Putinin müəmmalı qaz oyunu: “Cənub axını"nın tikintisi dayandırılmayıb

Rusiya hakimiyyəti prezident Vladimir Putinin “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı barədə Avrasiyanın enerji xəritəsini dəyişdirən sensasion qərarını icra etməyə tələsmir.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Energetika Nazirliyindəki mənbə layihə iştirakçıları olan ölkələrlə ikitərəfli sazişlərin denonsasiyasına dair tapşırıq almadıqlarını deyib. Həmçinin kəmərin tikintisində işlərin dayandırılmasına dair xəbərdarlığı ancaq boru kəmərinin tikintisində iştirak edən İtaliya podratçısı “Saipem” alıb. “Saipem” “Cənub axını” kəmərinin tikintisinə dair 2 milyard avroluq kontrakta malik idi.

Kəmərin dənizin dibindən keçən hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” konsorsiumunun təmsilçisi isə bildirib ki, şirkət “Saipem”lə müqavilə əsasında işləyən “Castro Sei” borudüzən gəmisinin işini dayandırıb. Hərçənd ki, həmin gəmi boruların düzülməsinə dair işlərə hələ başlamamışdı və hazırlıq işləri görürdü. Mənbə bildirib ki, layihədə başqa dəyişiklik yoxdur və hamı öz işi ilə məşğuldur.

“Qazprom” rəhbəri Aleksey Miller isə ötən həftə bildirmişdi ki, “Cənub axını”nın dayandırılmasına dair qərar prezident Vladimir Putinin Türkiyəyə səfəri zamanı qəbul edilib. Ancaq elə həmin gün də borudüzən gəmi boruların düzülməsi işlərinə başlamaq üçün Qara dənizə çıxıb.

“Axı bu layihəni necə davam etdirmək olar ki, Bolqarıstan kəmərin öz ərazi sularından keçməsinə icazə verməyib və quruda tikinti dayandırılıb?! Bu məsələnin Avropa İttifaqının üçüncü enerji paketinə heç bir dəxli yoxdur” - deyə Miller bildirib.

Qeyd edək ki, bazar günü Rusiya prezidenti Vladimir Putin “Cənub axını”nın dayandırılması ilə bağlı Macarıstan və Serbiya baş nazirləri ilə telefon danışığı aparıb. Macarıstan baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqının isterik siyasəti “Cənub axını”nın dayandırılmasına səbəb oldu və bundan ən çox ziyan çəkən Macarıstanla Serbiya olacaq.

Sabah - dekabrın 9-da isə “Cənub axını”nın iştirakçısı olan ölkələr Rusiyanın iştirakı olmadan toplaşaraq qaz kəmərinin taleyini müzakirə edəcəklər. İştirakçı ölkələr arasında konsensus hələ mövcud deyil. Bolqarıstanın baş naziri Boyko Borisov Putinin kəmərin tikintisinin dayandırılmasından sonra tələsik Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşdüyünü bildirilir.

Yunker bildirib ki, layihənin bağlanmasına inanmır və Rusiya Bolqarıstanı şantaj edir. Borisov isə bildirib ki, hələ kəmərin tikintisinin dayandırılmasına dair Rusiyadan rəsmi xəbərdarlıq almayıb. O, hesab edir ki, “Cənub axını” reallaşa bilər, ancaq Aİ-nin üçüncü enerji paketi çərçivəsində.

Xatırladaq ki, Putinlə Ərdoğan “Cənub axını”nın istiqamətini Türkiyəyə dəyişdirməyi, Rusiyadan Qara dənizin dibindən keçməklə Türkiyəyə eyni gücdə yeni qaz kəməri çəkməyi və Yunanıstan üzərindən Avropaya yeni qaz nəqli marşrutu açmağı razılaşdırıblar. Bu marşrut Azərbaycan qazının Avropaya nəqli marşrutu ilə üst-üstə düşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar