"Tutaq ki, 10-20 faizində pozuntu olub, bəs qənaət nədir?" - MSK sədrinin müavini

“İstəyirik ki, hər hansı beynəlxalq missiya hesabatında pozuntunun olduğu konkret ünvanı göstərsin” 

“Əgər seçki komissiyalarımız və mediamız qane etməyən işlərə imza atırsa, bundan sui-istifadə etmək istəyənlər olur. Seçkini müşahidəyə açan dövlətlərin sayı dünyada çox deyil. Əgər biz seçkini müşahidəyə açırıqsa, seçkinin etibarlılığına diqqəti cəlb edirik. İstəyirik ki, peşəkar qiymətləndirmə ilə məşğul olan qüvvələr bunu qiymətləndirsin”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən “Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” mövzusunda konfransda MSK sədrinin müavini Natiq Məmmədov deyib.

N. Məmmədov bildirib ki, hər dəfə Azərbaycanda seçkiləri təxminən 50 minə yaxın müşahidəçi izləyir: “Təxminən hər məntəqədə 10 nəfər olur. Eyni zamanda, çoxsaylı beynəlxalq qurumlar müşahidə aparır. Bir çox hallarda yaranan vəziyyət suallar doğurur. Hesab edin ki, 49 min 700 subyekt seçkiyə bir cür qiymət verir, 300 subyekt fərqli qiymət verməkdən əl çəkmir. 300 nəfərin apardığı müşahidə 300 məntəqədən çox ola bilməz. Sonra biz rəy oxuyuruq. Ümumi məlumatdan sonra yazılır ki, filan missiya filan müşahidə apardı, müşahidə nəticəsində bəlli oldu ki, məntəqələrinin 10 faizində seçki hüquqlarının pozulması faktı olub, 20 faizində belə olub... Tutaq ki, 10-20 faizində pozuntu olub, bəs qənaət nədir? Biz müəyyən qurumlardan bu pozuntuların seçkinin nəticələrinə təsir etmək imkanında olduğu fikrini eşitməmişik. Müəyyən qurumlar isə hesabatlarında yazırlar ki, pozuntu görmədik”.

N. Məmmədov qeyd edib ki, gərək seçkinin təşkilatçıları bu cür məqamlara şans verməsin: “İkincisi, işıqlandırma prosesi elə həyata keçirilsin ki, ümumi mənzərəni təsəvvür etmək asan olsun. Biz qüsurumuzu göstərməkdən çəkinmirik. Amma səhnəni açıb ortaya qoyaq, görək ki, pozuntu neçə faiz təşkil edir. Əgər media ilə komissiyalar bunu düzgün təqdim edə bilsə, müəyyən qədər qərəzli fikirlərə qarşı çıxmış ola bilərik. Bəzən peşəkarlıq nümayiş etdirmirik, bundan istifadə edirlər. Azərbaycan dövlət olaraq hər hansı pozuntunun olmasında maraqlı deyil. MSK verilən məlumatların araşdırılmasında həmişə maraqlı olub. Tutaq ki, hər hansı beynəlxalq missiya 10 faizdə pozuntu olduğunu deyir, əslində dolayı deyir ki, 90 faizində pozuntu olmayıb. Ancaq bunu açıq demir. Biz istəyirik ki, hər hansı beynəlxalq missiya seçki prosesində pozuntu olduğunu deyirsə, hesabatında pozuntuların olduğu konkret ünvan göstərilsin. Biz indiyə qədər belə konkret fakt almamışıq ki, filan məntəqədə belə hərəkət olub. Bu, hələ də müasir dünyada müşahidəçilik missiyanın ən böyük problemi olaraq qalır. Buna baxmayaraq, hətta bizi ən kəskin tənqid etmək istəyənlər də Azərbaycanda seçki prosesinin təkmilləşmək tendensiyasını qeyd edirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar