“Müsavat rəhbərliyi son mitinqdən nəticə çıxarmalıdır” - Tural Abbaslı

“14 dekabr mitinqi partiyanın potensialına uyğun olmayacaq zəiflikdə idi”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divanının keçmiş üzvü Tural Abbaslı söyləyib.

Onun sözlərinə görə, mitinqin kütləvi olmamasına havaların soyuq keçməsi və siyasi aktivliyin aşağı olması səbəb olub: “Amma Müsavat Partiyası hətta belə şəraitdə də daha kütləvi aksiya keçirə bilərdi. Təəssüf ki, biz bu mitinqdə onu nümayiş etdirə bilmədik.

Məncə, qurultaydan sonrakı vəziyyətdə həm rəhbərliyə gələn şəxslər, həm də narazılar bu mitinqdən özləri üçün dərslər çıxarmalı, mesajlar almalı idilər. Bu çəkişmələr, lazımsız ritorika nəticədə Müsavat Partiyasının cəmiyyətdə zəif göstərilməsinə xidmət edir. Əsasən də Müsavat Partiyasının rəhbərliyi nəticə çıxarmalıdır, çünki rəhbər olduqları üçün məsuliyyəti onlar daşıyırlar.

Düşünmək lazımdır ki, niyə belə oldu? Cəmiyyətdə inamı itirdik, yoxsa partiya daxilindəki bu mübarizə, ritorika buna səbəb oldu? Bu analiz olunmalı və bunun əsasında növbəti addımlar atılmalıdır".

T.Abbaslı qeyd edib ki, o, narazıların hər şeyin qara rəngdə görməsinin də partiya rəhbərliyinin bu mitinqi "möhtəşəm aksiya" kimi qələmə verməsinin də əleyhinə olduğunu deyib: "Obyektiv olmaq və hər şeyi öz adı ilə çağırmaq lazımdır. Partiya rəhbərliyi bu nəticədən irəli gələcək addımları atmaq, siyasi qərarları vermək gücünü özündə tapmalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar