Cəmil Həsənli Vaşinqtonun gündəmində, Bakının hədəfində

Zəfər Quliyev: “Onun seçkidən qısa zaman sonra ABŞ-a dəvət edilməsi Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlığının göstəricisidir”

Birləşmiş Ştatlarda səfərdə olan Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli noyabrın 20-də paytaxt Vaşinqtonda görüşlərini davam etdirib.

Noyabrın 19-da professor C.Həsənli ABŞ Beynəlxalq İnkişaf Agentliyinin – USAID-nin Avropa və Asiya Bürosunun rəhbərinin müavini Aleksandr Peycin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. USAİD-nin Demokratiya və İdarəçilik üzrə rəhbəri Aleksander Sokolovskinin də iştirak etdiyi görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti və perspektivləri, siyasi məhbuslar, seçkilərdən sonra yaranmış vəziyyət və Milli Şuranın gələcəyi müzakirə mövzusu olub. Görüşdə USAID-nin Azərbaycanda fəaliyyəti və ölkədə mətbuatın durumu da müzakirə edilən məsələlər sırasında olub. Xəbəri “Amerikanın Səsi” radiosu yayıb.

Cəmil Həsənli noyabrın 14-dən Birləşmiş Ştatlardadır. O, Vaşinqtona Azərbaycan müxalifətinin lideri kimi dəvət edilib.

Noyabrın 19-da C.Həsənli Boston, Nyu-York və digər şəhərlərdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də bu şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə də görüş keçirib. Cəmil Həsənli tələbələri və icma nümayəndələrini dinləyib, onların çoxsaylı suallarına cavab verib.

Müxalifət liderinin noyabrın 19-da keçirdiyi sonuncu görüş ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçlə olub. “Amerikanın Səsi”nə açıqlamasında Cəmil Həsənli 2 saatdan artıq davam edən görüş zamanı ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında son zamanlar yaşanan olaylarla bağlı maraqlı müzakirələr aparıldığını bildirib. Cənab Həsənli R.Kozlariçə 9 oktyabr seçkiləri haqqında çıxışı zamanı Azərbaycandakı vəziyyəti obyektiv qiymətləndirdiyinə görə təşəkkür edib.

C.Həsənli ABŞ səfəri zamanı Konqresdə Azərbaycanla bağlı dinləmələrdə də iştirak edib, Qafqaz regionu üzrə bir sıra nüfuzlu fondların təmsilçiləri ilə görüşüb. C.Həsənlinin Birləşmiş Ştatlara səfəri noyabrın 23-də başa çatacaq.

C.Həsənlinin müxalifət lideri olaraq Birləşmiş Ştatlara ilk səfəri Bakıda da diqqətlə izlənməkdədir. Hakimiyyətə yaxın mediada gedən yazılardan aydın olur ki, bu səfər iqtidar düşərgəsində ciddi narahatlıq doğurmaqdadır. İqtidaryönlü media səfərin önəmini azaltmaq üçün çeşidli yollar aramaqdadır.

Mili Şuranın üzvü Zəfər Quliyev isə düşünür ki, iqtidarın Cəmil Həsənlinin səfərini hədəfə alması qısqanclıq göstəricisidir: “Hökumətə yaxın media, hətta bir qədər də geniş götürsək rəsmi dairələr seçki ərəfəsində də bu cür səfərlərə çox qeyri-ciddi yanaşırdılar. Çox zaman bu səfərlərin önəmini azaltmaq üçün tamamilə məntiqsiz müzakirələr aparılırdı. ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçirilərkən yadınıza gəlirsə, həmin mərasimdə Eldar Namazov, Erkin Qədirli iştirak edirdi. Azərbaycan hökumətinin çox sərt şəkildə tənqid olunduğu həmin dinləmələrdən sonra iqtidar həmin tədbiri mətbuat konfransı səviyyəsinə endirməyə çalışırdılar. Ancaq bu son dərəcə ciddi bir toplantı idi. Bu gün də YAP həmin yanaşmanı təkrar etməyə cəhd göstərir. Cəmil Həsənli ABŞ-a xüsusi dəvətlə çağırılıb, çox önəmli görüşlər keçirib. Bu səfərə qeyri-ciddi don geyindirmək bu edənlərin qeyri-ciddiliyindən xəbər verir. Dünya Azərbaycanda avtoritarizm meyllərinin artmasından narahatdır. Bu, birmənalıdır. ATƏT-in, eləcə də Dövlət Departamentinin 9 oktyabr seçkiləri ilə bağlı hesabatlarında Azərbaycanda demokratiyanın səviyyəsi ilə bağlı dəqiq qiymətləndirmə vardı. Cəmil Həsənlinin seçkidən qısa zaman sonra Vaşinqtona dəvət edilməsi Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlığının göstəricisidir. Məndə olan xəbərlərə görə, Cəmil Həsənlinin Vaşinqton səfəri çox uğurla davam edir, nüfuzlu dairələrlə görüşlər davam edir. Düşünürəm ki, bu görüşlər Azərbaycanda demokratiyanın bərqərar olması üçün son dərəcə vacibdir”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar