Azərbaycan-Gürcüstan sərhədində gərginlik

“Sınıq Körpü” buraxılış-keçid məntəqəsində avtomobil və piyadaların hərəkəti üçün problem yaranıb

Noyabrın 23-də Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq Körpü” buraxılış-keçid məntəqəsində avtomobil və piyadaların hərəkəti üçün problem yaranıb. Gürcüstan sərhədini keçərək Azərbaycana gəlmək istəyən 80-yə yaxın TİR, 100-dən çox minik avtomobili sərhəddə qalıb.

Bu barədə “Yeni Müsavat” a məlumat verən sürücülər acınacaqlı vəziyyətin axşam saatlarından davam etdiyini söyləyiblər. Sürücülərin sözlərinə görə, problem Azərbaycan gömrüyü tərəfindən yaradılıb. Eyni zamanda piyada keçid məntəqəsində də uzun növbələr yaranıb. Gürcüstan sərhəddini rahatlıqla keçən piyadalar Azərbaycan tərəfinin uzun-uzadı yoxlanmasından şikayət edirlər.

Qeyd edək ki, Gürcüstan tərəfi maşınların buraxılmasında heç bir problem görmür. Oradan maşın sahiblərinə bildiriblər ki, problem Azərbaycan tərəfindədir və bununla bağlı onlara heç bir izahat verilmir. Sürücülər isə deyir ki, əgər axşama yaxın da buraxılış bərpa olunmasa, sərhəddə tıxac Rustaviyə qədər gedib çıxacaq.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarına cavab verən “Sınıq Körpü” gömrük-keçid məntəqəsinin əməkdaşları bildiriblər ki, sərhəddə heç bir problem yoxdur: “Şənbə və bazar günləri digər günlərə nisbətən sıxlıq olur. Sıxlığı əsasən ağır tonnajlı yük maşınları yaradır. Piyadalara isə dəfələrlə xəbərdarlıq olunub ki, qadağan olunmuş yeyinti məhsullarını keçirməyə çalışmayın. Piyada keçidindən keçən hamının üstü-başı, çantası, yükü yoxlanır. Növbə də elə bu zaman yaranır. “Sınıq Körpü” gömrük-keçid məntəqəsi tam gücü ilə gecə-gündüz işləyir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar