Nyu Yorkda 2 polis zabiti öldürüldü

“Reuters”in xəbərində deyilir ki, silahlı şəxs Nyu Yorkda 2 polis zabitini güllələyərək qətlə yetirib. Daha sonra isə qatil silahı öz başına dirəyib və atəş açıb. Nəticədə özü də ölüb. Hadisə şənbə günü günortadan sonra baş verib. Bu barədə xəbəri agentlik “The New York Times” qəzetindən əldə edib.

Xəbərdə deyilir ki, polis zabitləri xidməti vəzifələrini yerinə yetirərkən silahlı hücuma məruz qalıb. Silahlı şəxs polisləri güllələdikdən sonra aradan çıxmaq üçün özünü metroya çatdırıb. Ancaq nədənsə sonra özü özünü güllələməyə qərar verib.

Nyu Yorkun polis idarəsinin rəhbərliyi bu barədə qəzetin suallarına cavab verməkdə çətinlik çəkib. Ancaq onlar bildiriblər ki, hazırda güllələnmiş polislər Bruklin Vudhul Tibb Mərkəzində saxlanılır.

Polis idarəsindən onu da bildiriblər ki, qətli törədən şəxsin kimliyi polisə bəllidir. Onun 28 yaşı var. O da hazırda adı çəkilən Tibbi Mərkəzdə saxlanılır. Cinayətin törədildiyi silah da polisin əlinə keçib.

Agentlik bildirir ki, son həftələrdə Nyu York polisi ciddi ictimai təzyiqlər altındadır. Buna səbəb isə yerli polisin bir qaradərilini yaxalarkən boğaraq öldürməsidir. Nyu Yorkda bu hadisəyə on minlərlə insan etiraz edib və etiraz dalğası hələ də davam edir.

Ancaq son insidentin səbəbi barədə ortada elə bir dəqiq məlumat yoxdur. Yəni, polislərin öldürülməsi ilə qaradərili gəncin qətli arasında hər hansı bağlantının olub-olmaması bəlli deyil.

Mayk İsak “CNN”-ə deyib ki, həmin hadisədən sonra şəhərdə əhvalı-ruhiyyə son dərəcə gərgin olaraq qalmaqdadır.

Amerika televiziyaları atışma baş verən yerləri göstərir. Həmin ərazi polis tərəfindən nəzarətə götürülüb. Qatilin özünə qəsd etdiyi metro dayanacağı da polis tərəfindən qapadılıb.

“The Times” isə yazıb ki, Nyu York şəhərində sonuncu dəfə polis zabiti 2011-ci ildə öldürülmüşdü.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar