RUBLU SAXLAMAQ ÜÇÜN GÜNƏ 2 MİLYARD DOLLAR! - Rublla bağlı bədbin proqnoz

“Maliyyə bazarında Rusiya valyutasının məzənnəsini 1 rubl yüksəltmək üçün nə qədər dollar satmaq lazımdır?”

1995-1998-ci illərdə Rusiya Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsində işləmiş Sergey Aleksaşenko rublun sürətlə ucuzlaşmasından bəhs olunan maraqlı məqalə yazıb. Müəllif rublun dəyərdən düşməsinin qarşısını almağın çətin olacağını qeyd edib.

AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir:

"Maliyyə bazarında Rusiya valyutasının məzənnəsini 1 rubl yüksəltmək üçün nə qədər dollar satmaq lazımdır?

Bu, heç də sadə cavabı olmayan, sadə bir sualdır. İqtisadiyyatda bu cür hallar tez-tez baş verir. Ona görə ki, iqtisadiyyat dəqiq elm sayılmır və orada formullarla, hesablarla aldığın nəticələr düz çıxmaya da bilər. İqtisadiyyat milyonlarla insanın və şrkətlərin bir-biriləri arasındakı ünsiyyətdir. Bu münasibətlərdə hər bir tərəf vəziyyətə uyğun şəkildə öz maraqları kontekstindən çıxış edir.

Gəlin çox sadə bir suala cavab axtaraq: avtomobillə 10 kilometr məsafə qət etmək üçün nə qədər benzin sərf olunmalıdır? Bəli, dəqiq cavab vermək üçün avtomobilin markasını, mühərrikin həcmini, gediləcək yolun vəziyyətini, daşınacaq sərnişinlərin sayını və sairəni bilmək gərəkdir. Rublun məzənnəsi ilə necə rəftar olunması isə daha mürəkkəbdir. Sözsüz ki, rublun məzənnəsini (burada, Rusiya Mərkəzı Bankı tərəfindən müxtəlif yollarla fiksasiya edilən rubl deyil, sərbəst üzməyə buraxılmış kurs nəzərdə tutulur) ümumi planda tələb və təklifin hansı səviyyədə olması müəyyənləşdirir. Valyutalar arasında nisbət - ödəmə balansından, ixracın həcmindən, idxal mallarından, əmək haqlarının səviyyəsindən, ölkəyə gələn və ölkədən çıxan kapital axınından, əhalinin ehiyyatda saxlamaq üçün hansı valyutaya üstünlük verməsindən, iqtisadiyyatın böyümə tempindən, inflyasiyanın səviyyəsindən və digər müxtəlif faktorlardan asılıdır. Sadalanan bu şərtlərdən asılı olaraq, son on il ərzində rublun məzənnəsinin dinamikası bir neçə dəfə dəyişib.

Beləliklə, 2006-2007-ci illərdə rublun məzənnəsi möhkəmlənmişdi. O dövrdə hətta Mərkəz Bankın çox sayda valyuta satmamasına baxmayaraq, rubl gücünü qoruyurdu. Məsələ ondan ibarətdir ki, həmin illərdə neftin dünya bazarında qiyməti sürətlə qalxırdı və nəticədə də ölkəyə külli miqdarda valyuta axmağa başlayırdı. Ümumi yekunda Rusiya iqtisadiyyatı ölkəyə gələn valyutanı həzm etmək qabiliyyətinə malik olmadığına görə, valyuta təklifinin artıqlığı onun qiymətinin aşağıya düşməsinə təkan vermişdi.

2012-ci ilin sentyabrından 2013-cu ilin mayınadək olan tarixlər arasında Mərkəzi Bank, rublun sərbəst üzməyini yoxlamaq məqsədi ilə testlər də keçirib. O zaman rus rublu özünü ikiqat valyuta səbət kursuna görə dayanıqlı apara bilmişdi. Ancaq bu ilin oktyabrında Mərkəzi Bankın birjada 30 milyard dollar satmasına baxmayaraq, valyuta bazarındakı rublun əleyhinə olan vəziyyətin öhdəsindən gələ bilməmişdi və rublun məzənnəsi 10% aşağıya düşmüşdü. Son aylar ərzində Rusiya valyuta bazarında vəziyyət kəskin şəkildə dəyişib və rublun müvazinətinin saxlanılması üçün edilən bütün cəhdlər heç bir nəticə verməyib. Üç–dörd aydır ki, nefin qiyməti ümümən 40%-dən artıq geriləyib. Rusiya ixracının 55%-i neft və neft məhsullarının üzərinə düşür. Deməli, ölkəyə gələn valyutanın həcmi 22% azalıb. Onu da mütləq qeyd etməliyik ki, dünyadakı təbii qazın qiyməti 6-9 aylıq aralıqlarla neft qiymətlərinə bağlanıb. Yəni nefin qiymətinin düşməsinə uyğun olaraq dünya bazarındakı qazın qiyməti də müvafiq qaydada aşağı enəcək. Belə olan halda “Qazprom” şirkətinin də gəlirləri azalacaq. Sanksiyalar haqqında əlbəttə ki, eşitmisiniz. ABŞ və Avropa Birliyi öz banklarına və maliyyə quruluşlarına Rusiya bankları və şirkətlərinə kredit verilməsinə qadağa qoyub. Digər yandan isə Rusiyanın korporativ sektoru gələn ilin sonuna kimi Qərb maliyyə mərkəzlərindən götürdükləri təxminən 200 milyard həcmindəki dolları geri qaytarmalıdırlar. Gələn il “sərbəst” 200 milyard dollar Rusiya ödəniş balansından necə tapılacaq? Xaricdən borc götürənlərin əksəriyyətinin əlindəki gəlirlər yalnız rublla qazanılır. Ona görə də həmin şirkətlər bu başdan Rusiya maliyyə birjasından daha çox dolllar almağa üz tutur.

Hal-hazırda Rusiyada elə banklar var ki, onlar qara qızılın aşağı düşəcəyini yaxşı anladıqları üçün dollar almağa başlayıblar. Bu banklar, Mərkəzi Bankın birjada satdığı dollarları, məhz Mərkəzi Bankdan illik 8%-ə götürdükləri kreditin (rubl) vasitəsi ilə alırlar. Özünüz fikirləşin, oktyabr ayında illik 8%-ə götütülmüş rublun məzənnəsi bir aydan sonra hansı vəziyyətə düşür. Beləliklə də bu cür əməliyyatlar nəticəsində həmin banklar qazanc əldə edir, Mərkəzi Bank isə itirir.

Belə olan şəraitdə Rusiya Mərkəzi Bankı rublun məzənnəsini Kremlin istədiyi tərəfə çevirə biləcəkmi? Yaxşı bir frazanı yadınıza salmaq istəyirəm: bazarı yanlış tərəfə yönəltmək mümkündür, ancaq onu aldatmaq mümkün deyil. Deməli, Mərkəzi Bank bir gün ərzində maliyyə bazarını yanlış istiqamətə çəkə bilər, lakin onu aldatmağı bacarmaz. Daha doğrusu, kiçik manevrlərlə rublun məzənnəsini sabit saxlamaq mümkünsüzdür.

O fikirlə razıyam ki, Mərkəzi Bank tərəfindən gün ərzində iki miyard dollar xərclənməsi yolu ilə rublun məzənnəsini sabitləşdirmək olar. Amma Mərkəzi Bankın valyuta ehtiyyatı sonsuz deyil. Maliyyə Nazirliyinin valyuta ehtiyyatı nəzərə alınmadan, Mərkəzi Bank 200 milyard dollarlıq valyuta ehtiyyatına malikdir. Düşünürəm ki, Mərkəzi Bank öz ehtiyyatının 70-80 milyard dollardan da aşağı düşməsinə razı olmaz. Belə olan təqdirdə isə əgər Mərkəzi Bank gün ərzində iki milyard dollar sərf etmək üsulu ilə rublun məzənnəsini sabit saxalmağa cəhd göstərərsə, onda onun ehtiyyatları demək olar ki, üç ay ərzində tükənər."

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar