Türkiyədəki həbslər və Azərbaycanda mədrəsə açan “əl-Qaidə”çilər

Türkiyədə “paralel dövlət” adı verilən fətullahçılara qarşı həbslərin son dalğası ətrafında yaşanan qalmaqalda Azərbaycanın da adı çəkilir.

Virtualaz.org saytı xəbər verir ki, Fətullah Gülənə bağlı “Samanyolu” telekanalının və “Zaman” qəzetinin rəhbərləri də daxil olmaqla həbs edilənlər 2010-cu ildə “Tahşiyecilər” adlı radikal dini qrupa qarşı qaldırılmış cinayət işinə dair dəlilləri saxtalaşdırmaqda, terror təşkilatında yer almaqda və digər ağır cinayətlərdə ittiham olunurlar.

Səidi Nursinin “Nurçular” hərəkatının bir qolu olan “Tahşiyecilər” qrupuna qarşı əməliyyat 2009-2010-cu illərdə, fətullahçıların Türkiyə polisində və ədliyyəsində nəzarəti ələ aldığı vaxtlarda keçirilib.

İttiham aktına görə, “Tahşiyecilər” adlı qrupa daxil olanlar “əl-Qaidə” terror təşkilatına bağlı olublar və Türkiyədə qanlı terror aktları həyata keçirməyi planlaşdırıblar. Lakin Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasında müharibənin başlamasından sonra bu ittiham saxta elan edilib, “Tahşiyecilər”in üzvləri 17 aylıq həbsdən sonra buraxılıb.

Bu dəfə həbs növbəsi “Tahşiyecilər”i həbs edən polislərə və qrup üzvlərinin əleyhinə irəli sürülən dəlilləri yayan fətullahçı media mənsublarına çatıb.

“Tahşiyecilər”in lideri olan Mehmet Doğan bu gün hökumətə yaxın “Star” qəzetinə bildirib ki, əslində onların həbsinə səbəb Fətullah Gülənə qarşı çıxmaları idi. Onun dediyinə görə, Fətullah Gülənə qarşı çıxmaları onun dinlərarası diaqloq təşəbbüsü ilə çıxış etməsi ilə əlaqəli olub.

M.Doğanın sözlərinə görə, dövlətlərarası dialoq ola bilər, ancaq dinlərarası dialoq mümkün deyil və bu təşəbbüslə çıxış edənlər İslama zərbə vurmaq, təfriqə salmaq istəyirlər.

Fətullah Gülən dinlərarası dialoq təşəbbüsünü irəli sürəndə sonra Mehmet Doğan “Rumuzu Quran” adlı kitab yazaraq Gülən camaatını tənqid edib. Bu kitabda Gülən camaatının 2014-cü ildə sonunun çatacağı yazılırdı.

Fətullah Gülən isə “Samanyolu” telekanalında yayımlanan moizələrinin birində “Taşviyecilər” qrupunu tənqid edib və onu “əl-Qaidə”yə bağlı terror qrupu adlandırıb. Həbslər də bu çıxışın ardınca başlayıb.

Mehmet Doğana qarşı irəli sürülən ittihamlar arasında onun “əl-Qaidə”nin Türkiyə və Azərbaycan üzrə lideri olduğu göstərilirdi.

“Zaman” qəzetinin redaksiyası isə press-relizlə çıxış edərək “Taşviyecilər” qrupunun nədən həbs olunduğunu xatırladıb. Orada deyilir ki, qrup üzvlərinə qarşı əməliyyat AKP-nin indiki başqan müavini, keçmiş polis rəisi Oğuz Kaan Köksal tərəfindən başladılıb. Habelə İstanbul polisinin rəhbərliyi bu əməliyyatı işləyib hazırlayıb.

İstintaq müəyyən edib ki, “Taşviyecilər” qrupu 100-dən çox adama hazırlıq keçərək Əfqanıstana göndərib. Həmçinin Mehmet Doğanın “CNN Türk” kanalında yayılmış görüntülərində onun zorakı cihada çağırdığı əks olunur. Həmin kadrlarda o bildirir ki, Türkiyə hökumətinin rəhbərliyi güllələnməlidir.

M.Doğan müraciətində həmçinin davamçılarını öz evlərində minomyotlar və bombalar hazırlamağa çağırıb, dinin bu zorakı praktikaya yol verdiyini bildirib.

“Əgər qılınc istifadə olunmursa, bu, İslam deyil” - o bildirib.

Açıqlamada xatırladılır ki, istintaq materiallarında “Taşviyecilər”in Azərbaycanda mədrəsəsinin fəaliyyət göstərdiyi, qrupun bəzi üzvlərinin orada bir aylıq hazırlıq kursu keçdiyi yer alırdı.

Beləliklə, Türkiyədə baş verənlər olduqca dolaşıqdır və cəmi 3-4 il əvvəl “əl-Qaidə”yə bağlı olduqları ittihamı ilə həbs olunanlar indi azadlıqda, onları həbs edənlər isə həbsxanalardadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar