Güldürüb, ağladan dünya

Nurəddin İSMAYIL

Faniliyini bilə-bilə bağlandıq hər keçidi tələ-tuzaq, ipləmə-saplama dünyaya. Həsəd apardıq, boylandıq, boy atdıq, təkəbbür göstərdik qazanında mum tək əridiyimiz dünyaya. İmkan birinin başını gicəlləndirdi, imksnsızlıq birini naşükür etdi, hərə bir cür naz satdı, hər kəsə məzar dünyaya. Satanı kim, alanı kim, satanı da, alanı da əsir oldu matahlarla dolu bazar dünyaya.

Dar dünyanı gen bildik, çalıb-capdıq sinəsində, bilmədik ölüm adlı nəsnə var çat verən künəsində. Qazdıq quyusunu dostun-aşnanın, bilmədik əvvəli gümək, sonu ağlamaqdır bu tamaşanın. Ey insan, haqq bildiyin haqdandır, bağlanmağın fani dünyaya, bil, nahaqdandır.

Güldürüb, ağladan dünya

Dərdi əkib içimizə,

çölümüzdən bizi

güldürən dünya.

Sığal çəkib başımıza,

göz yaşını özümüzə

sildirən dünya.

Şirini verər, açını kəsməz,

Layla deyər beşiyində,

içində qovrulduğumuz

sacını kəsməz.

Şöhrət verər ad verər,

Təndirində yapılmağa

ölüm adlı bad verər.

Vəfa qılma, vəfası yox,

Səfasından cəfası çox.

Gözəldir, çəkər ağuşuna,

Tutar onu sevənləri,

gölündə boğdurduğu

qəm yağışına.

İlmə atar, tor qurar,

Zəmisindən dənlədib,

samanını göyə sovdurar.

Qarı nənədir yaşı çox,

Anlayanı az, naşı çox.

Qaş-göz atar, naz satar,

Boylandırar damına,

eyvanından qaş çatar.

Küçəsi geniş, qəbri dar,

Anlamaz hikmətini,

kəmhövsələ, səbri dar.

Aldanma şeh düşən

gül üzünə,

Bax, astarından o tərəfə-

görünməyən üzünə.

Sorağını gəzdiyin

o üzündədir,

Saf sular bulağın gözündədir.

Burası bədən içində

ruha əzab yeri,

Qurtul əzablardan,

sən dünyanın

o üzünə sarı yeri.

Yeri ki, çıxsın bədəndən

can dincəlsin,

Can özgə, bədən özgə,

hərə öz mənzilində dincəlsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar