“HAFKA" FRANSIZ JURNALİSTİ NECƏ SATIN ALDI? - İfşa (Video)

Fransanın məşhur “Canal+Sport” idman telekanalı bir neçə gün öncə Azərbaycandan olan oliqarx Hafiz Məmmədovun yeni məşğuliyyəti olan futbol barədə maraqlı bir süjet göstərilib.

Bu süjetin efirə getməsinə səbəb yəqin ki, “Hafka” ləqəbli iş adamının Fransanın məşhur “Lans” klubunu alması və biznesmenin futbolla bağlı digər hay-küylü layihələri olub.

Virtualaz.org saytının haqqin.az-a istinadən verdiyi məlumata görə, Hafiz Məmmədov telekanalın jurnalistlərini köhnə adəti üzrə “hərtərəfli qonaqpərvərliklə” qəbul edib. Xarici nümayəndə heyətlərini qarşılayanda olduğu kimi, onları yaxşıca yedirib-içirib.

Süjetdəki ilk kadrlardan da göründüyü kimi, “Hafka” fransız jurnalistlərə öz malikanəsi ilə tanış edir, onlara hovuzunu, istirahət otaqlarını göstərir.

“Nə barədə istəyirsinizsə, sual verin, bunların hamısı sizin xidmətinizdədir” deyə oliqarx bildirir.

Reportajda H.Məmmədovun Fransanın “Lans” futbol klubunu hansı imkanlar hesabına maliyyələşdirdiyi araşdırılıb. Telekanal bu mövzuda H.Məmmədovdan, “Lans” klubunun üzvlərindən və Azərbaycanın araşdırmaçı jurnalisti Xədicə İsmayıldan alınan müsahibələri təqdim edib.

Gizli çəkilmiş kadrların da yer aldığı reportajda qeyd olunur ki, H.Məmmədov Azərbaycanda beş sözükeçən adamdan biridir, 40-dan çox şirkətin sahibidir. Fransalı jurnalistlər onun belə böyük biznesə necə yiyələnə bildiyinə dair suallara cavab axtarıblar.

Reportajda H.Məmmədovun şirkətlərinin fəaliyyətindən söz açılır, hakim ailənin onu bütün biznes fəaliyyətlərində dəstəklədiyi deyilir. Bildirilir ki, H.Məmmədov hakim ailəyə yaxın şəxslərdən biridir.

H.Məmmədov gəlirlərinin mənbəyi barədə telekanalın sualına belə cavab verir ki, bunu daha çox şansa, Tanrının yardımına bağlayardı.

Reportajda siyasi çalarlar da yer alır və Azərbaycan idarəçilik baxımından İran, Şimali Koreya ilə müqayisə olunur.

Reportajda H.Məmmədovun ondan müsahibə alan jurnalistlərə 16 min dollar dəyərində 2 qol saatı bağışladığı, jurnalistlərin imtinasını qəbul etmədiyi və hədiyyələri bir növ zorən verdiyi qeyd olunur və bildirilir ki, qol saatlarını məcburən qəbul edən jurnalistlər onları sonradan “Sərhədsiz reportyorlar” təşkilatına təhvil veriblər. “Sərhədsiz reportyorlar” bu saatları hərracda sataraq pulunu dünyada mətbuat azadlığına dəstək üçün xərcləyəcək.

Reportajın sonunda Azərbaycanın mətbuat azadlığına görə dünyada aşağı yerlərdən birini tutuduğu da qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar