Qırmızı xəttin o biri tərəfində...

Hüseynbala SƏLİMOV

Siyasətdə bəzən vəziyyəti, reallığı fiksə etməyə ehtiyac olur. Bu, olmayanda adam fəaliyyətini nizamlaya bilmir. Bəlkə də kimsə razılaşmayacaq və deyəcək ki, bu, bir qədər şişirtmədir, amma bizə elə gəlir ki, hazırda ölkənin siyasətində keyfiyyətcə yeni mərhələ yaranıb...

Bu vəziyyəti xarakterizə etmək üçün bircə söz də kifayətdir: o, sərtlikdir... Bəli, nə qədər təəccüblü olsa da biz ötən il ölkə siyasətinin ən sərt mərhələsinə qədəm qoyduq: əvvəllər yalnız ağla gələnlər ötən il başa gəldi. İndi insanlar bir qədər karıxmış vəziyyətdədir: belə məlum olur ki, heç kim sərt təqiblərdən sığortalanmayıb, heç kimin təqiblərə qarşı “immunitet”i yoxdur...

Hakimiyyətdəkilər deyir ki, ABŞ və Avropa ölkələri onlara münasibətdə qırmızı xətti adlayıb. Biz bunun belə olduğunu və yaxud da olmadığını deyə bilmərik...

Bəlkə də onlara elə bir şeylər məlumdur ki, biz bunları bilmirik. Hər şey ola bilər. Amma bir məsələ aydındır ki, hakimiyyət özü də bir yerdə dayanmadı, o da Qərb ölkələrinə və yerli müxalif fikrə qarşı qırmızı sərhədi keçdi.

Bu, elə sərhəd idi ki, ondan sonra demokratiyadan danışmaq Marsdakı potensial neft ehtiyatlarından danışmaq kimidir. Artıq “Demokratiya bitdimi?”sualının cavabı bəllidi- bitdi də sözdür, demək olar, nöqtəsi qoyuldu. İndiki mərhələ isə daha çox odun atılmayan ocağa bənzəyir: o bir müddət, öz əvvəlki ehtiyatları hesabına közərəcək, sonra da sakitcə sönəcək...

Təbii ki, belə pessimist notda köklənmək istəməzdik. Amma nahaq yerə demirlər ki, igidlik ondursa, onun doqquzu sayıqlıqdır...

Bəzən biz çox şeyləri bir nəslə bağlayırıq. Amma nəsillər də insanlar kimidir-gəlir və gedirlər. Bəli, bu nəsil bacarmadı, çox şey edə bilmədi. İndi nə etmək olar? Bacarmadılar, vəssalam...

Siyasət, demokratiya bir nəsillə də bitmir. Nə edəsən ki, belə siyasi sərtliyi biz bir vaxt kinolarda görürdük...

Heç yadımdan çıxmaz: “Dəli Kür” filmində bir rus Əhməd obrazı vardı... Bu obraz çox şeyə xüsusi çəki verirdi - ona baxanda həm müəllim adlanmaq əlavə dəyər tapırdı, həm də mübarizlik aşılanırdı. Deyirlər ki, kino kinodur, o, həyat deyil. Amma bu vaxta qədər çox kinolar çin olub... Neçə nəsil həmin obrazları yaşayıb. Ona görə də gercəkliklə irreallıq arasındakı məsafəni gözlə qaş arasındakı məsafə qədər bilmək lazımdır...

Bəzən deyirlər ki, Ermənistan əsl sülh danışıqları aparmır, onları imitasiya edir. Təbii ki, bu, ağırdır, üzücüdür, belə danışıqlarda iştirak etmək adamdan on qat artıq əsəb və dözüm tələb edir.

Amma biz də düz 22-ci ildir ki, azadlıq və demokratiyanın özünü deyil, onların imitasiyasını yaşayırıq. Axır vaxtlar hətta bu da yoxdur, imitasiya etmək də istəmirlər və bizi israrla qırmızı xəttin o biri tərəfinə dəvət edirlər. Nə edək? Necə dözək buna?..

İctimai fəlların, xüsusən də jurnalistlərin, siyasi təhlilçilərin siyasi ambisiyası olmur və onlar hansısa posta göz dikmirlər. Heç olmasa, bunu nəzərə almaq olmazdımı? İctimai fəallıq və xüsusən də jurnalizm kriminalizm demək deyil. Bu, çox normal və elə bir təhlükəsi olmayan, cəmiyyətə yalnız xeyir verən bir sahədir...

Axır vaxtlar məni bir sual düşündürür: növbəti nəsil bizim haqqımızda nə fikirləşəcək?.. Bəlkə də heç fikirləşməyəcəklər. Amma individlər olmasa da, nəsillər unudulmur, onlar xatırlanır və təftiş edilir...

Görünür, nəsə fikirləşəcəklər. Amma nə? Bax, məsələ bundadır. Bunu eqonun təzahürü kimi qəbul etməyin, yox, belə iddia yoxdur...

Amma bizim nəslin bəxtinə böyük bir imperiyanın son illərini, gənc dövlətin isə müstəqilliyinin ilk illərini yaşamaq qismət oldu. Bunlar elə dövrlərdir ki, hər biri bir tarix olmaq iqtidarındadır...

Özünüz baxın. SSRİ-nin hansı illəri daha diqqətlə öyrənilir? Təbii ki, onun ilk illəri və bir də son illəri... Hər iki halda, insanların qırmızı xəttin o biri tərəfində görünmək “şans”ları böyük olur.

İnsan bir dəfə doğulur və bir dəfə də ölür... Biz də bir dövlətin ölümünü, digər dövlətin isə doğuşunu gördük. Özü də ayağımızın biri qırmızı xəttin o biri tərəfində olmaqla...

İnanmırsınız? Gəlin çox da tərslik etməyin, çünki qarşıdan 20 Yanvar gəlir-bizim ilk dəfə kütləvi şəkildə qırmızı xəttin o biri tərəfində qaldığımız gün...

(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar