Təhsilimizdə “müsabiqə sindromu”

Və ya odu qoyub küllə oynamaq aludəçiliyi

Nadir İSRAFİLOV, təhsil eksperti

Deyəsən, tez-tez keçirilən və “geniş auditoriya” toplayan gözəllik yarışmaları təhsilimizə də sirayət edib. Təhsil Nazirliyinin həftə səkkiz, mən doqquz elan etdiyi müxtəlif müsabiqələr mənə unudulmaz klassikimiz Mirzə Ələkbər Sabirin artıq çoxları tərəfindən çoxdan bəri unudulmuş bir şeir parçasını xatırlatdı:

Beş deyil, on beş deyil, hər yan baxırsan, var madam,

Ev madam, mənzil madam, balkon madam, talvar madam,

Sirk madam, qəstin madam, pasaj madam, bulvar madam,

Müxtəsər, əqlim çaşıb, ey dad-bidad, Ərdəbil!

İndi də sabiranə desək, məktəb müsabiqə, direktor müsabiqə, müavin müsabiqə, müəllim müsabiqə, laborant müsabiqə ... və şagid də müsabiqə. Başqa sözlə, işə düzəlmək müsabiqə yolu ilə, vəzifəyə keçmək müsabiqə ilə, həvəsləndirmə, mükafatlandırma, rəğbətləndirmə, bir sözlə, hər yerdə və addımbaşı müsabiqə. Bircə cəzalandırmada müsabiqə “priyomu” tətbiq olunmur ki, o da yəqin təhsilimizdə müşahidə olunan “cəzasızlıq tendensiyası” ilə bağlı olan bir haldır. Son illərdə cəmi-cümlətanı beş-üç şəxs tutduğu vəzifəsindən azad olunub ki, onlar da “öz şəxsi ərizələrinə əsasən” kimi rəsmiləşdirilib.

Müsabiqələri gözdən və nüfuzdan salmaq niyyətindən uzağam. Həmişə müəllimlərimizin maddi və mənəvi stimulaşdırılmasının tərafdarı olmuşam, təhsilimizin uğurlarına sevinmişəm. Sözümün canı budur ki, yəni müsabiqələrin də bir vədəsi, təhəri, qədəri olmalıdır.

Sivil ölkələrdə müəllimlərin novatorluğunu, innovasiyalara meylliliyini üzə çıxarmağın, onların təcrübəsini yaymağın başqa üsullarından istifadə edilsə də, bizdə nədənsə nə belə müsabiqələrin keçirilməsinin üsulları, nə də onun şərtləri, elə bir etiraz doğurmur. Elə götürək müsabiqədə iştirak etmək üçün müraciət etmiş 296 müəllimdən 131 nəfərinin bu günlərdə təşkilat komitəsi tərəfindən seçilib, növbəti mərhələyə buraxıldığı “Ən yaxşı müəllim” müsabiqəsini. Müsabiqənin şərtləri onun formal keçiriləcəyinə bəri başdan zəmanət verir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır.

Digər keyfiyyətlər bir yana. Bunu “azı beş il pedaqoji iş stajına malik olmalı” şərti üzərində anlamağa çalışaq. Burada ortaya çıxan ilk sual budur ki, müsabiqədə iştirak etmək üçün, azı beş il iş stajı tələbi hansı məntiqə uyğundur? Əgər üç il stajı olan gənc bir müəllim, yüksək göstəricilərə nail olubsa, tədris prosesində müasir təlim texnologiyalarından istifadə edibsə, şagirdləri ali məktəbə yüksək ballarla qəbul olunubsa, ona hansı əsasla demək olar ki, sən hələ iki il də gözləməlisən? Bu hüquq bərabərliyi prinsipinin pozulması deyilmi? Məgər biz bu müəllimi yüksək və məsul bir vəzifəyə təyin edirik? Sadəcə, əməyini rəğbətləndiririk, istedadını daha da inkişaf etdirməyə həvəsləndiririk. Elə isə, gəlin qəbul imtahanlarında 500 bal toplayanalara “Gələcəyin müəllimi”, 700 bal toplayanlara Prezident təqaüdləri verməyib, onlara da 5 illik staj tətbiq edək, muğam müsabiqələrində qalib olan 10-15 yaşlı istedadlı yeniyetməyə - sənin stajın çatmır - deyək.

Staj tələbinə cavab verməyən gənc istedadın günahı nədir ki, təcrübə mübadiləsi məqsədilə onu digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməyə göndərməyiblər və özünün də buna maddi və digər imkanları olmayıb. Məgər ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs demək, məşğələlər aparmaq, kiminsə arzu və istəyindən asılıdır? Yəni, bu vaxta qədər keçirilən müsabiqələrin yüzlərlə qalibi pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olub? Suallar çoxdur, məntiq isə birdir. Özündən asılı olmayan hər hansı göstəricini kiminsə qarşısına şərt kimi qoymaq, artıq iş göstəricisi yox, loru dildə desək, “işə lom qoymaq”dır.

Çünki şəffaflığa və obyektivliyə təminat verməyən bu kimi şərtlər müsabiqə iştirakçılarının maraqlarından daha çox, müsabiqə təşkilatçılarının korporativ maraqlarının təmin olunmasına xidmət edir və təşkilatçılara istənilən iştirakçını, istənilən mərhələdə müsabiqədən kənarlaşdırmaq imkanı verir.

Digər bir müsabiqəyə cəlb olunan şəhər və kənd məktəblərinə də nisbətən fərqli, lakin eyni xarakterli şərtlər tətbiq etməklə, “Ən yaxşı məktəb” seçmək üsulu da məntiqə uyğun olmayıb, heç cür obyektivliyə söykənə bilməz.

Müsabiqə yolu ilə üç aylıq təlimlərə cəlb edib namizədlər müəyyənləşdirmək, daha sonra yeni müsabiqə keçirib, namizədlərdən məktəb direktorluğuna yeni namizədlər seçməyin hər hansı bir effekt verəcəyinə ümid bəsləmək isə, sadəcə olaraq sadəlövhlükdən başqa bir şey deyildir.

Adi laborantı dəbə mindirib, laborantlar məni bağışlasın, rus demiş, “kakoy-nibud” laborant ştatına namizədin də “yüksək ranqlı” komissiya səviyyəsində çoxpilləli və qəliz mərhələli müsabiqə yolu ilə işə götürməyin görəsən anlamı nədir? Sanki məktəblərimizin “geniş infrastruktura” malik “zəngin laboratoriyalarına” birdən işdir, təsadüfən müsabiqədən keçməyən, yüksək ixtisasa malik olmayan qeyrı-peşəkar və təcrübəsiz laborant təyin olunsa, qələvi turşu ilə, reostat kamertonla, amöb hidra ilə qarışıq salınar. Bəlkə yeni laborant təyinatının yeni mexanizmlərinin işlənib hazırlanmasına və müsabiqələrin keçirilməsinə sərf olunan müddətdə laboratoriyaların mövcud durumu ilə, laborantların iş-gücləri ilə maraqlanmaq daha səmərəli olardı?

Nəhayət, sadaladığımız müsabiqələr hələ yekunlaşmamış, elə bu günlərdəcə Təhsil Nazirliyi “Kiçik yaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı yeni müsabiqə elan edib. Müsabiqənin gələn ilin sonunda yekunlaşdırılması və qalib əsərlərin antologiya şəklində çap olunması nəzərdə tutulur. Topluya daxil olan əsərlərin sayı və müsabiqənin mükafat fondu da müəyyənləşib.

Elana əsasən müsabqənin keçirilməsində məqsəd kiçik yaşli məktəblilərə “mənəvi zənginlik”, “vətənpərvərlik”, “milli və ümumbəşəri dəyərlər”, “emosional və idraki keyfiyyətlər” aşılayan, onların “bədii zövqünün” inkişafinı şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Məqsəddən göründüyü kimi, müsabiqə kiçiklərdən daha çox böyüklərin “stimullaşdırılmasına” yönəldilib. Çünki adi dərslik oxumaqda problem yaşayan şagirdlərimizin haçansa qalib çıxıb, işıq üzü görəcək 2,5 çap vərəqi həcmində antologiyanı oxuyub “ümumbəşəri” və digər sadalanan keyfiyyətlərə yiyələnəcəyi heç də real görünmür. Bu müsabiqənin Yaziçılar İttifaqı tərəfindən keçirilməsi, Təhsil Nazirliyinin isə proqram və dərsliklərdə əlaqədar dəyişikliklər aparması daha ağlabatan olardı.

Məktəblərimizdə nəsr, nəzm və dram əsərlərinə aid müntəzəm olaraq imla, ifadə, inşa yazılarının keçirilməsi, buraxılış imtahanları blokuna yalnız qavramaya xidmət edən testlə yanaşı nitq mədəniyyətinin və yazı vərdişlərinin inkişafını təmin edə biləcək şifahi və yazılı imtahanlar salınması daha çox fayda verərdi. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə cəlb olunub Vətənin müdafiəsinə qalxan məzunlarımız da, adi ərizə yazmaq üçün çətinliklərlə üzləşməzdilər.

Hələ il başa çatmayıb. Növbəti illərdə isə daha hansı müsabiqələrin keçirələcəyi barədə yəqin ki, nazirlikdə indidən “intensiv” iş gedir.

Deyirəm, ola bilməzmi ki, müsabiqələrə bir az ara verib şərait yaradaq ki, müəllimlərimiz Təhsil Qanunu ilə təsbit edilmiş “təhsil proqramlarının mənimsənilməsini təmin etmək”, şagirdlərimiz isə “dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq” vəzifələri ilə məşğul olsunlar. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişləri mənimsəsinlər, ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazir olsunlar. Məktəblərimiz də bir az dərindən nəfəs alıb, diqqətlərini təhsilimizin əsas məqsədinə - “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirmək” missiyasına yönəldə bilsinlər.

Əhali sayının durmadan artması, ildən-ilə yeni məktəblərin və tədris korpuslarının istifadəyə verilməsi fonunda şagird kontingentinin kəskin azalması, təhsildən yayınmanın kütləviləşməsi, təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadr sayının real tələbatı təxminən iki dəfə üstələdiyi bir şəraitdə məktəblərimizdə minlərlə vakant iş yerinin yaranması, planlaşdırmanı balanslaşdırmaq üçün hamıya ucdantutma attestat verilməsi, ali məktəblərə qəbul balının ilbəil aşağı salınması, bəzı ixtisaslara imtahansız qəbul keçirilməsi, biliyin deyil, diplomun həlledici olması barədə təsəvvürlərin getdikcə aktuallaşması, bunun nəticəsi kimi bütövlükdə elmə və təhsilə marağın azalması və digər bu kimi tənəzzül faktlarının hər hansı bir şəkildə olsa belə izahını verən varmı?

Niyə məktəb mühitini dağıdıb, proqram və dərsliklərimizi yararsız hala salıb, sonra isə bilavasitə tədris prosesində formalaşdırılmalı olan keyfiyyətlərin aşılanması üçün digər vasitələr axtarırıq, müsabiqələrə, kurslara, təlimlərə, antologiyalara, toplulara pənah aparırıq? Bəlkə, zəmanə dəyişib. Elə isə, zəmanəni dəyişən də bizik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar