Neftin qiyməti niyə düşür?- 4 əsas amil

Birjalardan alınan ən son məlumatlara görə “qara qızılın” bugünkü qiyməti bir barrel üçün 60 dollardır. Bu, son 5 il yarımda ən aşağı göstərici sayılır.

Və əlbəttə, neftçiləri, ekspertləri və elə hamını düşündürən suallar da var. Neftin qiyməti, ümumiyyətlə niyə düşür və bu, nə vaxtadək davam edəcək?

Havanın da bura dəxli var

“The Economist” məcmuəsi yazır ki, neftin qiymətini üç faktor müəyyən edir: təchizat, tələb və qismən də gözlənti. Tələbat birbaşa iqtisadi fəallıqla bağlıdır. Fəallıq aşağıdırsa, demək neftin qiyməti də aşağı olacaq.

Burda fəsillər də rol oynayır. Məsələn, bir qayda olaraq Şimal yarımkürəsindıə qış aylarında neftin qiyməti qalxır. Yay aylarında soyuducu kondisionerlərdən istifadə edən ölkələrdə neft qiymətinin qalxması da havanın hərarəti ilə bağlıdır. Təchizat da havaya və geosiyasi təlatümlətərə bağlıdır.

Əgər istehsalçı düşünürsə ki, qiymət kifayət qədər yüksəkdir, o investisiya yatırmaq barədə düşünür. Bu da öz növbəsində sonradan neft qiymətinin qalxmasına kömək edir.

Beləliklə, neftin qiymətləri quruyanda, investisiyalar da quruyur.

OPEC Səudiyyə deməkdir

Neftin qiymətlərinə təsir edən əsas amillərdən biri də neft istehsal edən ölkələrin OPEC təşkilatının qərarlarıdır. Əgər təşkilatın üzvləri təchizatı qəflətən azaltsalar, neft qiymətləri də sıçraya bilər. Təkcə Səudiyyə Ərəbistanı gündə 10 milyon barrel neft istehsal edir. Bu, bütün OPEC-in üçdə biri deməkdir.

Odur ki, OPEC-in özü də Səudiyyə kimi üzvlərin qərarlarından asılıdır.

Hazırda Səudiyyə Ərəbistanı istehsalı azaltmaq niyyətində olmadığını bildirib.

4 amil

“The Economist” yazır ki, indi ümumi mənzərəyə təsir edən dörd amil var:

Birincisi, tələb ona görə aşağıdır ki, iqtisadi fəallıq azalıb, xərclər artıb və qeyri-neft yanacaq növlərindən istifadə yüksəlib.

İkincisi, İraq və Liviya kimi iki nəhəng neft istehsalçısının ərazisində baş verən hərbi-siyasi təlatümlər günə 4 milyon barrel neft verən bu oyunçuları hələlik ofsaydda saxlayıb.

Üçüncüsü, Amerika dünyanın ən böyük neft istehsalçısına çevrilib. Doğrudur, ABŞ hələlik neft ixrac etmir, lakin əvəzində onun neft idxalı azalıb və deməli, bazarda müştərisiz daha artıq neft qalıb.

Nəhayət dördüncüsü, Səudiyyə və onun Körfəz müttəfiqləri qiymətlərin qalxması xatirinə bazardakı paylarını qurban verməmək qərarına gəliblıər. Onlar istehsalı azaltsalar, bundan faydanı onların əsas rəqibləri olan İran və Rusiya götürəcək.

Rusiya və İrandan fərqli olaraq Səudiyyənin iqtisadiyyatı aşağı qiymətlərə də tab gətirə bilər.

Vay borcu olanların hayına

Lakin neft qiymətlərinin aşağı olması neft sənayesi üçün xeyli riskli situasiyadır.

Məsələn, Amerikada şist neftini hasil edənlər qiymətlərin yüksək olacağı ümidi ilə bahalı kreditlər götürüb.

Qərbin neft şirkətləri Arktika və Şimal dənizi də daxil olmaqla, dərin sularda bahalı layihələrə investisiya yatırıblar.

Siyasətçilər isə bu ümiddədirlər ki, neft qiymətlərinin hazırkı vəziyyəti Rusiya və İran kimi xatalı oyunçuları beynəlxalq arenada daha sülhpərvər edə bilər.

Qiymət cəbhəsindən alınan son xəbərlər isə bu ölkələr üçün az qala öldürücüdür.

Neftin qiyməti 40 dollara da enə bilər

Britaniya mətbuatının yazdığına görə, OPEC-in ən nüfuzlu üzvləri neft qiymətlərinin barreli 40 dollar həddinə enməsindən belə çəkinmədiklərini bildiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail al-Mazrouei deyib ki, “biz neftin qiyməti 60 və ya 40 barrelə düşür deyə fikrimizi dəyişməyəcəyik”.

Mətbuat yazır ki, nazirin bu bəyanatı neft qiymətlərinin bir qədər də enməsinə səbəb ola bilər.

Digər tərəfdən OPEC-in keçmiş prezidenti və Qətər əmirinin müşaviri Abdullah bin Hamad al-Attiyah “The Daily Telegraph” qəzetinə bildirib ki, hazırda OPEC neft qiymətlərinə təsir edəcək gücə də malik deyil.

Onun sözlərinə görə, innən belə OPEC bazarı yalnız Rusiya və Meksika kimi oyunçularla əlaqəli şəkildə təsirləndirə bilər.(Azadlıq radiosu)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar