Kralın bacısı dələduzluqda ittiham olunur - QALMAQAL

İspaniya kralı VI Filippin bacısı, şahzadə Kristina dələduzluq ittihamı ilə məhkəmə qarşısına çıxmalı olacaq.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Balear adalarının Ali Məhkəməsi qərar çıxarıb.

Bu, İspaniyanın tarixində ilk hadisədir ki, kralın yaxın qohumu cinayətdə şübhəli bilənərək məhkəməyə çağırılır.

Taxt-tacdan imtina etmiş I Xuan Karlosun qızı Kristina de Burbon məhkəməyə korrupsiya işi ilə bağlı çağırılıb. Bildirilir ki, şahzadə və onun həyat yoldaşı, hersoq İnyaki Urdanqarinə qarşı açılan cinayət işi 3 ildən çox davam edir. Cütlük fırıldaqda və vergilərdən boyun qaçırmaqda, sənədlərin saxtalaşdırılmasında və 6 milyon avro həcmində ictimai vəsaitin xərclənməsində ittiham olunur.

Hersoq Urdanqarinin rəhbərlik etdiyi “Noos İnstitute” xeyriyyə təşkilatı da gündəmə gəlib. Ehtimal olunur ki, hersoq bu qurum vasitəsi ilə layihələrin dəyərini şişirdərək əldə olunmuş gəliri ofşor bank hesablarına köçürüb.

İ. Urdanqarinə qarşı 8 ittiham irəli sürülüb. Onu ən yaxşı halda 18 il həbs cəzası gözləyir.

Xatırladaq ki, 2013-cü ilin aprelində müstəntiq Xose Kastro şahzadə Kristinaya qarşı ittiham irəli sürüb. İstintaq zamanı müstəntiq belə qənaətə gəlib ki, İspaniya infantası (vəliəhd olmayan kral övladları İspaniyada belə adlandırılır – red.) ərinin maxinasiyaları barədə xəbərdar olub və onu dəstəkləyib. Məhkəmə əvvəlcə bu ittihamları rədd etsə də, sonradan istintaq prosesi yenidən bərpa olunub.

İ. Urdanqarin isə dindirmə zamanı bildirib ki, onun biznesi ilə həyat yoldaşı Kristina de Burbonun heç bir əlaqəsi yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar