ƏDALƏT PARTİYASINDAN ABEL MƏHƏRRƏMOVA İTTİHAM – “Kim onun yerinə olsaydı...”

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun son günlər bir neçə rəsmi tədbirdə görünməməsi maraq doğurub. Belə ki, bir neçə gün əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun partiya sədrləri ilə keçirdiyi görüşdə iştirak etməyən İ.İsmayılovun, daha sonra məzunu olduğu və uzun illər dərs dediyi Bakı Dövlət Universitetinin 95 illiyinə həsr olunmuş tədbirə də dəvət olunmadığı məlum oldu.

İ.İsmayılova qarşı bu ayrıseçkiliyə Ədalət Partiyasından etiraz bildirilib. Partiyanın sədr müavini Heydər Oğuz buna görə BDU rəhbərliyini sərt tənqid edib. O, Moderator.az saytına açıqlamasında deyib:

“Hər kəs özünün şəxsi tədbirinə istədiyi adamı dəvət edə və ya etməyə bilər. Əgər keçirilən tədbir hansısa dövlət qurumuna aiddirsə, bu qurumun formalaşmasında iştirak etmiş hər bir kəs oraya fəxri qonaq kimi çağırılmalı, ona ən yuxarı kürsüdə yer ayrılmalıdır. Bu, dədə-babadan bizə yadigar qalan ənənənin, etik normaların tələbidir”.

Heydər Oğuz İlyas İsmayılovun BDU-nin tarixində özünəməxsus xidmətləri olduğunu bildirib:

“Əvvəla, İlyas İsmayılov həmin universitetin yetişdirdiyi nümunəvi kadrlardandır. Sözügedən ali məktəbi fərqlənməylə bitirib. Öz qabiliyyət və bacarığı ilə irəlilədiyi həyat yolunda həmin üniversitetin də adını özüylə bərabər Azərbaycandan kənara çıxarıb. Hazırda BDU-nu haqsızlıq, rüşvət və cəhalət ocağına çevirənlərdən fərqli olaraq, İlyas İsmayılov ona şan-şöhrət gətirib. 6 il bu universitetin Dövlət İmtahan Komissiyasının sədri olub. Orda dərs deyib, istedadlı hüquqşünaslar yetişdirib. Öz intellektual gücüylə hüquq elmləri dokturu adına layiq görülüb. İndi bu adamı sözü gedən ali təhsil ocağının 95 illiyinə çağırmırlarsa, deməli onun rəhbərliyi müəssisəyə öz şəxsi təsərrüfatı kimi baxır. Öz məntiqlərinə görə haqlıdırlar da. Abel Məhərrəmovun şəxsi təsərrüfatında İlyas İsmayılov kimi parlaq ziyalının nə işi ola bilər?”

Heydər Oğuz BDU rəhbərliyini, xüsusilə Abel Məhərrəmovu alim adına uyğun hərəkət etməməkdə, elmi statusundan biznesmen kimi faydalanmaqda, ölkənin ən qocaman ali təhsil ocağının adını batırmaqda günahlandırdı: “Bu gün BDU-nun sabiq dekanları arasında rüşvətə görə cinayət məsuliyyətinə cəlb olunmuş adamlar var. Kim Abel Məhərrəmovun yerinə olsaydı, məlum skandallar ortaya çıxanda dinməz-söyləməz istefa verər, ölkənin aparıcı ali məktəbinin bu hala gətirilməsində oynadığı roldan ötrü xalqdan və elm xadimlərindən üzr istəyərdi. Ən azı ona görə ki, dövlət güvənib bu qədər məsul vəzifəni Abel müəllimə həvalə edib. Gələcək nəsillərimizi kor qoyan rüşvətxorluğun qarşısını almaq da birbaşa onun məsuliyyətinə aid olan vəzifədir. Səbəb nə olursa-olsun, bu neqativ halın qarşısını ala bilməyibsə deməli, o, ən yaxşı halda öhdəsinə götürdüyü vəzifəni layiqincə icra etməyib. Yaponiyada bu cür skandal ortaya çıxsaydı, rektor yüz faiz harakiri edərdi. Abel Məhərrəmov isə sanki heç nə yoxmuş kimi özünü aparır, rektorluqdan dördəlli yapışmaqla qalmır, hətta qeyri-qanuni olaraq millət vəkili ünvanını daşımağa çalışır. Belə bir təfəkkür əhlinin İlyas İsmayılov kimi ziyalını öz yanında görmək istəməməsi başa düşüləndir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar