"UKRAYNADAKI HADİSƏLƏR PUTİNİN İNTEQRASİYA LAYİHƏSİNİ DAĞIDIR" - TƏHLİL

Avstriyalı politoloq, İnsbruk Universitetinin professoru və Rusiya məsələləri üzrə mütəxəssis Herxard Manqotun “Deutsche Welle”-yə (Alman dalğası) müsahibəsinin tərcüməsini təqdim edirik.

- Belarus prezidenti Lukaşenko və Qazaxıstan prezidenti Nazarbayev Kiyevi ziyarət etdilər. Onların hər ikisi də Ukrayna ilə dostluq münasibətlərinin inkişafından danışıb. Bütün bunlar hansı mənaya gəlir?

- Lukaşenko və Nazarbayev, Vladimir Putinlə ”Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın sammitində görüşəcəklər. Onların hər ikisi də bu görüşdən əvvəl Ukraynadakı böhranın yumşaldılması üçün nələrin edilə biləcəyini aydınlaşdırmaq istəyiblər. Moskvadan fərqli olaraq, Minsk və Astana hesab edir ki, bu Ukraynadaxili böhran yox, Rusiya ilə Ukrayna arasındakı böhrandır. Həm Lukaşenko və həm də Nazarbayev Ukraynanın ərazi bütövlüyünün mühümlüyünü önə çəkirlər.

- Lukaşenko telekameralar qarşısında Ukrayna prezidenti Poroşenkonu əmin etdi ki, onların istənilən xahişini 24 saat ərzində yerinə yetirməyə hazırdır. Burada hansı köməkdən söhbət gedə bilər?

- Belarusdakı iqtisadi vəziyyət gərgindir. Moskvadakı maliyyə böhranı Belarusa və həmçinin də Qazaxıstana təsir göstərib. Hətta Lukaşenko tələb edir ki, Rusiya ilə aparılan ticarət hesabları avro və ya dollarla həyata keçirilsin. Minsk və Astanadan Kiyev üçün hər hansı maliyyə və iqtisadi yardımın gəlməsindən söhbət gedə bilməz. Hər iki dövlətin rəhbəri demək istəyir ki, onlar Moskva ilə münaqişədə Kiyevə siyasi dəstək verməyə hazırdırlar.

- Lakin Moskva Lukaşenkoya xəbərdarlıq edərək bildirib ki, ABŞ-la oynamağın sonu Səddam Hüseyn və ya Müəmmar Qəddafinin aqiəti ilə nəticələnir.

- Bu birbaşa xəbərdarlıqdır. Son aylar iqtisadi-siyasi və maliyyə məsələlərində Moskva ilə Minsk arasında ciddi fikir ayrılığı yaranıb. Hər iki ölkənin Gömrük İttifaqında olmasına baxmayaraq, bir-birilərinə qarşı gömrük məhdudiyyətləri və baryerlər yaradırlar. Minsk, Rusiyanın Avropa Birliyi üzvü olan ölkələrdən gətirilən ərzaq mallarına qoyduğu embarqonu açıq şəkildə pozur.

Belarus və Qazaxstan Ukrayna böhranından özləri üçün dərs götürüblər və hər ikisi də yaxşı anlayır ki, onların ölkələrinin ərazi bütövlüyü təhlükə altına düşə bilər. Gömrük İttifaqı onlara sərf edir, amma hər iki ölkə siyasi baxımdan Moskvanın təsirini zəiflətməyə cəhd göstərir. Bu isə onların yaratdığı Avrasiya İqtisadi ittifaqının gələcəyi üçün yaxşı heç nə vəd etmir. Amma Minskə təsir göstərmək üçün Moskvanın əlində xeyli vasitələr mövcuddur. Belarus iqtisadiyyatı Moskvanın köməyi olmadan yaşaya bilməz. Bunu Lukaşenko da anlamalıdır. Qərb, Belarusa hər hansı maliyyə yardımı etmək fikrində deyil.

- Nursultan Nazarbayev, Lukaşenko kimi impulsiv olmasa da, xəbərdarlıq edərək deyib ki, böhranlar üzündən Avrasiya İqtisadi ittifaqı böyük risklə üzləşir. Digər tərəfdən Nazarbayev deyib: ”Sovet İttifaqını bərpa etmək istəyənin, ümümiyyətlə beyni yoxdur”. Amma yəqin ki, Nazarbayev Putinin Sovet İttifaqının dağılmasını keçən əsrin ən böyük geosiyasi fəlakəti adlandırmasını unutmayıb. Nazarbayev bilərəkdən bu sözləri seçməyib ki?

- Tamamilə düzdür. Yadda saxlamaq gərəkdir ki, Putin Nazarbayevi və Qazaxıstanı həyəcana salmaq üçün hər şey edib. Putin Seliqerdə keçirdiyi görüş zamanı bildirdi ki, Qazaxıstanın dövlət ənənəsi yoxdur və o, yalnız Nazarbayevin hesabına dayanıb. Bunu belə başa düşmək olar: Nazarbayev gedəndən sonra Qazaxıstanın müstəqilliyi də sual altına düşəcək. Bizim hamımız yaxşı bilirik ki, etnik cəhətdən xeyli rus, Qazaxıstanın şimalında düz Rusiya ilə sərhəddə yaşayır. Qoşun yeritməklə bu əraziləri zəbt etmək Moskva üçün çox sadə bir işdir. Nazarbayevin son çıxışından aydın olur ki, Putin öz sözləri ilə Moskva üçün mühüm sayılan Avrasiya İqtisadi İttifaqının perespektivinə nə qədər güclü zərbə vurub. Krımın ilhaq edilməsi və Ukraynanın şərqindəki hadisələr Putinin xarici siyasətinin əsas sütunu olacaq inteqrasiya layihəsini dağıdır. Deməli artıq inam itib. İndi Putin özünə hesab verməlidir ki, onun Ukraynadakı aqressiv hərəkətləri əldə olunan əvvəlki üstünlüklərin üstündən xətt çəkmirmi?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar