ZAHİD QARALOVDAN SENSASİYALI AÇIQLAMALAR - "Əli Nağıyev düz deyir"

“Vaxtilə Heydər Əliyevə sui-qəsd hazırlayanlar və onun əleyhinə danışanlar indi vəzifə tutublar”

AzPolitika.info Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, məşhur 91-lərdən biri, YAP-ın Səbail rayon təşkilatının sədri, nəhayət Baş prokuror Zakir Qaralovun əmisi Zahid Qaralovun Publika.Az-a maraqlı, hətta sensasiyalı açıqlamalar, ittihamlarla dolu müsahibəsini təqdim edir:

- Yeni Azərbaycan Partiyası 21 yaşını qeyd edir. YAP-ın yaranmasını və o vaxt üzləşdiyi çətinlikləri necə xatırlayırsınız?

- Yaxşı bilirsiniz ki, 90-cı illərin əvvəllində keçmiş SSRİ İttifaqı dağılandan sonra Komunist Partiyası ləğv edildi və ayrı-ayrı siyasi partiyalar yarandı. Bu partiyaların da hər biri müstəqil, suveren, güclü Azərbaycan dövləti yaratmağı üzərinə məqsəd və vəzifə olaraq götürmüşdi.

Amma prosesin gedişi göstərdi ki, həmin siyasi partiyaların heç biri buna nail olmaq gücündə deyil. İlk növbədə ona görə ki, o dövrdə bu partiyaları yaradan adamlar həvəskarlar idi. Onlar siyasi partiyanın əsl mahiyyətini dərk etməmişdilər. Bunlar sadəcə olaraq nümayişkarcasına uzun illər üzvü olduqları Komunist Partiyasının üzvlük biletini cırıb küçələrdə yandırdılar. Bu, siyasi əxlaqsızlıq idi.

Daha sonra cəbhəçilər Ayaz Mütəllibovu qovub hakimiyyətə gələn zaman göstərdilər ki, bunlar nəinki demokratik deyil, hətta ölkəni hərtərəfli məhvə aparırlar. Hər kəsin yadında olar: o dövrdə Milli Məclisdə deputatların hər birinin stolunun üzərində siqaret qutusu var idi. İclas gedə-gedə deputatlar siqaret çəkirdilər.

Bundan başqa, siqareti çəkib ayaqlarının altına atırdılar. Guya, bu da azadlıqdır. Yəni, Sovet İttifaqından nə qalmışdısa da, bu adamlar bütövlüklə şumladılar. Ona görə də biz ziyalılar o dövrdə bir araya gəlib fikirləşdik. Mən o dövrdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru idim.

Bu yüksək vəzifə idi və mən 20 il idi ki, o vəzifədə idim. O dövrdə məktəbdən tutmuş dövlətə qədər necə dağıdılırdısa, hamısının canlı şahidi idim. Adamların bir-birinə inamı az olsa da, rəhmətlik Ziya Bünyadov kimi böyük alimlərimiz var idi. O vaxt ziyalılar mənim otağıma yığışardılar. Biz o dövrdə tarixi bir addım atdıq.

Sonradan Heydər Əliyevin Qızıl Fondu adlandırılan 91-lər mənim kabinetimdə oturub həmin müraciəti yazıblar. Biz bu məktubu oktyabrın 24-də təyyarə ilə yola saldıq. Səhəri günü isə “Səs” və “İki sahil” qəzetləri həmin müraciəti çap etdi. Düz 8 gündən sonra Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verildi. Amma konkret tapşırıq da verilmişdi ki, bunların heç biri buraxılmasın.

O dövrdə vəziyyət çox ağır idi. Mən bu tarixi əks etdirən iki cildlik kitab yazmışam. Çox ağır bir şəraitdə biz məcbur olub partiyanın təsis konfransını Naxçıvanda keçirdik. Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər. Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir.

Bu adam o dövrdə bizə yalandan deyirdi ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir və s. Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb.

Heydər Əliyevin əleyhinə danışan adamlar var ki, indi yüksək vəzifə tutublar. Hətta təkcə əleyhinə danışmırdılar, Heydər Əliyevə sui-qəsd hazırlayanlar vardı. Ona görə də mən “Heydər dağına kölgə salmaq olmaz” adlı seriya məqalələri yazıb “Səs” qəzetində çap etdirmişəm. Heydər Əliyev o vaxtı dedi ki, elə bil bu yazılar yayın qızmar günündə göydə şimşək kimi çaxdı.

Bundan sonra camaatın bir hissəsi geri döndü. O vaxt mərhum Sirus Təbrizli də kəskin material dərc etdirdi. Biz soyuqda, şaxtada çətinliklə Naxçıvana getdik və konfrans keçirdik. Tədbir keçirilən yer o qədər soyuq idi ki, insanlar paltoda-papaqda əyləşmişdilər. Bircə Heydər Əliyev kostyumda idi. Hətta gətirib Heydər Əliyevin ayağının altına qızdırıcı cihaz qoymaq istəsək də, o, buna imkan vermədi.

Çox çətinliklə iclası keçirdik. Bir gecə qalıb səhərisi gün Bakıya qayıtdıq. Gələn kimi üzərimizdə axtarış aparıldı. Mənim kabinetimə gəlib seyfimi də yoxladılar ki, 91-lərin siyahısında kimlər var. Bütün bunların başında dayananlar isə Əbülfəz Elçibəy idi...

Bəzən sual olunur ki, YAP bu xalqa nə verib? YAP bu xalqa indiki müstəqil Azərbaycanı, təbi sərvətlərimizdən xalqın xeyrinə istifadəni, milli kadrları, xalqın birliyini verib. Ziyalılar YAP-ı yaratmaqla böyük iş gördülər.

“Əbülfəz Elçibəyin Bakını tərk etməsi üçün iki istiqamətdə təyyarə hazırlamışdılar”

- Bəs necə oldu ki, Əbülfəz Elçibəy Heydər Əliyevi kömək üçün Bakıya çağırdı?

- Bilirsiz, Əbülfəz Elçibəy hakimiyyəti qoyub getdi. Hətta onun gedişi üçün iki istiqamətdə təyyarə hazırlamışdılar. Biri Türkiyəyə, o biri Naxçıvana getmək planı idi. Elçibəy Türkiyəyə getmədi. Çünki ona deyildi ki, Türkiyə prezidenti Süleyman Dəmirəl Heydər Əliyevin dostudur və Elçibəyi tez ələ verə bilər. Bunu mənə onun yanında həftələrlə qalan adamlar danışıblar.

Sonra Heydər Əliyevin tapşırığı ilə mən, Asya Manafova və digərləri toplaşıb Kələkiyə getdik. Çox söhbətlər oldu ki, qayıdıb gəlsin. Ancaq Elçibəy dedi ki, mənim buradan da əmr vermək ixtiyarım var. O dövrdə real vəziyyət belə idi. Bunlar vəziyyəti bu cür çətinləşdirirdilər. Yəni, Əbülfəz Elçibəy qaçmağa məcbur oldu. Çünki əks təqdirdə Sürət Hüseynov bunların hamısını öldürəcəkdi.

“İsgəndər Həmidov Əli Nağıyevin oturduğu binaya hücum çəkib”

- 91-lərin digər üzvü olan Əli Nağıyev bu günlərdə müsahibəsində iddia edir ki, o dövrdə “Səs” qəzetində sizin məqalələrinizi çap etdirib və s. Bu, doğrudurmu?

- Əli Nağıyev düz deyir. Çünki bu qəzeti Əli Nağıyev yaratmışdı. Bu qəzetin yaranması üçün vaxtilə Heydər Əliyevin yüksək vəzifəyə irəli çəkdiyi və sonra onun əleyhinə çıxan adamlar, Heydər Əliyevin gəlişini hiss edənlər sonradan bu qəzetə maliyyə yardımı göstərilməsindən imtina ediblər.

O dövrdə çox çətinliklə, öz maaşlarımız hesabına “Səs” qəzeti buraxıldı. Əli Nağıyev ondan-bundan pul yığırdı ki, gəlin, bu qəzeti çıxaraq. Ona görə də Əli Nağıyev doğru deyir. Hətta onda lent yazıları da var. O vaxtı “Əlincə cəmiyyəti”ndə otururdu və qəzetdə 91-lərin müraciəti çıxandan sonra İsgəndər Həmidov Əli Nağıyevin oturduğu binaya hücum çəkmişdi.

Hətta İsgəndər Həmidovun açdığı güllələr hələ də qalır. Siyavuş Novruzov təşkil etsin, gedib öz gözlərinizlə də görün. O dövrdə İsgəndər Həmidovu, Sülhəddin Əkbəri bizim üzərimizə kim göndərirdi? Bu adamları nazir qoyan şəxs - Əbülfəz Elçibəy göndərirdi də. O dövrdə ölkə dağılırdı, parçalanırdı.

Ona görə də biz birləşdik və özümüz üçün təhlükəli olsa da, bu addımı atdıq. O vaxt Mərkəzi Komitənin, sonra da prezidentin fərmanı ilə təyin olunan 2 nəfər 91-lərdən olan adam var idi. Bunlardan biri rəhmətlik Ziya Bünyadov, digəri isə mən idim. Bizə tez-tez hədə-qorxu və təhdidlər olurdu.

Bundan əlavə, Əli Nağıyevin universitetdə imza toplama işində də böyük xidmətləri olub. Bunu danmaq olmaz.

“Əli Ömərov Heydər Əliyevi müdafiə etməyi bacarmadı”

- 91-lərin digər bir üzvü Əli Ömərov da YAP-dan incik düşdüyü dəfələrlə bəyan edib. Əli Ömərovun xidmətlərini necə qiymətləndirirsiz?

- O dövrdə Əli Ömərov Gəncədə dəmiryolu prokuroru idi. O da 91-lərə imza atıb. Heydər Əliyev də hakimiyyətə gələn zaman bu adamı baş prokuror təyin etdi. Ancaq sonralar Əli Ömərov baş prokuror kimi necə işlədi, nə baç verdi, bu məsələyə toxunmaq istəmirəm. Ancaq fakt o idi ki, Əli Ömərov Heydər Əliyevi müdafiə etməyi bacarmadı. Çünki xuliqanlar gəlib prokurorluğa doldular. Çox təəssüf ki, indi o adamlardan deputat olanı da var. Hətta həmin adamlar o dövrdə Əli Ömərovun özünü də az qala öldürürdülər.

İndi deyə bimərəm ki, indi Əli Ömərovu incik salan nə olub. Ancaq mən hökumətdə heç vaxt təmsil olunmamışam. Mən yalnız 10 il Milli Məclisdə təmsil olunmuşam, o zaman da mənə bələdiyyə tapşırılıb. Mən 1956-cı ildən bəri sırf elm-təhsil işi ilə məşğulam. İndiyədək 170-ə qədər elmlər namizədi və doktoru yetişdirmişəm.

Ancaq onu da qeyd edə bilərəm ki, YAP-dan doğrudan da incik düşənlər var, özü də bunlar 91-lərdəndir. Bir neçə adam var ki, mənim kimi adamlardan incik düşüblər. Heydər Əliyev hər zaman 91-lərə böyük diqqət və qayğı göstərirdi. Tapşırmışdı ki, 91-lər ən azı icra başçısı və yaxud da partiyanın rayon təşkilatının sədri olmalıdır. Amma indi rayon və şəhərlərin icra hakimiyyəti başçılarının müavinləri həm də partiya təşkilatının sədridir.

Əli Ömərov 91-lərin nümayəndəsidir və bu adam işsiz qalmamalıdır. Bu adam baş prokurorluqdan azad olunubsa, ona əlavə iş verilməlidir. Əli Ömərov, Asya Manafova və 91-lərdən olan digər şəxslər var ki, bunlara xüsusi diqqət göstərilməlidir. Vaxtilə bu adamları şikəst edənlər, onlara hədə-qorxu gələnlər indi Milli Məclisdə və ya hər hansı vəzifədə oturublar. Ancaq Əli Ömərov sakit oturub.

Bu adamlar sakit otura-otura həm də sadiqliklərini qoruyub saxlayıblar. Bütün 91-lərdən kim qalıbsa, artıq onların qırxı gedib. Bu adamlar, o cümlədən Əli Ömərov da seçki öncəsi prezident İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər. Mən hələ ki, 91-lərdən öz sadiqliyini itirənini görməmişəm. Amma 10 ildir ki, işsizdirlər. Çox təəssüf ki, 1995-ci ildən sonra 91-lərin bir qrupu unudulub. Özü də bu adamların heç biri satqın olmayıb.

Məsələn, Musa Musayev. Bu adam sadiqdir, amma vəzifədən çıxarılıb. O, nə günahın sahibi idi? Sağ olsun prezidentimizi, bu yaxınlarda Musa Musayevi YAP Siyasi Şurasının üzvü kimi saxlatdırdı. İndi bu, bir az ona təskinlik verir. Axı niyə bu cür adamlar işsiz oturmalıdır? Bir tərəfdən deyirlər ki, ciddi və bacarıqlı kadrlarımız yoxdur. Axı niyə yoxdur? Bəs bu adamlar nədir? Bu cür adamlar artıq yetişib, 20 ildə sadiqliyini göstərib. İndi nə var ki, bu adamlar kiminsə haqqında hansısa məclisdə narazılıq bildirib?

Və ya Xeyrəddin Qoca niyə işsiz qalmalıdır? Bu adamın ailə üzvləri də işsizdir. Bu adamlara bir iş qəhətdir? Bu adamlar nazir olmaq, hökumət üzvü olmaq istəmir ki! Peşəsinə uyğun adi bir iş istəyir də. Ən azı bir stimul lazımdır. Mən bu yaxınlarda YAP-ın İdarə Heyətinin iclasında da bu məsələni qaldırmışam. Mən təşəkkür edirəm ki, Əli Əhmədov həmin adamlardan 5-6 nəfərini saxlayıb.

Vasif Həsənli

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar