Metal istehsalına hücum “nəticəsini" verdi- Rəsmi istehsal 51,7% azaldı

Aslan İsmayılov: «Vergidən yayınmaq və yuxarıya az pul vermək üçün real istehsalı az göstərirlər»

Bu ilin yanvar-oktyabr aylarında ölkədə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 324,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, istehsalın həcmi metallurgiya sənayesində 0,3% artıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,7% azalma baş verib.

Yanvar-oktyabr ayları ərzində sahə üzrə 1,6 min ton və ya 77,7% çox çuqun tökmə, 57,1 min ton və ya 9,0% çox polad borular, 189,5 min ton və ya 8,6% az armatur istehsal edilib.

Xatırladaq ki, bir müddət əvvəl metal sahəsində baş verənlərlə bağlı mətbuatda ciddi müzakirələr gedirdi və bu sahədə fəaliyyət göstərən sahibkarların sıradan çıxarılması xəbərləri gündəmi zəbt etmişdi. Tanınmış metal biznesmenləri Zülfüqarlı qardaşları da, bu sahədə olan monopoliyanın qurbanına çevrildilər və külli miqdarda vəsaitləri əllərindən alındı. Hazırda metal məmulatlarının istehsalının azalması da bu sahənin inhisara alınması və sahibkarların sıxışdırılması ilə izah edilə bilər.

Tanınmış vəkil Aslan Ismayılov azadlıq-info-ya bildirib  ki, istehsalın kəskin azalması inhisarçılıqla yanaşı bu sahədə olan qeyri-şəffaflıqla bağlıdır: “Metal istehsalının azalmasında inhisarçılıq, sahibkarlıq fəaliyyətinin sıxışdırılması müəyyən rol oynayır. Ancaq bu sahədə 51.7 faiz azalmanın səbəbinin kökündə başqa amillər dayanır. Zülfüqarlı qardaşları istehsal etdiyi məhsula uyğun olaraq vergi ödəyirdilər. Indi isə bu sahə bir əldə birləşib və vergi ödənilmir. Bu sahə Rasim Məmmədovun əlindədir və bu adam istehsal olunan məhsulu az göstərməklə həm vergidən yayınır, həm də yuxarılara az pul verir. Real istehsal azalsaydı, bu, tikintidə də hiss olunardı. Indi tikintilər sürətlə gedir və bu sahə ilə bağlı problem görünmür. Şəxsi istəkləri həyata keçirmək üçün real istehsalı az göstərirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar