YENİ NAZİRƏ QARŞI CİDDİ İTTİHAMLAR - "Nəcməddin Sadıkov onu uçuruma aparır"

"Generalı çıxarıb, hansısa özəl bankın mühafizə xidmətinin rəhbəri nazirlikdə mühüm idarənin başına gətirib"

“Səfər Əbiyevin vaxtında belə dərəbəylik və özbaşınalıq yox idi”

Yeni müdafiə naziri Zakir Həsənovun xələfinin dövründə bu və ya digər səbəbdən ordudan kənarlaşdırılaraq ehtiyatda və istefada olanların yoxlanıldıqdan sonra yenidən hərbi xidmətə dəvət ediləcəyini bildirməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Görəsən, Zakir Həsənov hansı mexanizmlə istefada, ehtiyatda olanları yenidən işə götürəcək? Bu zaman qurunun oduna yaşlar da yanmayacaqmı?

Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun bu açıqlamasını anlamadığını bildirdi: "Düzü, anlamadım, bizim hörmətli nazirin bu açıqlamasını. İlk dəfədir eşidirəm ki, istefada olanlar hərbi xidmətə çağrılırlar. Adətən ehtiyatda olanları hərbi xidmətə çağırmaq olur. Amma, istefada olan o deməkdir ki, bu adam artıq hərbiyə tam yararsızdır. Bəlkə də nazir ehtiyatda olanları nəzərdə tutub, amma jurnalist dostumuz onun fikirlərini düzgün verməyib.”

Başqa bir problem də ehtiyatda olanların hal-hazırda işləyənlərin yerini tutmasıdır, onlar da sabah Zakir Həsənovdan şikayət edərək aləmə car çəkəcəklər ki, bizi qanunsuz olaraq kənarlaşdırdı. Beləcə bu problem daha da qəlizləşəcək. Görəsən, hərbi ekspert bu barədə nə düşünür?

Üzeyir Cəfərov bununla bağlı moderator.az-a bildirib: "Bu gün Zakir Həsənovun vəzifəyə təyin edilməsinin düz bir ayı tamam olur. Artıq bəzi məsələrdən danışmaq olar. Çox qəribə vəziyyət yaranıb Müdafiə Nazirliyində. Açığını deyim ki, çoxları bunu dilə gətirməsələr də, hiss olunur ki, Zakir Həsənovla bağlı olan ümidlər o qədər də özünü doğrultmur. Səbəb isə çoxsaylı kadr yerdəyişmələri və bu yerdəyişmələr arasında tam təsadüfi adamların MN kimi mühüm quruma yerləşdirilməsidir. Faktiki olaraq indiyə kimi Prezident İlham Əliyevin güclü ordu ilə bağlı söylədiklərinin üstündən xətt çəkilmə tendensiyası müşahidə olunur. Belə çıxır ki, MN-də vəziyyət son dərəcə pis imiş. Pis olan yerdə isə heç vaxt güclü ordu ola bilməz. Bütün nöqsan və çatışmazlıqlara baxmayaraq, Səfər Əbiyevin dönəmində bu cür boşluq və kadr xaosu yox idi. Bəli, Səfər Əbiyevin də çoxlu səhvləri və nöqsanları var idi. Amma ordu adına belə özbaşınalıq və dərəbəylik yox idi. Mən şəxsən çox narahat və üzgünəm.”

Hərbi ekspert bildirdi ki, bu məsələ ona dinclik vermir və tezliklə bu məsələni geniş ictimai müzakirəyə çıxarmağı düşünür: "Bir ay işərisində Zakir Həsənov 5-10 nəfəri yeni vəzifəyə təyin etməklə sevindirdisə faktiki minlərlə insanda ümidsizlik əhvalı yaratdı. Bunun da başlıca səbəbkarı onu ucuruma aparan Nəcməddin Sadıkov faktorudur. Yaxın günlərdə biz onsuz da bu məsələni tam ciddi ictimailəşdirəcəyik. Ordunun taleyini kiminsə hikkəsinə qurban vermək olmaz. İş o yerə çatıb ki MN-nə aid olmayan hansısa özəl bankın mühafizə xidmətinin rəhbəri MN-də ən mühüm idarənin başına gətirilib. Generalı çıxarıb, onun yerinə ehtiyatda olan birisini gətiriblər. Özü də tam ayrı bir qurumda nə vaxtsa xidmət keçmiş adamı…”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar