İxtiraçı alim prezidentdən kömək istəyir...

Ölkədə tanınmış bir ziyalı belə bu cür haqsızlıqla qarşılaşırsa...

Bir müddət öncə mətbu orqanlarda tibb elmləri namizədi, ixtiraçı alim Nizami Hacı oğlu Məmmədovun üzləşdiyi problemlə bağlı məlumat yaılmışdı. Məlumatda bildirilirdi ki, ixtiraçı alim 20 il əvvəl aldığı torpaq sahəsinə sahib ola bilmir.

Alimin ölkə rəhbərinə ünvanladığı məktub həmin məlumatın əsassız olmadığından xəbər verir. Məktubu təqdim edirik.

"Cənab Prezident!

Yaxın coğrafiyamızda baş verən proseslərin, qlobal neft böhranının, bir sıra xarici dövlətlərlə aramızda yaranan ixtilafların Sizi hər zamandan daha artıq işləməyə, bu cür ümdə məsələlərə daha çox vaxt ayırmağa sövq etdiyini anlayıram. Odur ki, bu məktubu yazıb-yazmamaq haqqında xeyli tərəddüdlərə düşdüm. Nəhayət, ölkəmizdə məmur özbaşınalığının səviyyəsi, xalqın ümid bağladığı məhkəmələrin necə təsirsiz hala gətirildiyi barədə məlumatlı olmağınızın Sizin də fəaliyyətiniz üçün də xeyrli olacağını düşünüb məktubu yazmağa qərar verdim. Dəyərli zamanınızı çox almadan mətləbə keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, problemlə bağlı Sizin elektron ünvanınıza 3 dəfə məktub yazmışam. Nə yazıq ki, hələ də o məktublara heç bir cavab gəlməyib. Mən də ətrafınızın faktları Sizdən gizlətdiyini zənn etdiyimdən problemi ictimailəşdirmək məcburiyyətində qaldım.

Cənab Prezident!

Öncə ondan başlayım ki, mən tibb elmləri namizədiyəm. İxtiraçı alim kimi ölkəmizin hüdudlarından kənarda belə tanınıram. Uzun müddət fərdi çalışmalarım və şəxsi təşəbbüskarlığımla bir sıra ümum-milli problemlərin həllində əlimdən gələni əsirgəməmişəm. Xüsusilə Qarabağ döyüşləri zamanı göstərdiyim xidmət siyasi iradə tərəfindən təqdirlə qarşılanıb. Vətənpərvərlik borcum olduğundan etdiklərimi sinəmdən asmaq fikrində deyiləm. Bunları yazmaqda yeganə məqsədim bəzi xırda məmurların bir ziyalıya göstərdikləri biganəliyə diqqət çəkməkdir. Ölkədə hətta tanınmış bir ziyalı belə bu cür haqsızlıqla qarşılaşırsa, illər uzunu öz haqqını ala bilmirsə, sadə vətəndaşların necə əziyyət çəkdiyini düşünmək çətindir.

Məni məktub yazmağa vadar edən səbəb ilk baxışdan kiçik görünsə də əslində vətəndaşın ən elementar hüququnun tapdalanmasıdır və nə yazıq ki, 20 ildir, bu məsələ öz həllini tapmır.

Belə ki, 1994-cü il 07 sentyabr tarixində Bakı şəhərinin keçmiş Əzizbəyov (Xəzər) rayon ərazisində torpaq sahəsi almışam. Mərdəkan qəsəbəsinin 535 nömrəli sahəsində (Şağan) yerləşən 28000 kv.m-lik sahədə fərdi ev tikmək niyyətiylə aldığım ərazi Əzizbəyov İHB-nın 748 saylı sərəncamıyla ixtiyarıma verilib.

Hələ torpaq sahəsini yeni aldığım zamanlarda 28000 kv. m əvəzinə 12000 kv. m-lik sahənin rəsmiləşdirildiyini görmüş və səbəbini soruşduqda icra hakimiyyətinin rəsmiləri əlavə 16000 kv. m-lik sahəni də hasara ala biləcəyimi, sonradan onun sənədləşdirəcəklərini bildiriblər. Əldə olunan razılaşmaya əsasən mən həmin torpaq sahəsini hasara alıb, ev inşasına başlamışam. Evin dam örtüyünə qədər inşa etdikdən sonra Ukraynaya səfərə getmişəm. Orda cəmi ilyarım qaldıqdan sonra geri qayıdanda torpaq sahəmi tapa bilməmişəm. Xeyli axtarışdan sonra həmin yerin başqasına satıldığını görmüşəm.

Beləcə artıq 20 ilə yaxındır davam edən hüququm uğrunda mübarizəm başlayıb. Nə yazıq ki, bu vaxta qədər müraciət etdiyim bütün instansiyalar şifahi olaraq həmin ərazinin mənə aid olduğunu təsqidləsələr də hüququmun bərpası istiqamətində heç bir iş görməyiblər. Gah mənə bu ərazinin yerinə hüquqən alınması mümkün olmayan başqa torpaq sahələri göstərib, gah get-gələ salınaraq iddiamdan vaz keçəcəyimi düşünüblər. Nəhayət, hüququmun bərpası tələbimdən geri çəkilmədiyimi görüb məhkəməyə müraciət etməyimi məsləhət görüblər.

Təəssüf ki, ədalətin rəmzi olan, dövlətin əsas strukturlarından sayılan məhkəmə sistemi də hüququmun bərpası istiqamətində lazımi həsassiyyəti göstərməyib. Ötən ilin 20 noyabr tarixində müraciət etdiyim 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi indiyə qədər heç bir qərar qəbul etməyib. Bu isə mənim ya hüququmun bərpası, ya da daha yüksək məhkəmə instasiyalarına müraciət etmək imkanımı məhdudlaşdırır.

Məhkəmə sisteminin bu prosesi ləngitməsinin səbəbinin onun icra strukturuyla üz-üzə gəlmək istəməməsindən qaynaqlandığını düşünürəm. Çünki rayon İHB-sı mənim ölkədə yoxluğumdan istifadə edərək şəxsi mülkiyyətimdə olan həmin ərazini yenidən Hüseynov Heydər Müseyib oğlu adlı birinə verib. Daha sonra bu torpaq qəsbinin izini itirmək üçün sahənin guya ona verilməsi haqqında sərəncamın tarixi xeyli əvvələ yazılıb və həmin ərazi yeni “sahibi” vasitəsilə başqalarına satılıb. Faktiki olaraq mənim evim bir neçə adamın adından istifadə olunaraq özgələşdirilib.

Məhkəmə məhz icra hakimiyyətinin qurduğu bu oyunda ya heç bir tərəfi narazı salmamaq, ya da icra nümayəndələrinin paxırını açmamaq üçün prosesi nəinki ədalətli aparmır, ümumiyyətlə onu aparmaqdan yayınır. Halbuki, mülkiyyətimdə olan ərazinin bir başqasına satılması qanunsuz olduğu kimi, bu barədə sənədin başqa tarixə yazılması da sənəd saxtakarlığıdır və bu faktın özü yalnız başına cinayət xarakterli əməldir.

Əlimdə bu sənəd saxtakarlığını sübut edən xeyli maddi və məntiqi dəlillər var. Məsələn, başlıca dəlil həmin ərazidə mənim inşaat işləri apararkən heç bir iddiaçının ortaya çıxmaması, icra hakimiyyəti rəsmilərinin qapıma dəfələrlə halallığa gəlməsidir. Əgər həqiqətən həmin ərazi məndən əvvəl başqasına verilsəydi, bu fakt o zaman ortaya çıxar, mən də həmin inşaata əlimi bulaşdırmazdım.

Digər bir dəlil Google earth proqramındakı xəritələrdir. Google earth-ın xəritələrinin yaddaşında ərazinin 2006-ci ilə qədərki şəkillərində mənim inşa etdiyim hasar və ev aydın şəkildə görünür. Sənəd saxtakarlığını bu qədər aydın şəkildə göstərən dəlillərin olmasına baxmayaraq məhkəmə onlara hüquqi qiymət vermək istəmir.

Cənab Prezident!

Vətəndaşın mülkiyyət hüququnun qorunması bir dövlətin ən başlıca məqsədlərindən biridir. Dövlət strukturu məhz bu münasibətlərə aydınlıq gətirmək üçün insan oğlu tərəfindən kəşf olunub. Nə yazıq ki, bu gün əlindəki dövlət gücündən istifadə edən xırda məmurlar öz mənfəətləri naminə əsas təyinatlarının əksinə hərəkət edirlər. Bu isə vətəndaşın dövlətə inamını sarsıdır. Nəzərə alsaq ki, bu hadisə yalnız mənim deyil, mənim kimi minlərlə adamın başına gətirilib, indiki çətin şəraitdə, vətəndaş həmrəyliyinə ciddi ehtiyac olduğu zamanda sözügedən məmur özbaşınalığı dövlət srtukturuna vurulmuş ən böyük zərbədir. Üstəlik, xarici dövlətləri Azərbaycana ikili standart mövqeyindən yanaşmaqda ittiham edən ölkənin məmurlarının bu özbaşınalığı, sadə vətəndaşların isə öz elementar insan hüquqlarını bərpa edə bilməməsi ikili standartdan xəbər vermirmi? Məhz buna görə də Sizin bu özbaşınalığın qarşısını almaq üçün lazımi tədbirlər görəcəyinizə əminəm.

Hörmətlə:

Tibb elmləri namizədi,

Ixtiraçı alim

Nizami Hacı oğlu Məmmədov."

Moderator.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar