Vaşinqtonda Cəmil Həsənli ilə Azərbaycan dinləmələri -VİDEO

Azərbaycanlı-Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının təşəbbüsü ilə Vaşinqtonda “Azərbaycan demokratiya sorağında: Cəmil Həsənli ilə söhbət” başlıqlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Cəmil Həsənli Azərbaycanda keçirilmiş prezident seçkiləri haqda qənaətlərini bölüşüb. Seçkiləri Azərbaycan xalqının imicinə zərbə kimi qiymətləndirən müxalifət lideri "The Washington Post" qəzetində çıxan məqaləyə istinad edərək 9 oktyabr seçkilərinin ilin ən rüsvayçı hadisələrindən biri kimi siyahıya düşdüyünü qeyd edib.

“Sizin üçün bunlar gözlənilməz ola bilər. Amma biz bilirdik ki, saxtakarlıq Azərbaycan hakimiyyətinin mahiyyətidir,” deyə Cəmil Həsənli tədbir iştirakçılarına bildirib. Onun sözlərinə görə, seçki Azərbaycan hakimiyyəti üçün “sadəcə bir görüntü” xarakteri daşıyır və bu yolla hakimiyyət əslində mənimsənilir. “9 oktyabrda Azərbaycan xalqına qarşı cinayət törədildi,” deyə Milli Şuranın namizədi əlavə edib.

Azərbaycandakı siyasi dirumu təhlil edən siyasi xadim ölkədə son 10 ildə avtoritarizmin xeyli gücləndiyini qeyd edib: “Neft gəlirləri artıdqca Azərbaycan hakimiyyəti avtoritarlaşdı. Korrupsiya Azərbaycanın iqtisadi və siyasi həyatının bütün sahələrinə təsir göstərməyə başladı. Bu gün Azərbaycanda korrupsiyadan kənar həyat yoxdur. Korrupsiya və neft gəlirləri şəxsən İlham Əliyevi və onun hakimiyyətini zənginləşdirib. Əhalinin geniş kütlələri isə yoxsullaşır”.

Video streaming by Ustream

Cəmil Həsənli bildirib ki, yoxsulluq ucbatından Azərbaycan vətəndaşlarının nəhəng hissəsi xaricə üz tutub və faktiki olaraq seçicilərin böyük bir kəsimi ölkədə yoxdur. Onun qənaətinə görə, seçkilərdə əhalinin yalnız 20 faizi iştirak edib və onların 60 faizdən çoxu Milli Şuranın namizədinə səs verib.

Seçki saxtakarlıqlarının daha aşkar forma aldığını qeyd edən Cəmil Həsənli tədricən Azərbaycan seçicisinin öz hakimiyyətini formalaşdırmaq hüuqundan uzaqlaşdırıldığını bəyan edib. “Belə bir şəraitdə həm Milli Şuranın, həm də demokratik qüvvələrin qarşısında duran vəzifə hakimiyyəti formalaşdırmaq hüququnu xalqın özünə qaytarmaqdır”.

Cəmil Həsənli seçkiyə müsbət rəy vermiş bir sıra Avropa müşahidəçilərini sərt tənqid edib. “Azərbaycan Avropa Şurasına daxil olanda biz ümid edirdik ki, Azərbaycan Avropanın qaydalarına uyğunlaşacaq. Amma Azərbaycan Avropa Şurasını öz qaydalarına uyğunlaşdırdı”. O, demokratik yolla seçilmiş bəzi Avropa parlamentarlarının Azərbaycanda “rüsvayçı seçkilərə” müsbət rəy verməsini qəbuledilməz adlandırıb.

Daha sonra Cəmil Həsənli diqqəti Azərbaycanda vüsət alan korrupsiya hallarına yönəldib. Bu qismdə o, prezident İlham Əliyevin ailəsinə məxsus vəsaitlər haqda beynəlxalq mətbuatda dolaşan araşdırma yazılarını qeyd edib.

Milli Şuranın namizədi habelə diqqəti Azərbaycanda mövcud olan siyasi məhbuslara çəkib. Bu xüsusda o, N!DA gənclər hərəkatının nümayəndələrini, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov və dini inanclarına görə həbs olunanları qeyd edib. “Onların sayı 140-dan çoxdur. Onların hamısı istisnasız olaraq saxta ittihamlarla tutulub”, - deyə Cəmil Həsənli hətta totalitar Sovet hökumətinin də dissidentlərin ciblərinə narkotika atıb tutdurmağı özünə sığışdırmadığını bildirib.

ABŞ-ın Azərbaycan siyasəti haqda danışan Cəmil Həsənli son 10 ildə demokratiyanın təhlükəsizlik və enerji maraqları ilə müqayisədə arxa plana keçdiyini vurğulayıb. Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan hökumətinin davranışında xeyli dəyişiklik baş verib. “Məsələn, 10 il bundan öncə heç vaxt Azərbaycan hakimiyyəti ABŞ səfiri ilə belə hərəkət edə bilməzdi. 10 il öncə heç vaxt Azərbaycan hakimiyyəti Tomas Melianı Bakıya buraxmaqdan imtina edə bilməzdi”, deyə Cəmil Həsənli Vaşinqtonu Azərbaycan hakimiyyəti ilə yumşaq davranmaqda ittiham edib ("Amerikanın səsi").

***

Cəmil Həsənli ABŞ-a bir neçə günlük səfərində ABŞ Konqresinin, Dövlət Departamentinin və bir sıra siyasi-ictimai təşkilatların nümayəndələri ilə görüşüb. Bu görüşlərdə Cəmil Həsənli Azərbaycanda seçkidən sonrakı siyasi mühiti və Azərbaycan müxalifətinin üzləşdiyi təzyiqləri müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar