SƏFƏR ƏBİYEVİN «BÖYÜK XƏYANƏTİ» - “Vaşinqton görüşləri” – Sensasiyalı məlumatlar

Müdafiə naziri Vaşinqton səfərindən hansı öhdəliklərlə qayıdıbmış?

9 oktyabr prezident seçkilərindən sonra ölkənin ictimai-siyasi həyatında ciddi dəyişikliklərin olacağına dair səslənən proqnozlar özünü doğrultmadı. Köhnə komanda köhnə qaydalarla ölkəni idarə etməkdə davam edir. Bu da səbəbsiz deyil.

Məsələ ondadır ki, dəyişikliyi proqnozlaşdıranlar 9 oktyabrda seçkinin tamamilə yeni qaydada keçiriləcəyinə, səslərin nisbətinin xalqın iradəsinə yaxın əks olunacağına, beləliklə də seçilmiş prezidentin yalnız xalqa borclu olacağına ümid edirdilər. Bu halda, ən müxtəlif səbəblərdən dəyişiklik ehtimalı az olduğundan, İlham Əliyevin inandırıcı səs faizi ilə qalib gələrək və məhz xalqın dəstəyini arxasına alaraq, ciddi siyasi-iqtisadi islahatlar həyata keçirəcəyinə inam var idi. Yəni hakim komandada ciddi islahatların aparılacağına dair proqnozlar İlham Əliyevin 3-cü müddətə prezidentliyini “abırlı seçkilər” nəticəsində rəsmiləşdirəcəyi ehtimalına əsaslanırdı.

Ancaq bütün gözləntilərin və optimist proqnozların əksinə olaraq, 9 oktyabrda da seçkini ənənəvi komanda ənənəvi üsullarla keçirdi. Həm də sanki qəsdən bu dəfə saxtakarlığı o qədər açıq və o qədər total şəkildə etdilər ki, beynəlxalq ictimaiyyət ilk dəfə olaraq, Azərbaycanda keçirilən seçkinin nəticələrini faktiki tanımadı. Fikrimizcə, bu da bilərəkdən edildi. Çünki bu cür total saxtakarlıq edilməsəydi belə, İlham Əliyev az fərqlə olsa da seçkini udacaqdı (Bunun en qədər səbəbi var). Və təbii ki, bu zaman hakim komandadan heç bir asılılığı qalmayacaq, ciddi islahatlar apara biləcəkdi. Qərbin ondan gözləntisi də bu idi - oliqarxiyanın hakimiyyətinə son qoymaq (bu haqda başqa yazımız olacaq-müəl.)!

Ancaq seçkinin total şəkildə saxtalaşdırılması, bir tərəfdən İlham Əliyevin əlindən xalqın dəstəyi ilə prezident olduğu arqumentini aldı, onu Qərblə üz-üzə qoydu, digər tərəfdən də komandada ciddi dəyişikliklər etmək imkanlarını yenidən məhdudlaşdırdı.

Və nəticədə 9 oktyabrdan sonra ölkənin idarəçiliyində ciddi bir dəyişiklik baş vermədi. Hətta 78 yaşlı xəstə baş nazir belə yerində qaldı.

Belə bir şəraitdə mövcud hakimiyyətin ilk günlərindən ölkənin müdafiə naziri postunda oturan Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılması təəccüb doğurmaya bilməzdi. Nə oldu ki, demək olar bütün komanda yerində qaldı, vaxtilə Heydər Əliyevin ən etibarlı kadrlarından sayılan Səfər Əbiyev istefaya göndərildi?

Əlbəttə, bunu obyektiv səbəblərlə - ictimaiyyətin orduda baş verənlərdən narazılığı, Müdafiə Nazirliyi sistemində korrupsiyanın olması, Səfər Əbiyevin uzun illər eyni postda oturması və sair bu kimi məsələrlə bağlamaq olmaz.

Belə məsələrə qalsa bu gün postunu qoruyan nazirlərin əksəriyyəti gərək istefaya göndəriləydi. Məsələn nə vergidən, nə gömrükdən, nə də nəqliyyatdan olan narazılıq, nə də bu sektorlarda olan korrupsiya Müdafiə Nazirliyi sistemindən az deyil.

Bu dəyişikliyi Səfər Əbiyevin fəaliyyətsizliyi ilə də əlaqələndirmək düzgün deyil. Ən azı ona görə ki, mövcud hakimiyyətin son illər ən çox qürrələndiyi məsələ Azərbaycanda Cənubi Qafqazın ən güclü ordusunun yaradılmasıdır. Məntiqlə bu siyasətin icrasının başında duran bir şəxs fəaliyyətsizlikdə ittiham oluna bilməz.

Deməli Səfər Əbiyevin vəzifədən götürülməsi subyektiv səbəblərlə bağlıdır. Bu zaman ilk ehtimal olunan məsələ, təbii ki, Əbiyevin “qələminin” hakimiyyət daxilindəki qruplaşmalardan birinin ciddi səyi nəticəsində qırılmasıdr.

Sirr deyil ki, artıq xeyli müddət idi sabiq müdafiə naziri hakimiyyətdəki ən güclü qruplaşmanın - «Naxçıvan klanı»nın hədəfində idi. İkinci güclü qruplaşma – “Paşayevlər” isə aktiv əleyhdarı olmasa da, Əbiyevi himayə etmir, əksinə yerinə öz adamını gətirməyə çalışırdı.

Əbiyevi qoruyan yeganə faktor prezidentin ona etimadı idi ki, sonda bunun da qırılmasına nail ola bildilər. Bu haqda «AzPolitika.info»-ya daxil olan olduqca ilginc məlumatlara toxunmazdan öncə, «Naxçıvan klanı»nın Əbiyevlə düşmənçiliyini göstərən bəzi detalları qısaca xatırlatmaq istərdik. Hansı ki, bunlardan bəziləri haqda saytımızda məlumat verilib, bəzilərini isə ilk dəfə bu yazıda oxuyacaqsız.

Diqqətli oxuclar xatırlayar, ölkədə bir şəxsin ardıcıl 3 dəfə prezident olmasını əngəlləyən Konstitusiyanın müvafiq maddəsini dəyişdirmək üçün keçirilən referendumdan bir qədər sonra - 2009-su ilin payızından Müdafiə Nazirliyinə, onun rəhbərliyinə qarşı sanki GİZLİ BİR ƏL tərəfindən idarə olunan kampaniya başladı. Bu kampaniyada hakimiyyətin nəzarətində olan (həm iqtidaryönlü, həm də müxalifyönlü) mətbuatdan, QHT-lərdən tutmuş, təlimatsız bircə kəlmə danışmayan deputatlara qədər, geniş bir çevrə həvəslə iştirak edirdi. 2011-ci ilin sonları - 2012-ci ilin əvvəllərindən bu kampaniya daha geniş, daha ardıcıl və mütəşəkkil xarakter aldı.

Azərbaycan tarixində ilk dəfə olaraq bir nazirin istefası tələbilə şəhərin mərkəzində bir-neçə aksiya keçirildi. Daha qəribəsi isə o oldu ki, polis bu aksiyalara ciddi müdaxilə etmədi. Yalnz aksiya baş tutduqdan, izdiham alındıqdan sonra hadisələri daha da dramatikləşdirmək üçün iştirakçılara qarşı müəyyən zorakılıqlara yol verildi.

Hadisələrin bu cür inkişafı prosesin arxasında olan qüvvələrin, onları idarə edən GİZLİ ƏLİN aşkara çıxmasına səbəb oldu. Xüsusən də, şəhərin mərkəzində keçirilən anti-Əbiyev mitinqlərinin «Naxçıvan klanı» tərəfindən təşkil olunduğu, mitinq iştirakçılarının əhəmiyyətli hissəsinin Sədərək bazarından, hətta Naxçıvandan gətirildiyinə dair konkret faktlara əsaslanan məlumatlar ortaya çıxdı.

«AzPolitika.info» hələ həmin vaxt hökumətə yaxın mənbəyə istinadən bu faktların Səfər Əbiyev tərəfindən toplanaraq prezident İlham Əliyevə təqdim olunduğu bildirmişdi. Həmin məlumatda bildirilirdi ki, Prezident nazirə məsələ ilə məşğul olacağını deyib və «narahat olmamağı» məsləhət görüb. Hadisələrin bu cür inkişafı haqda Səfər Əbiyev izdihamlı aksiyalardan təxminən 20 gün sonraya təsadüf edən ad günü ziyafətində yaxın ətrafına da danışmış, hətta Ramiz Mehdiyevin arxasınca kobud ifadələr də işlətmişdi.

Maraqlıdır ki, həmin vaxtdan sonra Səfər Əbiyevə qarşı hücumlar birdən-birə dayandı...

Bu məlumat ona dəlalət edirdi ki, Əbiyev ona qarşı hücumları idarə edən GİZLİ ƏLİN Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğuna əmin idi.

Ancaq Mehdiyevin sabiq nazirlə münasibətlərinin bu səviyyədə gərginləşməsinin səbəbləri barədə dəqiq məlumatlar yoxdur. Halbuki, mötəbər bir şəxsin «AzPolitika.info»ya verdiyi bilgiyə görə, uzun illər onların münasibətləri çox yaxın olub. Hakimiyyətdəki həmkarları ilə həmişə məsafəli davranan Əbiyev mərhum prezident Heydər Əliyevdən sonra məhz Mehdiyevi özünün ağsaqqalı və himayəçisi hesab edirmiş.

Bu baxımdan onların münasibətlərinin sonradan belə pisləşməsini, hətta az qala düşmənçilik səviyyəsinə çıxmasını çoxları təəcüblə qarşılayıb.

Tam dəqiq olmasa da, hakimiyyətə yaxın mənbəmiz Ramiz Mehdiyevin Əbiyevlə münasibətlərinin sonradan pisləşməsinin, hətta açıq qarşıdurmaya çevrilməsinin səbəbi kimi ikincinin NATO generalları ilə yaxın münasibətlər qurması, Qərbin Bakıdakı etibarlı adamlarından birinə çevrilməsi ilə bağlı olduğunu düşünür. Ehtimal olunur ki, Əbiyevin hakimiyyət təmsilçilərindən daha çox NATO generalları ilə dostluq etməsi onunla bağlı şübhələr yaradıb. Bu şübhələrin əsaslı olub-olmadığını söyləmək, əlbəttə çətindir. Ancaq istisna deyil ki, mövcud rejimin qorunub saxlanılmasında xüsusi xidmətləri ölan Ramiz Mehdiyev, həlledici anda hakimiyyətə sədaqətli qalacağına tam əmin olmadığı şəxsin Ordunu başında qalmasını istəməyib. Başqa səbəblər də ola bilər...

Ancaq fakt odur ki, Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı» ilk fürsətdə müdafiə nazirinin dəyişməsinə çalışıb. Belə bir fürsət isə onların əlinə bu seçkidə düşüb.

Mötəbər mənbədən «AzPolitika.info»-ya verilən bilgiyə görə, bu fürsəti əslində Əbiyevin özü onlara verib. Belə k, Azəbaycanda dinc demokratik dəyişikliklərin baş verməsinə çalışan Qərb, xüsusən də ABŞ bu prosesin təminatçısı kimi ordunun çıxış etməsini istəyib. Elə bu məqsədlə də Əbiyevlə ciddi söhbətlər aparılıb.

Qeyd edək ki, Qərbdə 9 oktyabr prezident seçkilərinin Azərbacanda demokratik dəyişikliklərin başlanğıcı olacağına böyük ümid bəslənilib. Bu da təsadüfi olmayıb. Uzun müddət ən yüksək səviyyədə aparılan danışıqlardan (ABŞ dövlət katibinin Bakıya səfərini xatırlamaq kifayətdir) sonra prezident İlham Əliyevdən seçki prosesinə heç bir inzibati müdaxilə olmayacağına, seçki günü saxtalaşdırmaya yol verilməyəcəyinə dair təminat alınıb. Bu haqda saytımızda məlumat verdiyimizdən (bax: «İLAM ƏLİYEVİN BÖYÜK PLANI» adlı məqaləyə) təkrarlamaq istəmirik.

Elə seçkidən sonra ABŞ-ın sərt mövqe tutması da bu təminatın pozulması ilə bağlı olub. Nə isə, qayıdaq Əbiyevlə bağlı məsələyə...

Mənbənin sözlərinə görə, seçkiqabağı gözlənilən demokratikləşmə prosesinin təminatçısı rolunda çıxış etməsi nəzərdə tutulan ordu rəhbərliyi ilə qurulan təmaslar daha da artırılıb. Elə seçkilərə az qalmış Səfər Əbiyevin ABŞ-a dəvət olunması, orada yüksək səviyyədə qarşılanması da bununla bağlı olub. Razılaşaq ki, Azərbaycan kimi kiçik bir ölkənin təmsilçisinin ABŞ-n müdafiə naziri tərəfindən qarşılanması, şərəfinə fəxri qaravul düzülməsi sıradan bir hal deyildi...

Bizə verilən məlumata görə, ABŞ-dakı danışıqlarda əsas müzakirə mövzularından biri Azərbaycan Ordusunun demokratikləşmə prosesinin əsas təminatçısı kimi çıxış etməsi məsələsi olubdur. Belə ki, ABŞ-da Əbiyevin üzərinə lazım gələrsə İlham Əliyevi və ya YENİ SEÇİLƏN PREZİDENTİ MÜDAFİƏ ETMƏK öhdəliyi qoyulub. Sonradan Əbiyevə qarşı şübhə yaradan əsas arqument də məhz bu «YENİ SEÇİLƏN PREZİDENTİ MÜDAFİƏ ETMƏK» öhdəliyi olub.

Çox böyük ehtimalla, bu barədə Azərbaycan hakimiyyətini Rüsiya kəşfiyyatı məlumatlandırıb. Ya da hakimiyyətin şübhələrə qapılması üçün başqa səbəblər olub.

Ancaq fakt odur ki, Səfər Əbiyevin ABŞ-dakı danışıqları ona qarşı “xəyanət” ehtimallarına yol açıb və əleyhdarlarına əzici üstünlük qazandırıb.

Əbiyevin Vaşinqton səfərinin detallarından xəbər tutan və ya nədənsə şübhələnən «Köhnə qvardiya» buna əmin olmaq üçün, necə deyərlər, müəyyən testlər də keçirb. Seçkiyə az qalmış ordu daxilidə «İlham Əliyevi seçməsək müharibə başlayacaq» tezisi altında təbliğat aparmaq üçün xüsusi emisarlar göndərilib. Ancaq Əbiyev ordu daxilində belə təbliğatın yolverilməz olduğunu bildirərək, onları hərbi hissələrdən uzaqlaşdırıb.

Əbiyevin seçkidən az əvvəl ordu generallarının İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış etməsini təşkil etmək təklifindən də yayındığı bildirilir.

Əbiyev üçün bu testlər isə şübhələri daha da qüvvətləndirib və Prezidenti inandırmaq üçün onun əleyhdarlarına yeni arqumentlər qazandırıb.

9 oktyabrda bütün prosesi öz nəzarəti altına alan və gözlənilən demokatik dəyişiklikləri beşiyindəcə boğan «Köhnə qvardiya”nın seçkidən sonra ilk işi isə Əbiyevin cəzalandırılması oldu.

Əbiyevin ABŞ səfiri ilə söhbətinin ictimailəşdirilməsi, bütün diplomatik etiketlərin əleyhinə olaraq, onun adından bu söhbətin lentə alındığına dair bəyanatın verilməsi də heç şübhəsiz «cəzalandırmanın» bir elementi olub. Mənbə iddia edir ki, həmin bəyanat Prezident Administrasiyasında hazırlanıb və Səfər Əbiyevin adından yayılıb.

Bununla bir tərəfdən Əbiyevin NATO-da, Qərbdə olan nüfuzuna zərbə vuruldusa, digər tərəfdən ABŞ-a onun etimad etdiyi şəxsin dili ilə meydan oxundu...Əbiyevlə bağlı qərarı isə çox gözləmək lazım gəlmədi...

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar