Rəsul Quliyevdən ziddiyyətlərlə dolu yeni “analiz” - MƏQALƏ

Prezident seçkilərindən 2 ay əvvəl hədəfini dəyişən, hakimiyyəti buraxıb müxalifəti tutan Rəsul Quliyev, seçkidən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, Milli Şura, Müsavat əleyhinə tənqidlərini dayandırmaq istəmir. ACP-nin keçmiş lideri bu gün Facebook-a yerləşdirdiyi yeni məqaləsində də bu kursunu davam etdirib. Bu dəfə Milli Şuranı məğlubiyyətin səbəblərini müzakirə etməməkdə ittiham edən Quliyev, növbəti dəfə iddia edib ki, İlham Əliyevin qələbəsi bütün dünya tərəfindən tanınıb, həm də ilk dəfə olaraq. 

AzPolitika.info R.Quliyevin ziddiyyətlərlə dolu yeni məqaləsini təqdim edir.

“Ölkə tarixində ən önəmli hadisə sayılan prezident seçkisi xalqın xeyrinə qurtarmasa da, ilk dəfə Əliyev beynəlxalq təşkilatların demək olar ki, hamısının seçkini qəbul etdiyi triumfla ''qələbə'' çaldı. Bu triumfun fonunda Milli Şura və bütövlüklə müxalifət daha da cılızlaşdı. Bir neçə qəzet və internet səhifələrindəki heç bir əhəmiyyəti olmayan diferambaları bir kənara qoysaq,''müxalifət'' ölkədə varlığının yoxluluğuna nail olub. Ağır məğlubiyyətdən sonra məğlub tərəfin məğlubiyyətinin səbəblərini müzakirə etməməsi nə vaxt, hansı ölkədə, hansı tarixdə mümkün olduğunu kim mənə izah edə bilər? Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi “hökumət seçkiləri saxtalaşdırdı” deyib müzakirədən qaçanların nə vaxtsa, heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur. Bu gün bu insanların ''siyasət'' meydanına yapışıb qopmamaları xalqın gələcəyinin üzərindən hökumətlə müqayisədə daha qalın xətt çəkir. Hökumətə münasibət stabil neqativdir. Bu münasibət real müqavimət gücü formalaşdıra bilər. Bu prosesin sürətini zəiflədən amillərdən biri müzakirələrdən qaçanların müxtəlif donlarda yenidən özlərini millətə sırımaq cəhdləridir.

Seçkilərdən iki ay keçməsinə baxmayaraq MŞ bir dəfə də məğlubiyyətin səbəblərini müzakirə etməyib. Müzakirə etsəydi, bəlkə də şəhərin içərisində metronun yanında verilmiş maksimum 10 min nəfərin yerləşə biləcəyi meydana niyə 3-5 mindən artıq adamın gəlmədiyinə cavab tapardı və səhv siyasətinin nəticələrinin ləğvi ilə məşğul olardı. Azı 2 milyona yaxın mitinqə gəlmək imkanı olan bakılıların cəmi 5 mininin mitinqə çıxmasını 1milyon 995 mininin total şəkildə hökumətdən qorxması ilə bağlamaq ağılsızlığın yuxarı formasıdır.

Seçkilər yaddan çıxıb. Məğlubiyyət unudulub. Yeni formalı ''mübarizə'' başlayıb. Qəzetlərdə müxalifətin bu dəfə ''real'' qələbə yolları göstərilir. Məsələn, Cəmil müəllim ABŞ-ın ''xüsusi'' dəvəti ilə (Bu nə xüsusi dəvətdir. Hansı dövlət təşkilatı və hansı məqsədlə göndərib bu dəvəti.) artıq konqresin Azərbaycanla əlaqədar olmayan dinləmələrində (və yaxın azı 2 ildə belə bir dinləmələr nəzərdə tutulmayıb) geniş ''çıxış'' edib. ABŞ prezident seçkisini qəbul etməyib, Cəmil müəllimi xüsusi dəvət ediblər və onu ''prezident təyin edəcəklər'' kimi primitiv ideyalarını bu yazıq millətə yedirtmək istəyirlər.

Müsavat partiyasının keçirmək istəmədiyi qurultayından camaat üçün şou düzəltmək istəyirlər. 800-900 qurultay iştirakçılarının yerləşəcəyi zal axtarırlar. Birincisi, həmin 800-900 nəfərin razılığı ilə onların 10-dan birini seçmək şərtilə sayı 10 dəfə azaltmaqla hətta öz ofisinizdə keçirə bilərsiniz. Bolşeviklərin 50 nəfərlik qurultayı dövlət çevrilişi, menşeviklərin 500 nəfərlik qurultayı isə heç nə edə bilmədi. İkincisi Müsavat partiyasında ideyalı üzvlərin toplam sayı cəmi 800-900 olar, ondan artıq olmaz. Bu gündəmdə qalmağın bir yoludur.

İkinci yol Qarabağın azad edilməsi, korrupsiya və rüşvətlə əlaqədar uşaq təklifləri irəli sürməkdir. Məqsəd yəni “biz də varıq” deməkdir.

Bu insanların yeganə düzgün addımı istefa verib getməklərindədir, ancaq bu işi görən deyillər, boks məşqində armud deyilən şey var, boksçu daima onu vurmaqla gücünü artırır.

Ancaq sonuncu prezident seçkisi armudun lazımlığını xeyli azaldıb.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar