BİR SUALTI QAYIQ HƏM DƏ UÇA BİLƏRMİ? - Amerikanların inanılmaz layihələri

Amerikalı rejissor Cekob Abramsın çəkdiyi “Hüdudların kənarında” fantastik serialında, ABŞ hökuməti vətənin xeyri üçün ağılalmaz texnologiyalar yaratmaq və paranormal halları öyrənmək məqsədi ilə bir neçə dahini super laboratoriyaya toplayır. Müqayisə üçün deyə bilərik ki, müəyyən mənada “DARPA” da (Defense Advanced Research Projects Agency - Qabaqcıl Müdafiə Araşdırma Layihələri Agentliy) elə həmin laboratoryaya bənzəyir. ABŞ hökuməti bu quruma 2014-cü ildə büdcədən 2,8 milyard dollar ayırıb.

Onu da bildirmək maraqlı olar ki, yeddi şöbədən ibarət olan ”DARPA”-nın işçilərinin ümumi sayı 240 nəfərdir. Bu təşkilat birbaşa ABŞ Müdafiə Nazirliyinə tabedir və 1958-ci ildə Sovet İttifaqının kosmosa yerin ilk süni peykini buraxmasına cavab olaraq yaradılıb. Beləliklə də, "DARPA” amerikanların soyuq müharibə dövrünün ən qızğın çağında yaratdıqları yüksək texnologiyalı məhsullar buraxan müdafiə sistemləri təşkilatıdır. İndi isə bəlkə də elmi fantastika kimi görünə biləcək, ancaq “DARPA”-nın real həqiqətdə üzərində çalışdığı 10 işi ilə tanış olaq.

1. Sintetik qan

Donorlar tərəfindən verilən qanın necə böyük problemlərə çevrilməsi məlumdur və bu, heç də effektli üsul da sayılmır. Çünki qan köçürmə zamanı qan qruplarının uyğun gəlməsi, donor qanının saxlanılması müddəti və qanın təsadüfən infeksiyaya uğraması xoşagəlməz vəziyyətlər yaradır. Amerikan əsgərləri üçün donor qanının çatdırılmasının öz problemləri var. Beləki, "qaynar nöqtələr”dəki döyüşlər zamanı yaralananlar üçün təzə qanın nəql edilməsində çətinliklər törənir. Bu məqsədlə ”DARPA” döyüş nöqtələrindəkilərin qanla təchiz olunmasını həll etmək məqsədilə sintetik qanın hazırlanması üzərində işə başlayıb. Bu qan həmçinin sonralar mülki tibbdə də istifadəyə veriləcək.

2. Yerin altını görə bilən sensorlar

Yer altı sığınacaqlar - düşmən artilleriyası və aviasıyasından gizlənmək üçün ən effektli vasitədir. Lakin tezliklə partizan müharibəsinin strategiyası dəyişə bilər. Çünki “DARPA” pilotlara real zamanda yer altındakı bütün giriş və tunelləri görməyə imkan verəcək sensor üzərində işləyir. Bu sensorların və bunker dağıdan bombaların birlikdə fəaliyyəti “köstəbəklər” problemini həll edəcək.

3. Ekzoskelet

Əsgərlərin özləri ilə birlikdə yük daşımalarının müəyyən bir həddi var. Bəs, əsgər öz skeletinin imkan verdiyindən daha ağır yük götürə bilərmi? Tezliklə “DARPA” mühəndislərinin xüsusi texnologiyası ilə hazırlanacaq ekzoskeletin köməyi ilə çox asanlıqla öz çəkisindən dəfələrlə ağır olan yükün qaldırılması və rahat şəkildə uzaq məsafələrə aparılması təmin olunacaq.

4. Kibernetik böcəklər

Artıq bir neçə ildir ki, ”Pilotsuz uçan aparatlar" (PUA) intensiv şəkildə hərbi kəşfiyyatda istifadə edilir. Lakin onların ölçüləri düşmənə qarşı kəşfiyyat aparmaq üçün tam yararlı sayıla bilməz. Vizual olaraq göründükləri üçün onları vurmaq mümkündür. Elə məhz bu səbəbdən də “DARPA” böyük həcmdə olmayan kibernetik böcəklərin hazırlanması üzərində çalışır. Həmin bu böcəklər gələcəkdə hərbi kəşfiyyatdan tutmuş, kənd təsərrüfatına qədər istifadəyə yaralı ola biləcəkdir.

5. Uzaqdan idarə olunan “A-10 Warthog” bombardmançıları

Təyyarədəki hərbi pilot, həm əsgər üçün, həm də ki, hərbi əməliyyatlar üçün həmişə risk daşıyır. Ən əvvəl ona görə ki, əgər təyyarə vurularsa, onda ölkə vətəndaşını və qiymətli mütəxəssisini itirir. İkincisi isə qarşıya qoyulmuş məqsəd yerinə yetirilmir. Bəs, əsgər təyyarəni təhlükəsiz yerdən, uzaqdan idarə edə bilərmi? Bu cür inkişaf mümkündür və “DARPA” artıq bu layıhə üzərində işləyir. Belə bir layihənin həyata keçirilməsi zamanı hərbi müstəviyə yeni, uzaqdan idarə edilən bombardmançı “A10 Warthog” təyyarələri çıxacaq.

6. Beyin tərəfindən idarə olunacaq, insanın süni ətraf üzvləri

Müasir protezlərin texnoloji cəhətdən inkişaf etməsinə baxmayaraq, onların insan düşüncəsi tərəfindən idarə olunmaması bu protezləri “lüzumsuz yükə” çevirir. Öz “döğma” əzaları kimi istifadə edilməsi məqsədi ilə “DARPA” bu protezləri insan beyni ilə əlaqəyə qoşmağı planlaşdırır. Hələlik plan ondan ibarətdir ki, bu protezlər qeyd etdiyimiz ekzoskeletlə birlikdə hərbi sektorda istifadə olunsun.

7. Uçan sualtı qayıq

Nə qədər qəribə görünsə də, “DARPA” su altına dala bilən və həm də uçmaq qabiliyyətinə malik olacaq aparatın hazırlanmasını qarşısına məqsəd qoyub. Şübhəsiz ki, bu cür aparat yüksək dərəcəli döyüş keyfiyyəti nümayiş etdirə biləcək. Hava döyüşləri zamanı həmin submarina (sualtı qayıq) okean dərinlikərində gizlənərək, sonradan düşməninə qəfil zərbə vurmaq imkanı əldə edəcək.

8. Öz formasını dəyişə bilən proqramlaşdırılmış materiya

“Terminator-2” filmində Arnold Şvartsneqer deyir ki, onun rəqibi olan yeni kiborq xüsusi maye materialdan hazırlanıb və müxtəlif kəsici, deşici və sairə predmetlərə çevrilə bilər. Filmin gedişində həmin kiborqun formasının necə dəyişildiyini görürük. ”DARPA” mütəxəssisləri də məhz öz formasını dəyişə biləcək belə bir materialın icad edilməsi üzərində işləyirlər. İlk növbədə həmin materialın sadə formaları hazırlanacaq. Nümunə üçün elə antenna hazırlanacaq ki, o yerləşdiyi relyefin xüsussiyyətinə uyğun daha effektli işləmək məqsədilə öz formasını dəyişəcək.

9. Heyvanlar kimi öz müvazinətini qorumağı bacaran və sürətli hərəkət etmək qabilliyətinə malik robotlar

Son on illikdə robot texnikası nə qədər inkişaf etsə də, ən müasir robotlar özlərini çox müvazinətsiz aparırlar. ”DARPA” bu vəziyyəti kökündən dəyişdirməyi qərara alıb. Hazırlanan yeni kiborq, başsız itə bənzəyir və özünün dizel mühərriki ilə vızıltılı səs çıxararaq hərəkət edir. ”Bİg Dog” (Böyük İt) adlandırılan bu robot DARPA-nın sifarişi ilə ”Boston Dynamics” şirkətində hazırlanıb və həmin robot özünü heyvanlara məxsus tərzdə aparır, məsələn, onu itələyən zaman yıxılmamaq üçün robot öz müvazinətini saxlamağı bacarır. Bu robot buz və qar üzərində də sərbəst hərəkət edir.

10. Lazer hədəfli güllələr

İndi hərb sahəsi elə inkişaf edib ki, istənilən bir yeri bombalamaqdan ötrü dəqiq lazer və istiliyə doğru yönəldilən bombalardan istifadə olunur. O ki qaldı adi güllələrə, onlar hələki yenə də “axmaqlıqla səhv edirlər”, yəni hədəfi dəqiq vurmurlar. Hazırda “DARPA” yeni güllə hazırlayır ki, onlar uçuş prosesi zamanı öz trayektoriyalarını dəqiq şəkildə düz hədəfə doğru yönəldəcəklər. Belə olan halda atıcılar küləyin sürəti, yağış və rütubət kimi faktorlara əhəmiyyət verməyə bilərlər, çünki onların atdıqları güllələr mütləq “onluğa” dəyəcək.

"AzPolitika"

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar