“Azərbaycanlı iş adamlarını Əfqanıstana çağırıram” - Əfqanıstan baş nazirinin azərbaycanlı jurnalistə MÜSAHİBƏSİ

Doktor Abdullah Abdullah: “Prezident İlham Əliyevin apardığı xarici siyasəti yaxından izləyirik”

Onunla görüşmək arzumu Əfqanıstanda keçirilən seçkilər ərəfəsində bildirmişdim. Seçkilər başa çatdıqdan sonra görüşəcəyimizə söz verdi və şəxsi dəvəti ilə bu günlərdə Əfqanıstana səfər etdim. Əfqanıstanın yeni seçilmiş icra rəisi, bəzən isə baş nazir kimi təqdim edilən doktor Abdullah Abdullah öz karyerasında addım-adım irəliləyərək, 2001-2005-ci illərdə xarici işlər naziri vəzifəsini tutub, iki dəfə prezidentliyə namizəd olub.

Görüşümüz bir zamanlar "Pəncşir Aslanı" kimi tanınan Şimal İttifaqı lideri və əfsanəvi komandir rəhmətlik Əhməd Şah Məsudun sarayında, hazırda cənab Abdullaha məxsus rezidensiyada baş tutdu.

Xatırladım ki, ilk dəfədir Əfqanıstan rəsmisi Azərbaycan KİV-nə müsahibə verir.

- Yaxşı olar özünüz deyəsiniz, doktor Abdullah Abdullah kimdir?

- Doktor Abdullah Abdullah Kabulda doğulmuş, Kabul Universitetinin oftomoloq fakültəsini bitirmiş, bir müddət göz həkimi kimi fəaliyyət göstərən, sonralar siyasətə gələn və müxtəlif vəzifələrdə çalışan, hazırda bu ölkənin icra rəisi olan bəndəniz.

- Göz həkiminin siyasətə marağı haradan yarandı və siyasətə niyə gəldi?

- Düzdür, tibb məzunu oldum. Öz peşəmi də sevirdim. Amma siyasətlə yaxından maraqlandığım üçün siyasətə sevgim yarandı. Beləliklə, siyasətə qoşuldum. O zaman sovet qoşunları Əfqanıstana daxil olanda həkim kimi çalışırdım. Mən ölkəmi çox sevirəm və vətənimə bağlı bir insanam. Xalqıma yaxından xidmət göstərmək vəzifə borcum idi və bunu ürəkdən həyata keçirirdim. O dövrdə bir il Pakistanda həkim kimi çalışdım. Əfqanıstana döndükdən sonra da peşə fəaliyyətimi davam etdirdim. Əhməd şah Məsud ilə birlikdə işləyib ona xidmət göstərdim.

- Amma deyirlər siyasətlə maraqlanmağınız, Əhməd şah Məsuda qoşulmağınız onunla yaxın dost olmağınızla bağlı olub...

- Bir az əvvəl dediyim kimi, siyasətlə maraqlanırdım. Sovet qoşunları Əfqanıstana girmişdi və bu ölkənin övladı olaraq işğalı qəbul edə bilməzdim. Vətənimi çətin durumda buraxa bilməzdim. Əfqanıstana qayıtdım və mücahidlərə qoşulub yadelli işğalçılara qarşı mübarizə apardım.

- Eks-prezident Bürhanəddin Rəbbani ilə necə tanış oldunuz? Onun hakimiyyəti dövründə XİN-də təmsil olunmusunuz.

- Rəbbani bizim böyüyümüz, rəhbərimiz idi. Pakistanda olanda onun barədə çox eşitmişdim, adını duymuşdum. Pakistana 1984-cü ildə getmişdim. Sonradan bura gəldim, onunla tanış oldum və beləliklə birlikdə işləməli olduq.

- Həm 2009-da, həm də 2014-cü ildə prezident seçkilərinə qatıldınız, amma hər iki seçkilərdə səsvermə zamanı ikinci yerdə qərarlaşdınız. Kifayət qədər nüfuzlu bir namizəd niyə səsvermənin nəticələrində ikinci yerdə qərarlaşdı?

- 2009-cu ildə keçirilmiş seçkilərdə hər kəs bizim tərəfimizdə idi. Hamı bizi dəstəkləyirdi və bunun nəticəsi olaraq çox səs toplamışdıq. Amma nəsə olmadı, alınmadı. Yenidən seçkilərə qatıldıq. Əfqanıstanda hər şeyin eyni, bərabər olmasını istəyirik. Biz məhz əl-ələ verib dövlət, xalq üçün işləməliyik. Dövlətin sabitliyi, millətin firavanlığı mənim üçün hər şeydən önəmlidir.

- Əfqanıstan tarixində ilk dəfə icra rəisi postu yaradıldı və siz bu vəzifəyə təyin olundunuz. Bəzən buna baş nazir vəzifəsi də deyilir. Bu seçkilərdə Əşrəf Qəni ilə ciddi mübarizə apardınız, 3 ay davam edən siyasi böhrandan sonra bir araya gələrək milli birlik hökuməti yaradaraq, hakimiyyətin bölüşdürülməsinə razılıq verdiniz. Əgər razılığa gəlinməsəydi, nələr baş verə bilərdi?

- Bildiyiniz kimi, müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışmışam. Ən sonunda bu vəzifənin başına keçdim. Sualınızın son bəndinə gəlincə, Əfqanıstan üçün bir araya gəlinməliydi. Qonşu Pakistan bizim bir olub, birlikdə olmağımızı, birgə fəaliyyət göstərməyimizi istəmirdi. Buna görə də hakimiyyətin bölüşdürülməsinə razılıq verdik. Pakistanın adını çox da hallandırmaq istəməzdim. Amma bizim bərabər çalışıb, birlikdə olmağımızı istəməyənlər vardı. Əslində bir araya gəlməyimiz çox yaxşı haldır. Xalq bizdən çox şey gözləyir. Onların dəstəyi, verdiyi səsin müqabilində bu yerdəyik. Çalışacağıq ki xalqın bizə verdiyi etimadı doğruldaq və Əfqanıstan xalqına firavan həyat bəxş edək.

- Uzun illər davam edən müharibələr, hərbi əməliyyatlar Əfqanıstan üçün ağır sosial, iqtisadi problemlər yaradıb. Uşaq ölüm sayı yüksəkdir, təhsil də aşağı səviyyədədi, əhalinin sayı durmadan azalır və s. Hökumətin iqtisadi inkişaf, islahatlar proqramı varmı?

- Əfqanıstanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün çox vaxt sərf etməliyik. Bunun üçün çox vaxt tələb olunur. Sadaladığınız problemlərdən xəbərdarıq, bu sahələrdə problem olduğunu bilirik. Getdikcə bunları aradan qaldırmağa çalışırıq. Bizim hər şeyimiz var. Qazımız, mədənimiz, mərmərimiz və s. Bunları yerin altdan çıxarmaq lazımdır, iqtisadi sahədə inkişafı artırmalıyıq. Bunları ortaya çıxarmaq üçün vaxt lazımıdır. Məhz biz ölkəni çətin vəziyyətdən çıxarmaq, iqtisadiyyatı inkişaf etdirmək üçün çalışırıq.

- Ötən əsrin 60-70-ci illərinin modern, sabit, təhlükəsiz, mədəni, azad Əfqanıstanının yenidən o zamankı dövrünü geri qaytarmaq mümkündürmü? Bunun üçün nə qədər vaxt tələb olunur?

- Bunu etmək, ölkənin iqtisadiyyatını gücləndirmək üçün bizim tək gücümüz yetməz. Bizə xarici ölkələrin, sərmayəçilərin gəlib yardım etməsi lazımdır. Onlar da faydalansın, fayda götürsün, bizi də faydalandırsınlar.

- Bu günlərdə ABŞ-la Əfqanıstan arasında Amerika hərbçilərinin 2015-ci ilədək ölkədə qalmasını nizamlayan Saziş imzalandı. Onun ardınca isə ABŞ KİV-i prezident Obamanın Əfqanıstanda hərbi iştirakı genişləndirilməsi ilə bağlı gizli əmr imzaladığı barədə xəbər yaydı. İndiki durumda Əfqanıstan ordusu özü ölkədə vəziyyətə nəzarət etməyə hazırdırmı?

- ABŞ 2014-cü ildə bura hərbçilər göndərdi. Amma bizə 2 il də yardım edəcək, ölkədə qalacaqlar. Onların hazırda burada qalmasına, bizə yardım etməyinə ehtiyac var. O zaman qədər ki biz özümüz ölkədə vəziyyətə nəzarət edə bilək, özümüz güclənək.

- Cənab Abdullah, Taliban rejiminin məğlub edilməsindən 13 il ötür. Bununla belə, taliblər yenə Əfqanıstanda əsas fiqurlardan biri olaraq qalırlar. Necə düşünürsünüz, taliblərin obrazlı ifadə etsək, belə populyarlığının, dəstək almasının səbəbi nədir? Xarici dəstəkmi, yoxsa onların irəli sürdüyü ideyalarmı?

- Nə hakimiyyətdə olanda, nə də indi insanlar Talibanı istəyib. Amma onları məğlub etməyə xalqın gücü də yox idi. ABŞ ordusu bizə yardıma gəldi və Taliban hakimiyyəti devrildi. Onlar ölkədən qovuldu. Onu da deyim ki Talibanın bəzi üzvləri dövlətin tərəfinə keçdi, hakimiyyətlə bərabər oldular.

- Burda olduğum ilk günü iki terror hadisəsi baş verdi, buna nə deyirsiniz?

- Onu deyə bilərəm ki, onların liderləri Pakistandadır, burada sadəcə təfərdaşları qalıb, onlar da şəhərdən uzaqdadırlar. Yardımı, dəstəyi, təlimi də Pakistandan alırlar.

- İsrail “Forbes”inin versiyasına görə, “İraq Şam İslam Dövləti” (İŞİD) illik gəliri 2 milyard dollar olmaqla dünyada ən varlı terror qrupu siyahısına başçılıq edir. Dördüncü yerdə Əfqanıstanın “Taliban” təşkilatı qərar tutur. Sizdə bu barədə məlumat varmı və Talibanın varidatı nə qədərdir?

- Bu barədə heç nə deyə bilmərəm. Amma onların pulu var. Əsasən ölkə xaricindən yardım alırlar. Həmçinin, Əfqanıstanın fərqli bölgələrindən onlara pul, yardım göndərilir.

- Əfqanıstanda sabitlik, iqtisadi inkişaf, tərəqqi üçün ən böyük təhlükə və təhdid narkotik istehsalı və narkomafiyadır. Qeyri-rəsmi məlumatlara görə, Əfqanıstanda ildə 380 ton heroin istehsal olunur. Bunun 105 tonu İrana, ordan da xaricə ötürülür. Yaxın illərdə vəziyyəti müsbətə doğru dəyişmək mümkün olacaqmı? Ekspertlər qeyd edir ki, Əfqanıstanın herion istehsalının əsas mərkəzinə çevrilməsində böyük dövlətlər, qlobal maliyyə qrupları da maraqlıdır. Bu fikirlər nə dərəcədə doğrudur? Doğrudanmı, Əfqanıstanda baş verənlərin kökündə qlobal güclərin ölkənin əsas heroin istehsalçısı kimi qalması marağı durur?

- Bir neçə il əvvəl belə bir şey vardı, indi belə bir şey yoxdur, vəziyyət dəyişib. Əgər varsa da, bunun dövlətlə, hökumətlə heç bir əlaqəsi yoxdur, gizlin şəkildə edirlər. Dövlət buna qətiyyətlə izn verməz və şərait yaratmaz. Bu mümkün deyil.

- Əfqanıstan həmçinin geosiyasi planda dünyanın diqqətçəkən bölgələrindəndir. Ölkənizin unikal geostrateji mövqeyi var. O İranla, iki nüvə ölkəsi Pakistan və Çinlə həmsərhəddir, eyni zamanda MDB-nin Cənub cinahında yerləşir. Ekspertlərin fikrincə, Əfqanıstana nəzarət etmək belə həssas geosiyasi məkanda böyük üstünlüklər verir. Məhz buna görə Əfqanıstan hər zaman xarici müdaxilələrin obyekti olub. Elə son 35 ildə müharibələrin arasının kəsilməməsinin əsas səbəblərindən biri budur...

- Onu demək istərdim ki, İranla münasibətlərimiz yüksək səviyyədədir. Qonşu Pakistana gəlincə, bu ölkəylə də münasibətlərimizi yaxşı səviyyəyə qaldırmaq istəyirik. Amma Talibanla bağlı məsələlərdə onlarla yaxşı dost ola bilmirik. Buna səbəb Talibandır.

- Cənab Abdullah, Azərbaycan-Əfqanıstan arasındakı hazırkı münasibətlərin səviyyəsi sizi qane edirmi?

- Azərbaycan bizim ən yaxın dostlarımızdandır. Münasibətlərimizi daha da yüksək səviyyədə olmasını istəyirik. Sabah (Müsahibə Əfqanıstan rəhbərliyinin ölkəmizə səfər etmədən bir gün əvvəl götürülüb - L.S.) prezident Əşrəf Qəni başda olmaqla digər rəsmilərlə Azərbaycana qısa müddətli səfərə yola düşürük. Dostluq çərçivəsində bir görüşümüz olacaq. İnanıram ki bu səfər hər iki ölkə üçün də faydalı olacaq. Əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaq. Biz hər zaman Azərbaycanı özümüzə, dost, qardaş ölkə bilmişik. Prezident İlham Əliyevin apardığı xarici siyasəti yaxından izləyirik.

- Bəs iki ölkə arasındakı iqtisadi əlaqələr barədə nə deyə bilərsiniz, bu sahədə əlaqələrimiz mövcuddurmu?

- Azərbaycanlı iş adamlarının Əfqanıstana gəlib iş qurmalarını çox istəyirik. Fabrik, zavodlar qurub, yeni iş yerlərinin açılmasını arzu edirik. Bu günə kimi olmadı, amma bundan sonra olmasını, gəlmələrini istəyirik.

- Azərbaycan iş adamlarını ölkənizə sərmayə qoymağa, iş qurmağa dəvət edərsiniz. Onlar burada nə edə biləcək, hansı işlərə sərmayə qoya bilər? Onların təhlükəsizliyinə nə qədər təminat verə bilərsiniz?

- Onlar gəlsin, ticarət məsələləri ilə bağlı görüşdə bu təhlükəsizlik məsələsini danışarıq.

- Əfqanıstanın Azərbaycandakı səfiri vaxtından əvvəl geri çağrıldı. Hələ də səfir yeri boş qalıb. Yeni səfir nə zaman gələcək?

- Bu barədə hələ heç nə deyə bilmərəm. Zamanı gəlincə təyin olunacaqdır.

Laçın SƏMLA

Bakı-Kabul-Bakı

P.S. Dəvətə və yüksək qonaqpərvərliyinə görə cənab dr. Abdullah Abdullaha, Əfqanıstanın Azərbayandakı konsulu Yaqubi Muhəmməd Əminə, təhlükəsizliyimin təminatına kömək edən şəxslərə təşəkkür edirəm.

(Modern.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar