Lalə Şövkətdən ittiham dolu açıqlama

“Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər...”

 

Lale ShovketAzərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin Milli Şurada onu partiyasından bir başqasının təmsil etməsi üçün qurumun İcra Aparatına müraciət edib. Bəzi KİV bunu ALP-nin Milli Şuranı tərk etməsi kimi qiymətləndirib. ALP liderinin müavinləri yaranmış vəziyyətlə bağlı Lalə Şövkətin adından müraciət yayıblar. Müraciəti “Teleqraf.com” dərc edib.

"Milli Şuranın yaradılması haqda danışıqlar Eldar Namazov, AXCP və Müsavat arasında 4 ay müddətində bağlı qapılar arxasında gedirdi. Yeni layihənin mahiyyəti barədə heç kimin təsəvvürü yox idi. Mən bu koalisiyanın formalaşdırılmasına ancaq Rüstəm İbrahimbəyovun zəngindən sonra qoşuldum. O, situasiya haqda mənə məlumat verdi və yeni müxalifət koalisiyasına daxil olmağımı xahiş etdi. Biz İbrahimbəyovla hələ Moskvadan yaxşı tanış idik və mən onun təklifini qəbul etdim”, - deyə müraciətdə bildirilir.

ALP liderinin sözlərinə görə, hələ o zaman İbrahimbəyova deyib ki, Milli Şurada onun üçün qəbuledilməz insanlar təmsil olunub və onlarla bir masa arxasında oturmağı özünə rəva bilmir: “Belə razılaşma oldu ki, mən bu təşkilatın tədbirlərində ancaq Rüstəm İbrahimbəyov Azərbaycana qayıdandan sonra iştirak edəcəyəm. Bundan sonra Eldar Namazov ilk dəfə mənə yalnız iyun ayında zəng etdi. Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığı məsələsini həll edə bilməyəndən sonra Eldar Namazov, Sülhəddin Əkbər və Mirmahmud Mirəlioğlu mənimlə görüşə gəldilər. Biz bu situasiyanı ətraflı müzakirə etdik və mən onlara bildirdim ki, bu layihə nə strateji, nə taktiki baxımdan düzgün düşünülməyib”.

Lalə Şövkət daha sonra deyib ki, Milli Şurada olan bəzi insanlar R.İbrahimbəyova dezinformasiya çatdıraraq onu çox pis vəziyyətdə qoydular: “O, Milli Şuranın sədri seçilən gündən dərhal sonra ona qarşı çox güclü hücumlar vüsət aldı. Eyni zamanda “Yeni Müsavat” qəzeti Milli Şuraya və İbrahimbəyova qarşı fəal kampaniya apardı. Bu kampaniyanın təşkilatçıları belə bir ictimai rəy yaratmaq istəyirdilər ki, guya Milli Şura Rusiyanin projesidir. Sual olunur: əgər Milli Şura Rusiya layihəsi idisə bəs niyə görə 4 ay aparıcı qərbyönümlü partiyalar bu layihəni işləyib və onun içində çox fəal iştirak edirdilər?

İndi isə bu qüvvələr bəyan edirlər ki, müxalifət iki hissədən ibarətdir – Heydərçilər və Elçibəyçilər, və bu vəziyyətdə Elçibəyçilər revanş götürməlidirlər. Buyurun, revanş götürün. Bəs onların məhz Elçibəyin şinelindən çıxan partiyalardan ibarət olan İctimai Palatası var idi. Onda Milli Şuraya niyə qatıldılar? Nə işləri var idi orada? Bu gün, demək olar ki, bunlar Milli Şuranı yenə də İctimai Palataya çevirmək istəyirlər. Bu nə evcik oyunudur? Bunun nə mənası var idi? Burada nə məntiq, nə ağıl var".

Lalə Şövkət onu da əlavə edib ki, R.İbrahimbəyov pasport məsələsini həll edə bilmədiyini deyən məqamdan sonra, onu dünən göylərə qaldıranlar, ağsaqqal və böyük sayanlar dərhal ona qarşı təhqirə keçdilər və qəzetlərində ona qarşı təbliğata başladılar: “Belə də mənəviyyatsızlıq olar? Belə adamlarla işləmək mümkün deyil. Onlar daim məni ittiham edirlər ki, Heydər Əliyevin vaxtında az qala ölkədə əsas adam olmuşam, Heydər Əliyevlə işləmişəm. Bəli, işləmişəm, Heydər Əliyevin komandasında olmuşam. Bu həyatımın bir səhifəsidir və ondan heç vaxt imtina etmərəm. Bunlar isə heç bir vəchlə nə şəxsiyyət kimi, nə siyasətçi kimi Heydər Əliyevin səviyyəsinə çata bilməzlər. Mən bunu açıq bəyan edirəm və sözümün üstündə dururam. Əgər onlar Heydər Əliyev siyasətini qəbul etmədiklərini bildirilərsə, biz də bunların siyasətinin törətdiyi faciələri görmüşük. Heydər Əliyev üçün 1993-cü ildə Naxçıvana təyyarə göndərənlər və gəlişi üçün yalvaranlar bunlar olub. Bu tarixdir. Və heç kim bunu yaddan çıxarmayıb.

O da bir tarixdir ki, 1998-ci ildə ANS telekanalına verdiyi müsahibəsində mərhum Elçibəy açıq bəyan etmişdi ki, "müxalifət qəzetləri iki siyasətçini vururlar – məni və Lalə Şövkəti". Bu gün İbrahimbəyova qarşı çirkin kampaniya aparanlar 1998-ci ildə eynilə çirkin kampaniyanı Elçibəyə qarşı aparırdılar. Tarix və insanlar bunu yaddaşda həkk ediblər. İndi nə oldu ki, həmən bu adamlar özünü "Elçibəyçilər" adlandırırlar? Niyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir Elçibəyçi?".

Lalə Şövkətin ittihamlarına Müsavatdan cavab verilib. Partiya başqanının müavini Mehman Cavadoğlu “Modern.az”a deyib ki, Lalə Şövkətin mövqeyi yanlışdır. “1998-ci il prezident seçkiləri ilə bağlı İsa Qəmbərin qəti və konkret fikri olub, Həmin situasiyanı çoxları yaddan çıxarıb. O vaxt İsa Qəmbər demişdi ki, seçici heç vaxt seçki bülletenində onunla Elçibəyin adını birgə görməyəcəklər” deyən partiya funksioneri bu ifadənin İsa Qəmbərlə Elçibəy arasında razılığa gəlmək anlamında işlədildiyini vurğulayıb.

“1998-ci ildəki vahid namizəd məsələsini zaman-zaman gündəmə gətirirlər. Hərə öz istədiyi kimi yanlış istiqamətə yönəldir. 1998-ci ildə Elçibəylə İsa Qəmbər arasında problem olmayıb. Ümumi proseslər gedirdi. Bu proseslərdə müxtəlif namizədlər var idi. Vahid namizədlə bağlı deyilənlər gündəliyə çıxandan sonra məsələ Elçibəylə İsa Qəmbər arasında həll olunacaqdı” - deyə M. Cavadoğlu bildirib.

Cavadoğlu əlavə edib ki, sadəcə olaraq həmin dövrdə proseslər başqa istiqamətə yönəldi və seçkiləri boykot qərarı verildiyindən vahid namizəd məsələsi həll olunmamış qaldı.

Bu arada məlumat yayılıb ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Lalə Şövkətlə görüşüb yaranmış durumu müzakirə edəvək. ALP sədi Əvəz Temirxan "aznews.az"a deyib ki. görüşlə bağlı təklif Cəmil Həsənlidən gəlib: “Dünən bu barədə Cəmil müəllimlə telefonda danışdım. Lalə xanım da məsələdən xəbərdardır”.

Ə.Temirxan deyib ki, görüş gələn həftə içərisində baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar