzakirələrin mətbuatda yox, Milli Şura daxilində keçirilməsini istəyir.

ACP sədrinin sözlərindən belə məlum oldu ki, o, Milli Şurada həmsədrlik institutunun yaradılmasının, Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin həmsədr olmasının əleyhinə deyil: “Milli Şuradakı strateji mərkəzdə noyabrın əvvəlində aparılan ilkin müzakirədə də göründü ki, çoxluq həmsədrlik institutunun yaradılmasının tərəfdarıdır. İndiki halda həmsədrlik institutunun yaradılması daha məqsədəuyğundur. Biz həm Rüstəm İbrahimbəyovun resurslarından istifadə etməliyik, həm də Cəmil Həsənlinin. Hansı ki, artıq özünü siyasi lider kimi təsdiq edib. Cəmil Həsənlinin siyasi liderliyi heç kimdə şübhə doğurmur və Milli Şuraya rəhbər gəlməsi də heç bir etiraza səbəb olmur. Onu da nəzərə almaq lazımdır ki, həm Rüstəm İbrahimbəyovun, həm də Cəmil Həsənlinin siyasi liderliyini qəbul ediriksə, onların da rəylərini, münasibətlərini nəzərə almalıyıq. Rüstəm İbrahimbəyov Cəmil Həsənli ilə birgə işləməyə hazır olduğunu bildirir, eyni zamanda Cəmil bəy də Rüstəm bəylə birgə işin daha effektli olacağını deyib. Mən isə bir daha yuxarıdakı mövqeyimə qayıdıram ki, bu önəmli məsələ deyil. İlk öncə yuxarıda qeyd elədiyim məsələlər müzakirə edilərək həllini tapmalıdır. Sonra struktur islahatı aparılmalıdır. Struktur islahatı dedikdə həmsədrlik institutundan söhbət getmir. Sessiyalararası dövrdə Milli Şuranın fəaliyyətinə rəhbərlik edəcək, siyasi qərarverici orqanın yaradılması çox mühümdür. Xüsusən qəbul olunan qərarların icrası ilə məşğul olan İcra Aparatının yaradılması vacibdir. İcra aparatı formal olaraq var, amma faktiki olaraq demək olar ki, yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar