"Azərbaycan xalqının demokratiyaya hazır olduğunu gördüm" - Metyu Brayza

ABŞ-la Azərbaycan arasında münasibətlərdə yeni soyuqluq yaşanır. Rəsmi Vaşinqtonun 9 oktyabr seçkilərinə dair tənqidi rəyi Azərbaycan hakimiyyətini qəzəbləndirib.

Prezident Barak Obamanın İlham Əliyevə seçkilərdən bir ay sonra göndərdiyi təbrik məktubuna baxmayaraq tərəflərin münasibətlərinin istiləşdiyi haqda danışmaq tezdir.

Belə bir vaxtda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza CNN-ə göndərdiyi məktubda problemlərə baxmayaraq Vaşinqtonu mühüm tərəfdaşının üstündən xətt çəkməməyə, islahatlar, enerji, təhlükəsizlik və digər sahələrdə birgə işləməyi davam etdirməyə çağırıb.

Bu məktubla yenidən gündəmə gələn M.Brayza virtualaz.org saytınının əməkdaşının suallarını cavablandırıb:

- Cənab Brayza, Azərbaycanda prezident seçkilərindən sonra ölkələrimiz arasında hansısa soyuqluq müşahidə olunur. Bu barədə nə deyərdiniz?

- Mən bu günlərdə Vaşinqtondan İstanbula qayıtmışam və açıq deməliyəm ki, heç də belə soyuqluq müşahidə etmədim. Bəli, ABŞ seçkiləri tənqid etdi, lakin tənqid həmişə olub. Bunu soyuqlaşma adlandıra bilmərəm. ABŞ hökumətinə gəldikdə isə mən onu deməliyəm ki, prezident Obamanın administrasiyası Azərbaycanın regionda strateji əhəmiyyətini anlayır. Və seçkilərdən sonra İlham Əliyevə göndərilmiş məktub bunun növbəti təsdiqidir.

- ABŞ, məsələn, Latın Amerikası ölkələrinə, hətta Qazaxıstana münasibətdə demokratiya ilə bağlı belə tələbkar deyil. Azərbaycana gəldikdə isə Vaşinqton həmişə tənqidi yanaşır...

- Sizin ABŞ-ın siyasətinə dair təsəvvürləriniz düzgün deyil. Bilirsiniz ki, demokratiya və insan haqları bizim dəyərlərimizdir. Biz bu dəyərləri çox qiymətləndiririk və arzu edirik ki, partnyorlarımız da bu dəyərlərə hörmət etsinlər.

ABŞ bütün ölkələrlə, o cümlədən Qazaxıstanla münasibətlərində daim onların öhdəliklərini xatırladır. Bizim Azərbaycanla tərəfdaşlığımız üç prinsip üzərində qurulub: demokratiya, energetika və təhlükəsizlik. Biz heç vaxt demokratiyanı neft və energetika maraqlarına qurban vermirik. Bizim üçün hər üç istiqamət mühümdür və Azərbaycanla bu istiqamətlərdə işləməkdə davam edirik. Xüsusən də ona görə ki, mən Azərbaycanda işləyəndə sizin xalqınızın demokratiyaya hazır olduğunu gördüm.

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu yaxınlarda bəyan etdi ki, ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar Azərbaycan hakimiyyətindən müxalifət namizədinə 25 faiz səs yazmağı istəyib. ABŞ-la Bakı arasında belə alver mümkündürmü?

- Siz nə danışırsınız? Bu, istisnadır. Heç vaxt heç bir Amerika diplomatı dünyanın heç bir ölkəsində bu haqda danışmaz. Əgər biz bütün dünyaya demokratiyanı və qanunun aliliyini təbliğ ediriksə, özümüz bu prinsipləri necə poza bilərik?

Ona görə də istənilən bu cür fikirlərin əsası yoxdur. Cənab Morninqstar diplomatiyada birinci il işləmir və o, heç vaxt belə şey danışa bilməz. Mən də səfir olanda Azərbaycan rəhbərliyi qarşısına demokratiya məsələsini həmişə qaldırırdım. Ola bilsin amerikalı diplomatlardan kimsə deyə bilər ki, onların məlumatlarına görə, müxalifətdən olan namizəd 25 faiz səs ala bilər. Lakin bu rəqəmi hansısa namizədin adına yazmağı tələb etmək?! Bu, sadəcə olaraq mümkün deyil.

- Siz necə düşünürsünüz, Azərbaycan hakimiyyətinə qarşı daha çox tənqidi mövqedə olanlar harada oturublar: Dövlət Departamentində, yoxsa Ağ Evdə?

- (gülür) Azərbaycan ABŞ-ın dostudur və biz ona öz tərəfdaşımız kimi baxırıq. Bizim ölkənin xarici siyasətini prezident və Dövlət Departamenti həyata keçirir. Və bizim mövqelərimiz heç vaxt fərqlənmir. ABŞ ancaq Azərbaycanın çiçəklənməsini və rifahını istəyir.

- Adətən ABŞ-ın Bakıdakı səfirləri öz postlarını tərk edəndən sonra Azərbaycanla bağlı şirkətlərdə işləyirlər. Budur, siz özünüz də ARDNŞ-in Türkiyədəki şirkətlərinin birində işləyirsiniz. O zaman belə demək olarmı ki, siz Azərbaycanın lobbiçisinə çevrilmisiniz?

- Sizin informasiyanız doğru deyil. Mən “Turcas” şirkətində işləyirəm, bu şirkət isə ARDNŞ (SOCAR), RWE və OMV ilə bir konsorsiuma daxildir. “Turcas” Türkiyə kapitalı ilə işləyən şirkətdir və SOCAR-ın ona heç bir dəxli yoxdur.

- Xüsusən də Azərbaycanın prezidentinin Ukraynaya son səfəri ilə bağlı bir çox analitiklər hesab edir ki, Bakı və Kiyev onları Gömrük İttifaqına çəkməyə çalışan Moskvanın təzyiqlərinə qarşı birgə müqavimət göstərməyə çalışır. Necə hesab edirsiniz, Bakı Moskvanın təzyiqlərinə davam gətirə biləcəkmi?

- Azərbaycan güclü ölkədir və o, 20 ildən artıqdır ki, Qərblə inteqrasiya yolunu seçib. Mən hesab etmirəm ki, Bakı öz mövqeyini dəyişəcək. Axı Azərbaycan son illərdə böyük inkişafa nail olub və bütün bunlar Qərblə birgə enerji layihələri sayəsində baş verib. Biz Azərbaycana ancaq məsləhət verə bilərik. Lakin müstəqil dövlət olaraq bütün qərarlarını özü verir. Biz arzu edirik ki, Azərbaycan həmişə demokratik və inişaf edən ölkə olsun. Buna kömək etməyə həmişə hazırıq.

- Bəs İlham Əliyevlə Serj Sərkisyan arasında danışıqları necə qiymətləndirirsiniz?

- Mən bu görüşə çox müsbət yanaşıram. Əvvəlcədən bu görüşdən hansısa nəticə gözləmirdim, ancaq görüş faktının özü və dövlət başçılarının uzun fasilədən sonra bir araya gəlməsi sevindiricidir. Bu məsələdə tərəflər arasında etimad mühitinin yaradılması əsasdır. Mən ümid edirəm ki, prezidentlər arasında danışıqlar sülh prosesinə müsbət təsir edəcək.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar