"MƏN BELƏ URVATSIZ MÜSABİQƏ GÖRMƏMİŞDİM..." - Etibar Əliyev qalmaqaldan danışdı

“Müsabiqələrin əsas şərtlərindən biri olan konfidensiallıq bu müsabiqədə bir neçə istiqamətdə pozulub"

Xəbər verdiyimiz kimi, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən elan olunmuş “Mənim elektron hökumətim” müsabiqəsinin nəticələri açıqlanarkən, münsiflərlə iştirakçılar arasında dava düşüb. Müsabiqəyə qatılan “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev münsiflərin qiymətləndirməsinin nəticələrini tələb edib: “Münsiflər heyətində Hamlet İsaxanlı, Cəsarət Valehli kimi peşəkarlar olub. Mən istəyirəm peşəkar Hamlet İsaxanlı ilə qeyri-peşəkar Azər Həsrətin mənim yazıma verdiyi qiyməti müqayisə edəm. Ona görə də qiymətləndirmələrin təqdim olunmasını tələb edirəm”.

A.Həsrət isə öz növbəsində Azərbaycanda ilk dəfə elektron poçt sistemi yaradan adam olduğunu deyərək, E.Əliyevi “tərbiyəsiz” adlandırıb: “Sən kimsən ki, burada tərbiyəsizlik edirsən?”

Bundan sonra tərəflər arasında gərginlik artıb və qarşılıqlı ittihamlar daha da sərtləşib.

Bəs Etibar Əliyevin narazılığının kökündə nə durub? Müsabiqə ilə bağlı onun iradları nədən ibarətdir?

O, "Azpolitika.info"ya açıqlamasında bunları deyib:

- Mən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən "Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsi qədər urvatsız müsabiqənin şahidi olmamışam. Bu müsabiqə elan olunandan təqdimat mərasiminə qədər, ciddi pozuntularla müşaiyyət olunub. Belə ki, müsabiqələrin əsas şərtlərindən biri olan konfidensiallıq bu müsabiqədə bir neçə istiqamətdə pozulub. Hər bir müəllifin məqaləsinin e-gov.az saytında ad və soyadla verilməsi və münsiflər heyətinin tərkibinin açıqlanması qeyd etdiyim əsas şərtin kobud şəkildə pozulmasıdır. Artıq müsabiqə iştirakçıları qiymətləndirmədə iştirak edən münsiflər heyətinin üzvlərini əvvəlcədən tanıyırdılar və əksinə, münsiflər heyəti də iştirakçıların kimliyini bilirdi. Bu amil tapşırıq və digər amillərin ortaya çıxmasına şərait yaratmaya bilməzdi.

Məndə olan məlumata görə, münsiflər heyətinin üzvlərinin bir neçəsi qiymətləndirmədə iştirak etməyiblər. Məhz bu sabəbdən onların 3-ü - özü də ən tanınmışları təqdimat mərasimində iştirak etmirdilər.

- Kimlər idi onlar Etibar müəllim?

- Hamlet İsaxanlı, Cəsarət Valehli, Osman Gündüz təqdimat mərasimdə iştirak etmirdilər. İştirak edirdilər Azər Həsrət, Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və İnformasiya Texnologiyaları institutunun bir nümayəndəsi. Mən münsiflər heyətinin hər bir üzvünün verdiyi qiymətlərin açıqlanmasını tələb etdikdə, Azər Həsrət əxlaqsız ifadələr işlətməyə başladı. Bu cür psixoloji tipləri dövlət qurumları o qədər bəsləyiblər ki, onlar özlərini tənqidolunmaz, sözükeçən avtoritetlər kimi hiss edirlər. Təqdimat mərasimindən də görünürdü ki, sanki bütün münsiflər heyətini Azər Həsrət təmsil edir. Mən sizin sayt vasitəsilə onu bildirmək istəyirəm ki, Azər Həsrət kimi dayaz adamların bu mövzuda yazılan məqalələri qiymətləndirmək səviyyəsi ola bilməz. Mənim üçün maraqlı olan Cəsarət Valehli, Osman Gündüz və Hamlet İsaxanlının verdiyi qiymətlə digərlərinin verdiyi qiymətləri tutuşdurmaq idi. Münsiflər heyətinin adından iştirak edənlər isə bundan vaz keçməklə müsabiqəyə olan şübhələrin artmasına şərait yaratdılar.

Çox təəssüflər olsun ki, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azər Həsrətin tərəfini saxlamaqla, müsabiqənin nəticələrinə bir qədər də kölgə salmış oldu. Bütün bunlar və əlimdə olan digər materiallarla bağlı mən Rabitə və Yüksək Texnologiyalar naziri cənab Əli Abbasova məktubla müraciət edəcəm.

V.NƏSİBOV

P.S. Azər Həsrətin də mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar