"Azərbaycan Rusiya xüsusi xidmətindən gələn təlimatla hərəkət edir" - MÜSAHİBƏ

Sülhəddin Əkbər: “Hakimiyyət yaxın dövrdə strateji seçim etmək zorundadır”

Müsavat Partiyasının sabiq Məclis sədri, hazırda isə Azad Demokratlar Partiyasının rəhbəri olan Sülhəddin Əkbər “Yeni Müsavat”a müsahibə verib. Sabiq milli təhlükəsizlik zabiti olan müsahibimiz Azərbaycanla bağlı maraqlı proqnozlar səsləndirib və terror təhlükəsi ilə bağlı ilginc məqamları açıqlayıb.

Söhbətin əvvəlində yaratdığı təşkilat barədə danışan S.Əkbər ofis kirayələdiyini və əsas diqqətin partiyanın rəsmi qeydiyyata alınmasına yönəldiyini deyib. Artıq qeydiyyatla bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət də edilib:

- Dekabrın 24-nə iclas təyin ediblər. Ancaq çox maraqlıdır ki, iclas məhkəmə aidiyyətinin müəyyən olunması üçün təyin olunub. Bu mənada məhkəmənin səlahiyyətinə aid olmadığı barədə qərarın çıxarılacağı gözlənilir. Qaldırılan məsələ birmənalı olduğu üçün hakim bu işin altına girmək istəmir. Artıq üçüncü dəfə partiyanın sənədləri geri qaytarıldığı üçün rəhbərlik vəkillə məsləhətləşib və məhkəməyə üz tutulub. Bizim əsas diqqətimiz partiyanın qeydiyyata alınmasına yönəlib.

Artıq məhkəməyə müraciət etmişik. Mən həmişə açıq danışıram. İnsanların siyasətə həvəsi çox azalıb. Çünki adamlar siyasətdə perspektiv görmürlər, siyasi müxalif partiyalar siyasi sistemdən kənarda saxlanılıb. Proporsional seçki sistemi ləğv olunduqdan, ölkədə azad və ədalətli seçkilər keçirilmədikdən sonra insanların seçki prosesinə, ümumilikdə demokratik prosesə, demokratik dəyərlərin daşıyıcısı olan siyasi partiyalara meyli, həvəsi kəskin azalıb. Biz belə bir ağır şəraitdə fəaliyyət göstəririk. Bunu nəzərə almaq lazımdır.

- Sülhəddin bəy, bilə-bilə ki, yeni partiyanın qurulması riskli və çətin məsələdir, yenə də ölkənin aparıcı partiyaların birindən uzaqlaşmağa qərar verdiniz. Müsavatdan gedişinizə yenə də haqq qazandırırsınız?

- Partiyadan gediş məsələsi uzun bir proses oldu, bir neçə il çəkdi. Zamanında səbəblərini də geniş açıqlamışam və buna bir də qayıtmaq istəmirəm.

- Partiyanıza yeni üzvlərin qəbulu məsələsi nə yerdədir?

- Bizim partiyanın rəhbərliyində olanların mütləq əksəriyyəti keçmiş müsavatçılardır. Biz hansı partiyadan gəlirsə-gəlsin, bu günə qədər açıqlama verməmişik, gələn şəxslərin bəyanat verməsini istəməmişik. İndi də bizim keçmiş yoldaşlar var, müraciət ediblər. Onlara da məsləhətimiz odur ki, gəlmək fikri varsa da, bunu səssiz etmək lazımdır. Çünki səmimi deyirəm, bu gün onsuz da müxalifətin durumu heç ürəkaçan deyil.

- Keçmiş partiyanızın keçmiş lideri Rəsul Quliyevlə əlaqələriniz qalırmı?

- Rəsul Quliyev özü partiyadan istefa verdi. Partiyadan istefa verəndən sonra da bizim münasibətlərimiz siyasi münasibətlərdir. İndiki halda bizim hər hansı siyasi münasibətimiz yoxdur, bir-birimizlə əlaqə saxlamırıq.

- Azərbaycanla Qərb arasında hökm sürən soyuq münasibətləri hansı kontekstdən şərh etmək olar? Siz durumu necə dəyərləndirirsiniz, nə baş verir, bu ziddiyyətlər nədən doğur?

- Geostrateji durum kəskinləşib. Hətta bəzi ekspertlər yaranmış vəziyyəti yeni “soyuq müharibə” kimi xarakterizə etməyə başlayıb. ABŞ Konqresində 758 saylı qətnamə qəbul olunub və bu sənədlə tanış olduqda anlaşılır ki, ABŞ-la Rusiya arasında geopolitik qarşıdurması yaxın zaman kəsiyində bitən məsələ deyil. Mənim düşüncəm belədir ki, Rusiyanın Krımı ilhaqından sonra ikitərəfli komissiya artıq Putin rejimi barəsində öz qərarını verib. ABŞ, Avropa Birliyi və NATO artıq Putin Rusiyasını durdurmaq istiqamətində hazırlıqlarını görməyə başlayıb. Bu planlar artıq həyata keçirilməkdədir. Mən yaxın gələcəkdə həm ABŞ-la Rusiya, həm də NATO ilə Rusiya arasında münasibətlərin daha da kəskinləşəcəyini gözləyirəm. Bu kəskinləşmə eyni zamanda postsovet məkanında baş verəcək.

Bir tərəfdən Putinin Avrasiya İttifaqı layihəsini inkişaf etdirməsi, digər tərəfdən isə Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyi ilə yaxınlığı, eyni zamanda NATO ilə daha sıx inteqrasiya siyasətini aparması bu münasibətləri daha da kəskinləşdirəcək. Qarşıdakı ildə ABŞ və NATO-nun bir sıra planları var. Eyni zamanda, Ukraynanın bloklara qoşulmayan ölkə statusunun ləğv olunması məsələsi Ali Radada gündəmə gəlib. Bu, koalision hökumətin də proqramında var. Yəqin ki, Ukrayna yenidən Yuşşenkonun dövründəki siyasətə - NATO-ya inteqrasiya siyasətinə qayıdacaq. Eyni zamanda, Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı təkliflər paketi qəbul olunub. Rusiya-Qərb, Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi fonunda hər iki tərəf Azərbaycan hakimiyyətindən də mövqe ortaya qoymağı, seçim etməyi tələb edir. O baxımdan, Azərbaycan hakimiyyəti yaxın dövrdə strateji seçim etməyə zorlanacaq.

- Sizcə, hakimiyyət hansı seçimi edə bilər?

- Azərbaycan hakimiyyəti yenə də vaxt udmaq siyasətini davam etdirəcək. Yəni İranın zamanında apardığı “nə Qərb, nə Şərq” siyasətini davam etdirməyə çalışacaq, bu strateji qarşıdurmada hansı tərəfin qalib gəlməsini gözləyəcək. Ona qədər isə hansısa öhdəliklərlə bağlı addımlar atacağını düşünmürəm. Hansı tərəf daha sərt təzyiq edəcəksə, o tərəfə doğru siyasətini davam etdirəcək. İndiki halda görünən budur ki, Rusiyadan gələn təzyiqləri neytrallaşdırmaq üçün reveranslar edir və Qərbdən məsafəli siyasət yürüdür. Azərbaycanın daxili siyasətində baş verənlər də bunun təzahürüdür.

- Administrasiya rəhbəri Ramiz Mehdiyevin məqaləsi barədə çox şərhlər verildi. Qərbi tənqidlə dolu məqalə çıxan dövrdə Azərbaycanın xarici işlər nazirinin Avropadakı tədbirdə iştirak etməsi də maraqlı fraqment idi. Sözügedən məqalənin pərdəarxası barədə nə demək olar?

- Azərbaycanın xarici siyasətini dərin təhlili onu göstərir ki, rəsmi Bakı həm iqtisadi-maliyyə, enerji təhlükəsizliyi sahəsində, hətta təhlükəsizlik və hərbi-texniki sahədə əsasən Qərbə meyl edir. Yalnız siyasi sahədə isə Rusiya ilə yaxınlıq edir ki, bu da rejimlərin xarakteri ilə bağlıdır. Azərbaycan hökuməti belə siyasət aparır ki, ABŞ və Avropa Birliyi xüsusən də enerji təhlükəsizliyi, təhlükəsizlik və iqtisadi sahədə nə istəyirsə, biz veririk, onlar bizim siyasi işlərimizə qarışmasın. Yəni “daxili işlərimiz” dedikləri demokratiya və insan haqları ilə bağlı problemlərin qaldırılmasını istəmirlər. Deyirlər ki, digər sahələrlə bağlı Qərblə sıx əməkdaşlığa hazırıq. Rusiya ilə yaxınlığın da iki başlıca səbəbi var. Birincisi, Rusiya rejimin dəyişməsi ilə bağlı ciddi qərar verə bilər. Eyni zamanda, Qərblə - Avropa Birliyi, NATO ilə daha sıx inteqrasiyaya Rusiyanın neqativ reaksiya verəcəyini bilirlər, Gürcüstan və Ukraynada olduğu kimi.

- Rusiya həqiqətən də günün birində Azərbaycanda hakimiyyəti dəyişmək istəyə bilərmi?

- Günün birində dəyişmək istəyə bilər. O halda ki, Rusiya artıq Azərbaycandan Ermənistan kimi birmənalı mövqe istəsin. Konkret desək, günün birində Azərbaycandan Avrasiya İttifaqına qoşulmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istənilə bilər. Necə ki, Xəzərdə sahili olmayan ölkələrin hərbi iştirakının qarşısının alınması barədə razılaşma əldə olundu. Belə bir istək olarsa, Azərbaycandan konkret, aydın, birmənalı strateji seçim etməsi istənilərsə və bundan da imtina olunarsa, bəli, Rusiya hakimiyyəti dəyişməklə bağlı qərar verə bilər. Əslində anti-Amerika mövqeyinin başlıca səbəbi də Qərbin Azərbaycanda əməkdaşlıq etdiyi institutların ölkədən çıxarılması da Rusiya ilə bağlıdır. Bu, Rusiyanın həm öz daxilində, həm də MDB ölkələrində “məxməri inqilab”lar gözləməsi ilə də əlaqədardır.

Artıq Rusiyanın özündə həm prezident, həm XİN başçısı, həm də Rusiya Xarici Kəşfiyyat İdarəsi səviyyəsində açıqlamalar verilib ki, Qərb Rusiyada “məxməri inqilab” planlaşdırır. Rusiya xüsusi xidmət orqanları xətti ilə bütün MDB ölkələrinə bu “məxməri inqilablar”ın qarşısını almaq üçün təlimatlar göndərib. Azərbaycan da bu təlimat əsasında hərəkətlər edir. Yəni məqsəd Azərbaycanda Qərb tərəfindən planlaşdırılması gözlənilən inqilabların qarşısını almaqdır. Son zamanlar baş verən, sizin də toxunduğunuz məsələləri bu kontekstdə şərh etmək lazımdır.

- 2015-lə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Nə qədər qəribə olsa da, Azərbaycanla bağlı proseslər Rusiya ilə çox sıx bağlıdır. Bir tərəfdən neftin qiymətinin dünya bazarında aşağı salınması, eyni zamanda sanksiyaların tətbiqi və kapitalın Rusiyadan kütləvi şəkildə axını Rusiya daxilində ilk növbədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına gətirib çıxaracaq. Əgər 2015-ci ildə neftin qiyməti kəskin ucuzlaşarsa, 60 dolların altına düşərsə, ekspertlərin və Amerikanın investisiya bankı “Morgan Stanley”in araşdırmalarına görə, bu halda Rusiyanın bütün strateji ehtiyatı gələn il tükənəcək. Belə olan halda artıq Rusiyanın aqressiv xarici, hərbi siyasət yeritməsi çox çətin olacaq. O zaman isə artıq ABŞ, Qərb və NATO keçmiş sovet məkanında, o cümlədən Rusiya daxilində daha aktiv fəaliyyətə keçəcək. Bu mənada gələn il Azərbaycanda Avropa Oyunlarını və parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, hakimiyyət gərək dünyada gedən qlobal və regional tendensiyaları nəzərə alsın, dərin analiz eləsin və gec də olsa, ölkədə islahatlara, o cümlədən siyasi islahatlara başlasın, Azərbaycanda tam da olmasa, heç olmasa yarımdemokratik parlament seçkilərini keçirməyə hazır olsun. İndidən artıq ölkədə bütün vətəndaş cəmiyyəti və müxalifətlə geniş dialoqa başlamağın vaxtı çatıb.

- Deyəsən, artıq ilkin addım atılır. 13 dekabrda Prezident Administrasiyanın şöbə müdiri Əli Həsənovla müxalifətdə təmsil olunan bir qrup partiya sədrinin görüşü olacaq...

- Bildiyim qədər bu görüşdə mənim dediyim məsələ də qaldırılacaq. Yəni iki başlıca məsələnin qaldırılması nəzərdə tutulur: birinci, siyasi məhbuslarla bağlı məsələnin həlli; ikincisi isə müxalifətlə ümummilli məsələlərdə geniş dialoqun başlanmasına hazırlıq məsələsidir.

- Ölkə daxilində terror təhlükəsi, təxribatçı qrupların hərəkətə keçməsi nə dərəcədə real görünür. İŞİD-lə əlaqəli şəxslərin həbsindən sonra Azərbaycanın risk qrupuna daxil olduğunu demək üçün kifayət qədər əsaslar varmı?

- Azərbaycanın daxil olduğu postsovet məkanında həm müharibə gedir, terror ocaqları var, həm də burada dondurulan, amma yenidən alovlanma potensialı böyük olan münaqişələr mövcuddur. O münaqişələrdən biri də Azərbaycanın ərazisindədir. Digər tərəfdən də qonşu regionda, Suriya, Əfqanıstan, İraqda müharibə gedir. Həmin bölgələrdə də Azərbaycan vətəndaşları müxtəlif qruplaşmaların daxilində vuruşurlar. Eyni zamanda zaman-zaman terror təşkilatları, bu təşkilatlara daxil olan şəxslər tərəfindən hədələmələr də olur. Şimali Qafqazdakı vəziyyəti də bura əlavə etsək, görərik ki, Azərbaycan terror təhdid səviyyəsinin yüksək olduğu risk zonasındadır və Azərbaycanda terror təhdid səviyyəsi yüksəkdir.

Xüsusən də Azərbaycanda son baş verən hadisələri nəzərə alsaq, belə demək olar. Azərbaycanın terrorla mübarizə mərkəzi artıq terror təhdidi səviyyəsini narıncı səviyyəyə qaldırmalıdır və bu sahədə beynəlxalq birliklə, xüsusən də antiterror koalisiyası ilə çox sıx əməkdaşlıq etməlidir. Üstəlik, qarşıdan Avropa Oyunları gəlir. “Eurovision” yarışması zamanı Azərbaycanda yaranmış vəziyyəti də yəqin hamı xatırlayır. Bu mənada 2015-ci ildə gərginliyin artması gözləniləndir. Gələn il terror təhdid səviyyəsinin yüksəlməsi, eyni zamanda Azərbaycanda ictimai-siyasi aktivliyin artması və ictimai-siyasi sabitliyin pozulma ehtimalı da yüksəkdir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar