İordaniyada 11 nəfər edam edildi

“Agence France-Presse”in paytaxt Ammandan verdiyi xəbərdə deyilir ki, İordaniya Həşimi Krallığı bazar günü ölkədə 8 il ərzində moratorium qoyulmuş ölüm hökmünün icrasına yenidən start verib. Nəticədə 11 nəfər qatilin ölüm hökmü asılmaqla həyata keçirilib.

İordaniya Daxili İşlər Nazirliyinin mətbuat katibi Ziyad Zubi yerli“Petra news”agentliyinə verdiyi açıqlamada bu faktı təsdiq edib.

Rəsmilər onu da qeyd ediblər ki, asılan məhbusların heç biri siyasətlə və terror aktları ilə bağlı şəxslər deyil. Asılanların orta yaş həddi 40 civarında olub.

Asılmamışdan əvvəl məhbusların son xahişi yerinə yetirilib. Bir çoxları öz ailələrinə son sözlərini çatdırmağa üstünlük verib, edamdan öncə siqaret çəkmək arzusunda olanlar da olub.

İordaniyada sonuncu dəfə edam hökmü 2006-cı ildə baş verib. O vaxtdan indiyə kimi isə 122 nəfərə ölüm hökmü çıxarılıb.

Həşimi Krallığının daxili işlər naziri Hüseyn Macali demişdi ki, moratorium aradan qaldırılmalıdır. Belə ki, bu ölkədə edamla bağlı ciddi müzakirələr gedib. Xalq kütlələri əmindir ki, ölüm hökmünün icra olunmaması İordaniyada kriminal hadisələrin çoxalmasına təkan verib. Ona görə də sıradan insanlar ölüm hökmünün icra olunmasına maraq göstərir.

Ekspertlər bildiriblər ki, ölüm hökmünün icrasını yenidən gündəmə gətirməklə hökumət ölkədə artan kriminal hadisələrin sayını azaltmağa çalışır.

Yaxın Şərqdə ölüm hökmünün icrası çox populyardır. Məsələn, qonşu Səudiyyə Ərəbistanında bu il 83 nəfər edam edilib.

“Amnesty International”ın mart ayında verdiyi məlumata görə, dünyada edam hökmləri ən çox tətbiq edən ölkələr sırasında Çin öndə gəlir. Növbəti sıralarda isə İran, İraq, Səudiyyə Ərəbistanı və ABŞ yer alır.

Qeyd edək ki, 179 adamın ölümü ilə nəticələnən terror hücumundan sonra Pakistan da ölüm hökmünün icrasına tətbiq etdiyi moratoriumu aradan götürüb. Artıq orada da edamlar başlayıb. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar