Arif Hacılı da Əli Kərimliyə və Rauf Arifoğluna müraciət etdi

Müsavat başqanı Arif Hacılı özünün Facebook səhifəsində bir müraciət yayınlayıb. Musavat.coma istinadən həmin müraciəti təqdim edirik. “Cəmiyyətdə bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Böyük səylər, xərclənən vəsaitlər hesabına insanlar bir-birinin qanına susayıb. Sanki, cəmiyyətdə üzdə olan hər kəs digər beləsinə qarşıdır. Hər kəs hamını, hamı da hər kəsi satqınlıqda, hakimiyyətə işləməkdə, xəyanətdə, Azərbaycana düşmən olmaqda ittiham edir.

Atılan hər addım, deyilən hər söz, görülən hər iş dərhal şübhə altına alınır.

Ən pisi isə odur ki, tabular götürülür.

Din də, qanunlar da, qəbul edilib min illər qorunan ənənələr də bu tabuları müəyyən etmək, bu yolla cəmiyyətdə normal qarşılıqlı davranış qaydaları yaratmaq üçündür.

Tabuların ictimai rəyə təsir imkanlarına malik olan qurumlar, güc mərkəzləri tərəfindən pozulması isə yalnız məyusluq yaratmır, bu həm də ictimai təhlükədir.

Rauf Arifoğlu və "Yeni Müsavat"qəzeti ilə "Azadlıq" qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib.

Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır.

Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də bu xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram.

Hörmətli Rauf Arifoglunun "Hakimiyyət "Azadlıq" qəzetini məhkəməyə verməyimizdən bu qəzetə qarşı istifadə edəcəksə şikayətimizi geri götürəcəyik" -bəyanatını yüksək qiymətləndirməklə yanaşı əminəm ki, hakimiyyət bundan hökmən istifadə edəcək. Odur ki, Rauf bəydən "Azadlıq" qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm.

Hər kəs əmin olsun ki, müxalifət düşərgəsində bu qarmaqarışıqlıq süni surətdə yaradılıb. Demokratik düşərgənin avtoritar rejimə qarşı mübarizə xəttinin biri də müxalifətin içindən keçir.

Bu cəbhə xəttini ləğv etməliyik!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar