"Aİ-nin Rusiya ilə bağlı uzunmüddətli strategiyası olmalıdır" - Donald Tusk

Yeni Aİ sammitinin sədri Donald Tusk bildirib ki, Aİ hadisələrə sadə reaksiya verməkdənsə, Rusiyaya qarşı uzunmüddətli strategiyaya sahib olmalıdır. O, liderlərin Ukrayna böhranının müzakirəsindən çox təsirləndiklərini deyib. Qeyd edək ki, Aİ separatçıları silahlandırdığına görə Rusiyaya qarşı sanksiyaları getdikcə sərtləşdirib. Xəbəri BBC yayıb.

"Uzunmüddətli planımız olmalıdır. Çox nikbin deyilik, lakin real olmaq lazımdır. Bizim strateji problemimiz Ukrayna deyil, Rusiyadır. Ən əsas məsələ Rusiyanın təkcə Ukraynaya deyil, bütövlükdə Avropaya yanaşmasıdır. Müzakirələrimiz Avropanın həmişəkindən çox həmrəy olduğunu göstərir. Rusiyanın davranışlarına qarşı real, hərtərəfli və ümumi mövqe göstərməliyik", - Tusk deyib.

Ukrayna ilə həmsərhəd olan Polşa uzun müddətdir ki, Rusiya ilə gərgin münasibətdədir. Polşa Rusiya prezidenti Vladimir Putinin ən çox tənqid etdiyi ölkələrdəndir.

Sammit əsasən Krıma həsr olunub

Ukrayna və Qərbin etirazlarına baxmayaraq, Şərqi Ukraynada separatçıların əllərində tank, raket və digər ağır texnikalar var. Donetsk bölgəsindəki toqquşmalar atəşkəs səylərinə mane olur. Rusiyaya qarşı son sanksiya kimi bütün Avropa tur operatorlarının Krımda fəaliyyəti və Avropadan Krıma investisiya axınına qadağa qoyuldu. Xatırladaq ki, Rusiya martda Krımı anneksasiya edib.

"Rusiyanı Ukraynadan çıxarmaq üçün onunla əməkdaşlıq etməliyik", - İtaliyanın baş naziri Matteo Rentsi deyib.

Aİ Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, Aİ-nin Rusiya ilə bütün ünsiyyət kanalları açıq olmalıdır. Aİ sammitləri adətən planlaşdırıldığından bir neçə saat çox davam edir. Buna baxmayaraq, Tusk sammiti 1 günə yekunlaşdırıb.

İnvestisiya planı

Sammitdə Jan-Klod Yunker 315 milyard avroluq özəl investisiyanın infrastruktur layihələrə yönəldilməsi ilə bağlı təklif verib. Liderlərin təsdiqlədiyi planı iyun ayınadək işə salınacaq.

Yunker bildirib ki, Komissiya hökumətlərin iri investisiya layihələrində iştirakını müsbət qiymətləndirəcək. Ölkələrin yeni fonda töhfəsinə müvafiq olaraq, investisiyaya təkan verən ölkələr üçün büdcə defisiti tələbləri yüngülləşdiriləcək.

Borc və işsizliyin yüksək səviyyəsindən əziyyət çəkən İtaliya Yunkerin planını xoş qarşılayıb. Rentsi deyib ki, investisiya qərarları təkcə texnokratları deyil, siyasətçiləri də cəlb etməlidir. İtaliya Komissiyanın büdcə tələblərinə cavab vermək üçün çoxdan belə çeviklik tələb edirdi. "Aİ Şurasına sədrliyi dövründə təkcə ciddi iqtisadi tədbirlər deyil, həmçinin inkişaf da İtaliyanın payına düşür", - Rentsi deyib.

Hər ikisi mərkəz-sol olan Rentsi və Fransa prezidenti Fransua Olland ciddi iqtisadi tədbir tərəfdarı olan Almaniya və digər ölkələri avrozonada investisiya layihələrini təbliğ etməyə çağırıblar. /"eunews.az"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar