Ərdoğan Gülənin işini şəxsi nəzarətə götürüb

Bir çox Qərb təhlilçiləri ABŞ-ın Gəlen-i Ankaraya təslim edəcəyinə inanmırlar

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan şənbə günü deyib ki, ABŞ-da mənzillənmiş islamçı vaiz Fətullah Gülən-ə və ona yaxın media qurumlarına qarşı cinayət təhqiqatını şəxsi nəzarətə götürüb.

Prezident bu işlərin siyasi motivli olduğu və qisas xarakteri daşıdığı barədə iddiaları rədd edib.

Bundan bir gün əvvəl, cümə günü İstanbul məhkəməsi Gülən-in həbsi üçün order verib.

Ona qarşı qaldırılmış cinayət işində Fəthullah Gülən terrorçu qəsdə rəhbərlik etməkdə və terrorçu vasitələrlə hakimiyyəti zəbt etmək cəhdində ittiham olunur.

Ankara-Vaşinqton münasibətləri üçün sınaq

Reuters agentliyi yazır ki, Pensilvaniya ştatında könüllü sürgündə yaşayan Gülən-in həbsi üçün verilmiş order Vaşinqton və Ankara arasındakı münasibərtləri sınağa çəkə bilər.

Bir çox Qərb təhlilçiləri ABŞ-ın Gülen-i Ankaraya təslim edəcəyinə inanmırlar. Agentlik bunu da əlavə edir ki, belə bir orderin verilməsi heç şübhəsiz Türkiyədə ədliyyənin müstəqilliyi barədə suallar doğuracaq.

Prokuror Gülən-i silahlı terrorçu dəstəyə başçılıq etməkdə günahlandırıb.

“Heç kimi linç etmirlər”

“Mən bu hüquqi prosesi yaxından izləyirəm, - deyib Ərdoğan Türkiyənin NTV telekanalına, - Hər bir iş qanunçuluq çərçivəsində görülür. Burada heç kimi linç etmirlər”.

Bir vaxtlar yaxın müttəfiqlər olmuş prezident Erdoğan və Hizmet təşkilatının rəhbəri Gülən arasında münasibətlər ötən ilin dekabrında korlanıb. Həmin vaxt Ərdoğan mediada ailəsinə, yaxınlarına və hökumətinin nazirlərinə qarşı korrupsiya ittihamlarının səslənməsini “Hizmet” təşkilatı davamçılarının qəsdi və dövlət çevrilişi cəhdi kimi qiymətləndirmişdi.

Polis və məhkəmə tərəfindən həmin vaxt qaldırılmış korrupsiya iddialarına xitam verilmişdi.

ABŞ-da “Hizmet”ə bağlı təşkilatları təmsil edən Ortaq Dəyərlər Alyansının verdiyi bəyanatda deyilir ki, Gülən-ə həbs orderinin çıxarılması “diqqəti korrupsiya kimi məsələlərdən yayındırnaq cəhdindən başqa bir şey deyil”.

“Nə olsun ki, həbs edilənlər jurnalistdirlər?”

Ötən həftənin sonunda Türkiyə polisi “Hizmet”ə yaxın olduqları iddia edilən media təşkilatılarının binalarına reydlər keçirmişdi.

Türkiyə polisinin reydləri artıq Avropa İttifaqı tərəfindən pislənib.

“Nə olsun ki, həbs olunanlar jurnalistdirlər? Jurnalistlər cinayət törətmirlər? – deyib Erdoğan Avropa İttifaqından gələn tənqidlərin cavabında, - Jurnalistikadan pərdə kimi istifadə edirlər”.

Erdoğan iddialarını əsaslandırmaq üçün Britaniyada telefon söhbətlərinə qulaq asılmasına görə məhkum edilmiş jurnalistləri misal göstərib.

“Türkiyə Avropa İttifaqının qapıçısı deyil”

Avropa İttifaqının tənqidlərinə gəlincə isə, Erdoğan rişxəndlə bildirib ki, Türkiyəni pisləmək üçün hətta Milad bayramı günlərindən də istifadə edirlər.

“Amma 50 ildir ki, Türkiyəni üzvlük növbəsində gözlədirlər. Türkiyə Avropa İttifaqının qapı gözətçisi deyil” – deyib Erdoğan.

Cümə günü keçirilən ilkin məhkəmədə “Samanyolu” telekanalının rəhbəri də daxil olmaqla, üç jurnalistə qarşı qətimkan tədbiri seçilib. “Zaman” qəzetinin baş redaktoru Ekrem Dumanlı məhkəmə zalından azad edilib. Lakin onun üzərindəki ittiham götürülməyib və ona məhkəmə dinləməsində iştirak etməsi barədə xəbərdarlıq edilib.

Cənab Dumanlı deyib ki, ölkə prezidentinin jurnalistlər barədə bu cür bəyanatlar verməsi ədliyyə prosesinə müdaxilə kimi qiymətləndirilməlidir.

“Bu həm də Türkiyə mediasının qalan nümayəndələrinə xəbərdarlıqdır ki, prezident barədə necə yazmaq barədə düşünsünlər” – deyib baş redaktor.(Azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar