Saytlara hücumu Vasif Talıbov təşkil edir?

Onun  Türkiyədə böyük ofis qurdurduğu, orda 16 nəfərlik bir heyət çalışlsmıs

Azərbaycanın müstəqil, müxalifət qəzetlərinin saytlarına, həmçinin bəzi oliqarxlara bağlı elektron kütləvi informasiya vasitələrinə davamlı haker hücumlarının arxasındakı qüvvə bəlli olub. “Yeni Müsavat”ın çox mötəbər mənbələrdən aldığı məlumata görə, bu hücumları həyata keçirən haker qrupu Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun göstərişi ilə yaradılıb.

Məlumatda qeyd edilir ki, Türkiyədə İstanbul Boğaziçi Universitetinin yaxınlığında V.Talıbovun tapşırığı ilə bir ofis qurulub. Həmin ofisdə 16 nəfərlik bir heyət çalışır. Heyət üzvləri Türkiyənin və dünyanın başqa ölkələrində informasiya kommunikasiyası texnologiyaları üzrə yüksək təhsil almış və böyük təcrübə keçmiş gənclərdən ibarətdir. V.Talıbovun həmin şəxslərə böyük paralar verdiyi iddia olunur. Məlumatda qeyd edilir ki, Azərbaycan mediasına qarşı həyata keçirilən güclü haker hücumları kimi hücumların 1 saatını 1000 manata həyata keçirirlər.

Həmin haker qrupu musavat.com, azadlıq.info, minval.az saytları da daxil olmaqla, əsasən müstəqil və müxalif saytları vurur. Bəzi hallarda isə V.Talıbovla problemləri olan məmur-oliqarxlardan qidalanan elektron kütləvi informasiya vasitələri də həmin qrupun hücumlarına məruz qalırlar. Əsasən 2013-cü ilin əvvəlində həmin saytlar üçün ciddi problemlər yaradılmışdı. O zaman həmin saytların rəhbərləri bildirirdilər ki, hücumlar Türkiyədən gəlir, onları “Türk Telekom” üzərindən vurular. Söhbət heç də “Türk Telekom”un Azərbaycan saytlarını vurmasından getmirdi. Yəni bu o deməkdir ki, həmin saytlar “Türk Telekom”a bağlı şəbəkə üzərindən vurulurdular. Bunun özü də Azərbaycan mediasına hücumların Türkiyə ərazisindən gəldiyini bir daha sübut edir.

Xəbərdə qeyd olunur ki, saytlara haker hücumları bir sıra hallarda sanksiyalaşdırılmış, mərkəzi hakimiyyətin bilgisi çərçivəsində edilsə də, bir sıra hallarda bu, V.Talıbovun şəxsi iradəsi ilə həyata keçirilir. Naxçıvan Ali Məclisi sədrinin özü haqda müstəqil və müxalifət mediasında gedən yazılardan bərk qəzəbləndiyi və buna haker hücumları ilə cavab verdiyi bildirilir. Bu hücumlar isə saytların işinə ciddi zərbə vurmaqla yanaşı, ölkənin informasiya məkanında boşluq yaradır, Azərbaycanın informasiya təhlükəsizliyini ciddi təhdid edir.

Bu barədə danışan mütəxəssislərin fikrincə, hansısa məmurun özü haqda gedən yazılardan qəzəblənib bu yola əl atması, yaxud hakimiyyətdəki rəqiblərinə bağlı saytlara haker hücumu əmri verməsi ölkənin informasiya məkanı üçün çox ciddi təhlükədi. Eyni zamanda bu hücumlara görə Azərbaycanda internet mediasının vəziyyəti beynəlxalq hesabatlarda mənfi qiymətləndirilir və son illərdə dünyanın nüfuzlu təşkilatlarının tənqidi hesabatlarının əsas bölmələri buna həsr olunur. Buna görə bütövlükdə Azərbaycan hakimiyyəti ciddi qınanır və təpkilərə məruz qalır. Nəticədə Azərbaycan hakimiyyəti bu cür haker hücumlarından nəinki qazanır, əksinə, beynəlxalq aləmdə hesabına yeni-yeni mənfi xallar yazdırır. Buna görə də mütəxəssislər Azərbaycan məmurlarına məsləhət görürlər ki, öz güclərini ölkə mediası ilə hesablaşmağa yönəltməkdənsə, hər zaman ölkənin informasiya təhlükəsizliyini təhdid edən Ermənistandan gələn haker hücumlarına cavab verməyə istiqamətləndirsinlər.

 “Yeni Müsavat”ın media qrupu bu hadisə ilə bağlı Türkiyə XİN və təhlükəsizlik orqanlarına müraciət edəcək.

Qeyd edək ki,  "AzPolitika.info" saytı hakimiyyət cəbhəsindən təşkil olunduğu şübhə doğurmayan hücuma məruz qalan ilk saytlardandır. Bu hücum o qədır böyük oldu ki, saytımız 2 aya yaxın fəaliyyət göstərə bilmədi.  Böyük cətinliklə fəaliyyətimizi  bərpa etsək də, günü 3-5 min dollara başa gələn hücum yenə də davam edir. Bu da hücumun arxasında hakimiyyətin, ya da hansısa oliqarxın dayandığını sübut edir.  Odur ki, ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olanların  bununla maraqlanmaması da təsadüfi deyil.

Vaqif

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar