STALİNİN 60 İLDİR ÇÖZÜLMƏYƏN SİRRİ - "Xalqlar atası"nı kim və niyə öldürdü?

“Xalqlar atası” İosif Stalinin vəfatından (5 mart 1953) uzun illər keçməsinə baxmayaraq, generalissimusun ölümü indiyədək sirr pərdəsi ilə örtülüdür. Onun ölümü ilə bağlı olan xeyli sayda müəmma və qəribəliklər Sovet rəhbərinin, akademik Myasnikovun rəhbərliyi altındakı həkimlər kollegiyasının gəldiyi rəyə görə - beyinə qan sızması nəticəsində öldüyü iddiasını tam qəbul etməyə imkan vermir.

Stalinin ölümünün 50 illiyi ilə əlaqədər İngiltərənin “BBC” televiziya kanalının çəkdiyi ”Stalinin son sirri” adlı sənədli filimdə iddia edilir ki, Sovet rəhbəri özünün ən inanılmış və sadiq adamı olan Lavrentiy Beriya tərəfindən öldürülüb. Bəzi xəbərlərə görə, ölümündən bir qədər əvvəl Stalin, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) fəaliyyəti barəsində kəskin fikirlər söyləyib. Partiyanın rəhbər orqanlarındakı məlumatlı şəxslər belə güman edirdilər ki, Stalin Beriyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir. Stalin, nə vaxtsa DTN-nın polkovniki Nikolay Konyaxinlə söhbətlərinin birində deyib: "Mən Beriyanı sevmirəm, o kadrları seçməyi bacarmır və hər tərəfə yalnız öz adamlarını yerləşdirmək istəyir”.

Çekistlərin işindən Stalinin narazı olmasını 1952-ci ilin axırınadək onun mühafizə xidmətinin rəisi işləmiş Nikolay Vlasik də təsdiq edir. Stalinin baş mühafizəçisinin sözlərinə görə, onun Beriyaya qarşı böyük hiddəti vardı. Ancaq hər necə olmasına baxmayaraq ”odda yanmaz, suda batmaz” Lavrentiy əvvəlki kimi Stalinin kabinetində keçirilən bütün iclaslarda iştirak edirdi. Stalinin öz ətrafı ilə gizli qarşıdurmasının düyünü qəfildən açılır.

1953-cü ilin 28 fevralından martın birinə keçən gecə Stalin və onun yaxın tərəfdarları olan Xruşov, Malenkov, Beriya və Bulqanin Kremldə kinofilmə baxdıqdan sonra, Moskva yaxınlığındakı daçaların birində yeyib-içmək məclisinə gedirlər. Səhərə yaxın hərə öz evinə yollanır. Öz tərəfdarlarını evə buraxan Stalin dincəlməyə çəkilir. Ümumiyyətlə, Stalin həmişə tələb edirmiş ki, onun mühafizəçiləri gecəni ayıq qalsınlar. O, gözünü qıyaraq, tez-tez canğüdənlərindən soruşurmuş: "Hə, yatmaq istəyirsən?” Əlbəttə, yatmaq istədiyini söyləməyə heç kimin cürəti çatmazdı. Lakin həmin gecə müəmmalı şəkildə mühafizəçilərə istirahət etməyə icazə verilir. Bəli, çox təəccüblüdür ki, necə olub ki, həmin gecə Stalin öz mühafizəsini yatmağa buraxıb və səhərəcən onun narahat edilməməsinə əmr verib. O gecə rəhbəri mühafizə edənlərdən biri olan Pyotr Lozqaçyov sonralar bildirib ki, istirahətə buraxılma barəsindəki əmr, mühafizəçilərə Stalin tərəfindən deyil, mühafizə növbəsinin rəisi İvan Xrustalyov tərəfindən verilib. Həmin gün mühafizəçilər səhər gec oyansalar da, Stalin yuxudan durmamışdı. Günorta saat on iki, bir, iki olmasına baxmayaraq, Stalin hələ də yatırdı. Mühafizə narahat olmağa başlayır, lakin heç kim rəhbərin otağına baş çəkməyə cəsarət etmir. Hamı yaxşı bilir ki, rəhbərin narahat edilməsinə icazə verilmir və onun otağına dəvətsiz girmək olmaz.

Axşam saat 10 radələrində artıq bütün mühafizə təlaş içində idi. Çünki Stalin hələ də otaqdan çıxmırdı. Nəhayət, mühafizəçilər qərara alırlar ki, rəhbərlə hər şeyin qaydasında olub-olmamasını yoxlamaq lazımdır. Bu işi görmək Lozqaçyevin üzərinə düşür.

Pyotr Lozqaçyev ehtiyatla otağa girərək sakit səslə soruşur: ”Yoldaş Stalin, sizə nə olub?”

Cavab əvəzinə Lozqaçyev, danışıq qabiliyyətini itirmiş və hərəkətsiz halda uzanan rəhbərin rabitəsiz səsini eşidir. Stalinin çarpayısının yanındakı döşəmənin üzərində “Pravda” qəzeti və cib saatı vardı. Saatın əqrəbləri 18.30 radələrində dayanmışdı. Mühafizəçilər təcili Stalinin yaxın tərəfdarlarına zəng edirlər. Amma buna baxmayaraq, partiya rəhbərləri daçaya gəlməyə qətiyyən tələsməyiblər. Stalinin qəfildən ağır vəziyyətə düşməsi Beriya, Malenkov, Xruşov, Bulqanin üçün sanki gözlənilməz bir hadisə deyildi. Həmçinin həkimlər də Stalinin daçasına elə də tələsməyiblər. Sonralar söhbətlər dolaşmağa başlamışdı ki, həkimləri məhz Beriya ləngidib.

Britaniya kinomatoqrafçıları hesab edirlər ki, həmin gecə İosif Stalinə zəhərli iynə vurulubmuş və bunu öz şefi olan Lavrentiy Beriyanın əmri ilə həmin gecəki mühafizə rəisi İ.Xrustalyov həyata keçirib. Bəs nə üçün “BBC” Stalinin öldürülməsi fikrinə gəlib? Bəlli olur ki, Stalinin tibbi məlumat vərəqəsində onun ürək-damar xarakterlı xəstəliyindəki simptomlardan əlavə, digər əlamətlər də yazılıbmış. Belə ki, 2 və 3 mart tarixlərində Stalində qarın şişməsi, qanlı qusma, qara ciyərin böyüməsi kimi əlamətlər yaranıb. Bütün bunların hamısı güman etməyə əsas verir ki, İosif Stalini Lavrenti Beriya öldürüb. Belə bir söz gəzir ki, güya Beriya, Stalinin dəfn mərasimi zamanı partiya rəhbərlərinə “mən onu aradan götürməklə, hamınızı xilas etdim” deyə, xitab edib. Öz yaxın ətrafına sirr deyildi ki, Stalin Avropada yaranmış beynəlxalq vəziyyəti bütün qitədə kommunist hakimiyyətinin qurulması üçün əlverişli şərait hesab edirdi. Stalin bütün Avropanın kommunistləşməsinə cəhdin Üçüncü Dünya Müharibəsi və SSRİ ilə Amerikanın döyüşməsinə gətirib çıxaracağını da yaxşı bilirdi. O, SSRİ-də antisemit kampaniyasına başlamaqla, Amerikan prezidenti Duayt Eyzenhaueri təxribata çəkmək istəyirdi. Stalin bu məqsədlə 5 mart tarixində Moskvada yaşayan bütün yəhudiləri Qazaxıstana deportasiya etmək qərarı verməyə hazırlaşırmış. O zaman nüvə silahından başqa SSRİ-nin əlində heç nə yox idi. Dağıntılar altından çıxmış iqtisadiyyat yenicə dirçəlməyə başlayırdı və ölkədə güclü yoxsulluq hökm sürürdü. Beriya, Malenkov, Xruşov və digər rəhbərlər ölkənin daha bir müharibədən çıxa bilməyəcəyindən əmin idilər. Yalnız Stalin milyonlarla ac, yoxsul və aqressiv sovet adamlarını “qarnı tox” Qərb sivilizasiyası qarşısında taleyin hökmünə buraxmaqla uğur qazanacağına bel bağlayırdı.

Bütün bunlara baxmayaraq, öz ölkəsinə böyük bədbəxtliklər və zülm gətirən İosif Stalinin dəfnində xalq göz yaşı axıdırdı. Ancaq bütün SSRİ ərazisinə səpələnmiş minlərlə həbs düşərgələrindəki dustaqlar tiranın ölümünə gizlincə sevinirdilər.

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar