“Mosulun azad edilməsi çox çətin bir proses olacaq”

İraq Kürdüstanının Hərbi Nazirliyinin baş katibi Cabbar Yavər Mosulun tezliklə “İslam Dövləti” (İŞİD) qruplaşmasından azad edilməsini qeyri-mümkün sayır.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, C. Yavər bunun çox çətin və uzun sürən bir proses olacağını deyib: “Mosul üçün İraqın mərkəzi hökuməti ciddi hazırlıq görməlidir. Koalisiya qüvvələri, şəhər əhalisi və bölgədəki qəbilələr də əməliyyata cəlb olunmalıdır. Mosulun azad olunması üçün ancaq peşmərgələr və şiə qardaşlarımız mübarizə apararsa, bu, vətəndaş müharibəsinə çevrilər. Şiələrlə sünnilər, kürdlərlə ərəblər arasında qarşıdurma başlayar. Ona görə də, Mosulun azad edilməsi prosesinə hər kəs cəlb olunmalıdır”.

Cabbar Yavər vurğulayıb ki, hələ İraq hökumətində Mosulun xilası ilə bağlı dəqiq bir plan yoxdur. O, kürd silahlılarının təlimi üçün NATO-nun dəstək verdiyini və təkcə Türkiyədən 20-30 hərbçinin peşmərgə qüvvələrinə təlim keçmək üçün İraqa göndərildiyini əlavə edib: “Türkiyəyə təşəkkür edirik. İŞİD-ə qarşı mübarizədə Kürdüstana dəstək verdi. Kobanidə döyüşməyə gedən peşmərgələrin öz ərazisindən keçməsinə imkan yaratdı”.

C. Yavər peşmərgə qüvvələrinin maliyyələşməsi ilə də bağlı danışıb. Onun sözlərinə görə, İraqın 2015-ci il büdcəsindən kürd peşmərgə ordusuna 1 milyard ABŞ dolları dəyərində vəsait ayrılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar