PUTİN SARAY ÇEVRİLİŞİ İLƏ DEVRİLƏ BİLƏR – “Dəyişiklikləri oliqarxlar təşkil edəcək”

Keçirdiyi mətbuat konfransında prezident Vladimir Putin rublun məzənnəsinin möhkəmləndirilməsi barəsində danışan zaman, ölkə vətəndaşları dollar, avro almaq və zəifləyən rubllarını əllərindən çıxarmaq üçün piştaxtadakı məhsullara, sanki hücum çəkmişdilər. Sankt-Peterburqda istər bahalı avtomobil salonlarında və istərsə də ərzaq dükanlarında uzun növbələr əmələ gəlmişdi. Yerli kütləvi informasiya vasitələri yazır ki, Finlandiya və Baltik ölkələrindən Rusiyaya ucuz benzin və elektron malları almaqdan ötrü xeyli axın var.

Staqnasiyadan ressesiyaya doğru

Müstəqil ekspertlər Putinin büdcədəki profisit və istehsalın böyüməsi barəsindəki sözlərini şübhə ilə qarşılayırlar. Sankt Peterburqdakı “Avropa Universiteti”nin professoru Dmitriy Travin hesab edir ki, iqtisadiyyatdakı böhran Krım hadisələrindən və sanksiyaların tətbiqindən xeyli əvvəl başlayıb. Onun fikrinə görə indiki böhranın başlıca səbəbi Rusiya iqtisadiyyatının bərbad vəziyyətdə olmasıdır. O, bu barədə bildirib: “Keçən ilin, yəni 2013-cü ilin yekunlarına əsasən iqtisadiyyat demək olar ki, dayanıb, staqnasiya güclənib. İş orasındadır ki, bütün bunların hamısı yüksək neft qiymətləri dövründə yaranıb. Lakin müqayisə üçün deyim ki, 2014-cü ildəki vəziyyət daha da pisləşib. Hazırda biz staqnasiyadan ressesiyaya doğru gedirik. Yəni istehsal durma nöqtəsinə gəlib çatıb”.

Politoloqun fikrinə görə, iqtisadiyyatın geriləməsində sanksiyaların rolu olsa da, o ən mühüm faktor deyil.

Cəmiyyəti hələ uzun müddət manipulyasiya etmək mümkündür

Sankt-Peterburqun müstəqil sosioloji araşdırmalar mərkəzinin prezidenti, sosioloq Viktor Voronkov, Travinin mövqeyi ilə razılaşaraq deyib: ”Məsələlərə ümumi yanaşsaq, onda aydın görərik ki, bizim cəmiyyətdə fərdiyyətçilik xüsusiyyətləri öncüllük təşkil edir. Cəmiyyətin həmrəyliyi isə çox bərbad vəziyyətdədir, ona görə də belə bir cəmiyyətlə çox gözəl manipulyasiya etmək mümkündür və elə bunu indiki vəziyyətin özü də əyani göstərir. Bu cəmiyyət televiziyadan onlara təqdim olunanları müzakirə etmək istəmir. Çünki diskussiya üçün meydandan məhrum olmuş ictimai düşüncə, rəsmi nümayəndələrin onlara söylədiklərini qəbul etməyə alışıb. Hazırda cəmiyyətdə elə sürətli dəyişikliklər gedir ki, sosioloji sorğuların dəqiq analiz edilməsi demək olar ki, az qala mümkünsüz hal alıb. Mən belə hesab edirəm ki, əhalinin 70 faizini siyasət qətiyyən maraqlandırmır və onların həm Ukraynada və həm də ki, dünyada nələrin baş verdiyi haqqında təsəvvürləri belə yoxdur. Amma mağazadakı, aptekdəki qiymətlər və öz şəxsi pul kisələri onları maraqlandırır. Biz onlardan soruşsaq ki, siz Putinin siyasətini müdafiə edirsinizmi. Cavab verəcəklər ki, bəli-bəli, biz prezidentləyik.”

Hər iki ekspert hesab edir ki, iqtisadi vəziyyətin çətinləşməsinə baxmayaraq, hələlik sosial partlayış və ya diğər çaxnaşmaların vaxtı gəlib çatmayıb. Bu barədə Dmitriy Travin deyir: ”Məndə, hələlik, Ukrayna Maydanındakına bənzər kütləvi etirazların Rusiyada da ola biləcəyinə dair hər hansı bir hiss yoxdur. Belə güman edirəm ki, Rusiya vətəndaşlarının rifah səviyyəsi çox böyük səviyyədə ziyan görməyib. Əslində hər şey neftin qiymətinə bağlıdır. Əgər neftin qiyməti 1998-ci ildə olduğuna oxşar şəkildə aşağı düşərsə, onda əmək haqları azalacaq, qiymətlər qalxacaq və belə olan təqdirdə, idiki siyasi rejim uzun müddətə davam gətirə bilməyəcək”.

Siyasətşünas Viktor Varonkov düşünür ki, əgər yaxın iki il ərzində Rusiyada lider dəyişikliyi baş verəcəksə, bu hadisə cəmiyyətin sosial aktivliyi sayəsində deyil, oliqarxların saray çevrilişi nəticəsində baş tutacaq. Bu haqda ekspert bildirib: ”Hal-hazırda indiki böhrandan daha çox hansı quyunun dibində oturduğunu qətiyyən anlamayan xalq deyil, daha ziyadə, milyardlarla dollar itirən böyük biznes əziyyət çəkir. Ona görə də məsuliyyətsiz və avantürist xarici siyasətə son qoymaq lazımdır. Lakin belə görünür ki, Putini uzaqlaşdırmadan, Rusiyanın öz normal sifətini saxlaması mümkün olmayacaq. Oliqarxlar tərəfindən təşkil ediləcək çevriliş yalnız demokratik istiqamətdə baş verəcək. Çünki onlara azad və sərbəst bazar lazımdır. Amma çox təssüf ki, bu proses cəmiyyət tərəfindən deyil, yenidən elitanın tələbinə uyğun şəkildə yuxarıdan həyata keçiriləcək.”

“Deutsche Welle”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar