KONTURLARIMIZI YEYƏN SİRLİ ŞİRKƏTLƏRİN TAM SİYAHISI - Araşdırma + Fotofakt

“AzPolitika” konturlarımızı müxtəlif bəhanələrlə mənimsəyən şirkətlərin siyahısını əldə edib

Mobil telefon istifadəçilərinin hansı operatorun istifadəçisi olmasından asılı olmayaraq, balansındakı vəsaitinin müxtəlif bəhanələrlə silinməsi mövzusunu “AzPolitika” olaraq, davam etdiririk. Araşdırmamız göstərir ki, biz mobil abunəçilər özümüz də bilmədən elə bir şəbəkənin girovuna çevrilmişik ki, bu şəbəkəyə aid şirkətlər nə hüquq, nə istehlakçı haqları tanıyırlar, nə də kimdənsə qorxub, ehtiyyat edirlər.

Bu mövzuda bir neçə gün əvvəl dərc etdiyimiz araşdırmada “Novomedia” adlı şirkətin mobil telefon istifadəçilərinin konturlarını necə mənimsədiyi barədə məlumat vermişdik. Şirkət təmsilçilərinin də mövqeyini dərc etdiyimiz həmin yazıda şirkətin səlahiyyətli şəxsi kontur yeyintisini müxtəlif, guya qanuni səbəblərlə izah etməyə çalışmışdı və biz də jurnalist etikası və KİV haqqında qanunvericiliyin tələblərindən çıxış edərək, həmin fikirklərə yer vermişik. Lakin davam etdirdiyimiz araşdırma onu göstərir ki, “Novomedia” təmsilçisinin arqumentləri, yumşaq desək, “çürük”dür və bizim balanslarımızdan sözün əsl mənasında oğurlanan pulların məsuliyyətini “Novomedia” başda olmaqla, 10-dan artıq şirkət daşıyır. Bəli, söhbət təkcə “Novomedia”dan deyil, daha 14 şirkətdən gedir. Bu şirkərtlər əvvəlki araşdırmamızda qeyd etdiyimiz kimi, internetdə dolu olan ulduz falı və digər mənasız, zəhlətökən mesajları bizə pulla sırımaqla məşğuldurlar. Axı hansı ağılsız müştəri internetdə pulsuz və zibil kimi dolu olan axmaq məlumatları operatordan pulla almağa razı olar? Əlbəttə, heç kim, sadəcə bu başabəla şirkətlər heç bir qanuni əsası olmayan yollarla abunəçini aldadaraq, cibinə girir! Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, bu şirkətlərə deyəsən müvafiq dövlət orqanlarının və hətta Milli Məclisin də gücü çatmır.

Bəlkə də Milli Məclisə bu siyahını verən yoxdur. Ola bilsin ki, sizə təqdim edəcəyimiz siyahı heç Vergilər Nazirliyində də yoxdur. Əgər belədirsə, buyursunlar bu şirkətləri və onların fəaliyyətinin qanuniliyini araşdırsınlar.

Söhbət aşağıdakı şirkətlərdən gedir:

“Navigator”

“Novomedia”

“Babylonia”

“M lab”

“İnnova T”

“TMG LLC”

“MCM”

“E-MOBİLE”

“İNFİOSTRİM”

“FUN MOBİLE”

“AZMARK”

“VOİDA”

“SMSPAY”

“VİALİNK”

“AGNA”

Bu siyahıda göstərilənlərdən müxtəlif sms-lərlə manipulyasiyalardan daha böyük qazanc götürənləri “Novomedia”, “Navigator”, “Fun-mobile” və “Babylonia”dır ki, bunlarda mənasız və zəhlətökən pullu mesajların qiyməti 1 mesaja görə 6 qəpikdən başlayaraq, 3-4 manata qədər artır! Azərbaycandakı mobil nömrələrin üst-üstə əhalinin sayına yaxın olduğunu nəzərə alsaq, bu şirkətlərin qanunsuz vasitələrlə əldə etdikləri vəsaitin həcmini təsəvvür etmək o qədər də çətin olmamalıdır. Dəqiq rəqəm söyləmək çətin olsa da, söhbətin 1 ayda təxminən 5-10 milyon manatdan getdiyi şübhə doğurmamalıdır.

Kontur “yeməklə” milyonlar qazananların ağ yalanı

Əvvəlki araşdırmamızda mövqeyini öyrəndiyimiz “Novomedia” şirkətinin təmsilçisi deyirdi ki, bu tipli pullu mesajların qəbuluna abunəçi operatordan nömrə alarkən imzaladığı müqavilədə göstərilən müddəayla razılıq verir. Yəni, guya nömrə alarkən imzaladığımız müqavilədə belə bir müddəa var ki, operator bizə bu cür zəhlətökən mesajlar göndərə bilər və biz də ”stop” yazıb imtina etməsək, konturlarımız avtomatik silinə bilər! Şirkətin təmsilçisi deyir:

“Hər bir mobil operator abunəçilərlə müqavilə imzalayarkən, orada bu cür “sms” xidmətlərinin də göstəriləcəyi əksini tapır. Yəni, abunəçilərdən əvvəlcədən bu cür mesajlar göndərilməsinin razılığı alınır. Kim ki, mobil operatorlarla müqavilə bağlayarkən bu cür xidmətlərdən imtina edir, onların adı bizə də göndərilir. Belə şəxslərin adı “qara siyahıda” olur və onlara bu cür “sms”lər göndərilmir.”

Bu açıqlama həqiqətə nə qədər uyğundur? Əvvəlcə onu qeyd edək ki, bu müqavilələr o qədər uzun olur ki, abunəçilər çox vaxt onu oxumur. Ancaq necə də olsa, oxucularımıza operatorlardan birinin – konkret olaraq, “Bakcell”in nömrə alan şəxslə imzaladığı müqaviləni təqdim edirik. Oxuyaq, görək hansısa pullu mesaj xidmətilə bağlı burada bircə kəlmə varmı:

Yoxdur!

Elə isə bu sual yenə də açıq qaldı: konturlarımızı "yeyən" bu sirli şirkətlərin qanunsuz və yarımgizli fəaliyyətinə kim və niyə rəvac verir və dövlət orqanları belə fırıldaq fəaliyyətlərə niyə göz yumurlar. Ən əsası, mobil operatorları öz müştərilərinə xəyanət yolunu tutmağa vadar edən nədir?

Mövzunu davam etdirəcəyik.

635x100

Şərhlər

Şahin 2014-12-22 10:02:13

Nömrəmlə bağlı yaranmış problemlə əlaqədar dəfələrlə 555 nömrəsi ilə əlaqə saxlamağa çalışdım. Lakin operatorla əlaqə düyməsi deaktiv edilmişdir. Problem ondan ibarətdir ki, nömrəmin balansına vəsait oturduram, danışmadığım halda hər gün müəyyən məbləğ silinir. Güman edirəm ki, cibgirlik və oğurluqla məşğul olan bəzi dırnaqarası şirkətlərin, razılığım və ümumiyyətlə xəbərim olmadan hansısa çox mənasız və lazımsız xidmətlərinə qoşulmuşam. Qoşulmuşam dedikdə məni düzgün başa düşün, mənim istəyimi və fikrimi öyrənmədən nömrəmi həmin lazımsız xidmətə qoşublar. Uzun illərdir ki, Bakcell nömrəsinin istifadəçisiyəm. Son illərədək göstərmiş olduğu xidmətlərdən razı idim. İnanıram ki, operatorla əlaqənin olmaması mənim kimi bir çox istifadəçinin narazılığına səbəb olmuşdur.

Son yazılar