"HAFKA"NIN TÜRKİYƏDƏ BİZNES QURMASININ SİRRİ...- Müflisləşmiş oliqarx revanş götürür?

Hafiz Məmmədovun əlindən "Lans"ın səhmlərini də aldıqdan sonra müflis oliqarxa hərəkət sərbəstliyi verilib

Son vaxtlar adı bir çox qalmaqallarda hallanan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov Türkiyədə özünü sınamaq qərarına gəlib. Bu ölkədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb. Məmmədovun Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şirkəti var.

"Turan"ın İstanbul Ticarət Palatasının (http://www.ito.org.tr), Ticari Palatalar və Birjalar Birliyinə istinadən verdiyi (http://www.ticaretsicil.gov.tr/index.php) məlumata görə, 24 dekabr 2014-cü ildə “Azlog Group İthalat İhracat Limited”(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. O,Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi də Məmmədov özüdür.

Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevməsə də, onun maddi vəziyyətinin yaxşı olmadığı hər kəsə məlumdur.

Qeyd edək ki, son bir-iki ildə Hafiz Məmmədovun cddi maliyyə problemlərilə üzləşdiyinə dair çoxsaylı məlumatlar yayılıb. Onun ən böyük şirkəti olan “Baghlan Group FZCO” şirkəti ötən ilin iyununda beynəlxalq maliyyə bazarlarında yerləşdirilən 150 milyon dollar avrobondu ödəməli idi. Ancaq ödəyə bilmədi. İstiqrazlar üzrə illik faiz dərəcəsi 14,75%-dir. Holdinqin kağızları 2012-ci ilin uyununda 3 illiyə yerləşdirilib. Ümumiyyətlə, 2013-cü ilin dekabrından H. Məmmədovun holdinqi öhdəliyin ödənilməsi problemi ilə üzləşib. Belə ki, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirə bilməyib və texniki defolt elan edilib. Növbəti ödəniş ötən ilin 27 dekabrında olmalı idi ki, bunu da ödəmədiyi bildirilir.

Bundan əlavə Hafiz Məmmədovun yerli banklara və müxtəlif qurumlara külli miqdarda borcunun yarandığı haqda məlumatlar var. Onun prezidenti olduğu “Bakı” futbol klubunda maaşları belə ödəyə bilmədiyi, köhnə şəriki Ziya Məmmədovdan aldığı “Bank of Azerbaijan”ın isə külli miqdarda borcunun yarandığı ortaya çıxdı. Sonradan bankın İdarə Heyətinin sədri gətirilən Məhəmmədəli Aslanovun atası, millət vəkili Mahir Aslanov borcun 700 milyona çatdığını bildidi: "Mən bank alanam? Dağılıb gedir ora. 700 milyon borcu var. Necə alım o bankı? O bankı almaq özünü həbsxanaya salmaq deməkdir.”

Qeyd edək ki, hələ təxminən 2 il əvvəl “AzPolitika.info” özəl mənbələrinə istinadən Hafiz Məmmədovun

Beynəlxalq Bankdan götürdüyü bir neçə 100 milyon manat krediti geri qaytara bilmədiyini, buna görə məhkəməyə verildiyini yazmışdı. Məlumatda bildirilirdi ki, bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yığılıb qalan vəsaiti geri qaytarmayıb.

Buna görə də, Beynəlxalq Bank Hafiz Məmmədovu məhkəməyə verərək, onun iflas həddində olan şirkətə aldığı krediti geri qaytarmasını istəyirdi. Bu məlumat da sonradan təsdiqini tapdı.

Hər halda əvvəlcə “Bank of Azerbaijan”ın idarəçiliyinin, sonra isə “Bakı” klubunun səhmlərinin bir hissəsinin Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevə verilməsinin bununla bağlı olduğu ehtimal edilir.

Ancaq Beynəlxalq Bank Hafiz Məmmədovun kredit alıb qaytarmadığı yeganə bank deyil.

Ötən ilin sentyabrında Hafiz Məmmədovun Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsi 63 ünvanında yerləşən və dəyəri 3 milyon dollar qiymətləndirilən villasının qarşısına məhkəmə icraçıları və polis gələndə məlum oldu ki, oliqarx “Nikoyl” bankdan da külli miqdarda kredit götürüb qaytarmayıb. Məlumata görə, məhkmə 300 min manat borcu qaytara bilmədiyinə görə, H.Məmmədovun əmlakının boşaldılması barədə qərar vermişdi.

Ötən ilin sonları isə Fransnın “Lans” klubu ilə Hafiz Məmmədov arasında maliyyə problemi səbəbindən yaranmış qalmaqalla yadda qaldı. Bu haqda çox yazıldığından təkrarlamaq niyyətində deyilik. Qısaca qeyd edək ki, Hafiz Məmmədov “Lans” klubuna da vəd etdiyi vəsaiti ödəyə bilmədiyindən, klubun rəhbərliyi onunla anlaşmanı ləğv edib. Ötən ilin sonunda məlum oldu

ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədov ödəyib. Bunu “Lans”ın prezidenti Jerve Martel də təsdiq etmişdi. Əvəzində də “Lans”ın səhmlərinin üçdə ikisi Anar Məmmədovun nəzarətinə keçib.

Qısası, ötən il ərzində Hafiz Məmmədov həm ölkə daxilində, həm də xaricdəki biznesini başqalarına transfer etmək məcburiyyətində qaldı. Maliyyə tapa bilməyən oliqarxın bunu könüllü etmədiyi ilin sonunda verdiyi bəyanatdan aydın hiss olunurdu. Sitat: “Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”.

Hafiz Məmmədovun kimləri hədələdiyi sirr olmasa da, bu artıq o qədər də əhəmiyyət daşımır. Çünki görünən odur ki, bir zamanlar ölkənin ən güclü oliqarxlarından sayılan Hafiz Məmmədov artıq tam iflasa uğrayıb. Və ya siyasi hakimiyyətin icazəsi ilə bitirilib.

Bunun hansı səbəblərdən baş verdiyini söyləmək çətin olsa da, bu ilin yayında Hafiz Məmmədovun ölkədən çıxmasının qarşısının alındığına dair məlumatları xatırlatmaq istərdik. Məlumatda Hafiz Məmmədovun Bakı Hava Limanında saxlanıldığı bildirilirdi. Düzdür, sonradan “AzPolitika.info” məlumatlı mənbələrdən dəqiqləşdirmişdi ki, əslində məsələ başqa cür olub. Belə ki, “AzPolitika.info”-ya verilən bilgidə iddia edilirdi ki, növbəti dəfə xaricə getməyə hazırlaşan Hafiz Məmmədov hüquq-mühafizə orqanlarından birinə dəvət olunub və ona ölkədən çıxmamaqla bağlı xəbərdarlıq edilib. Elə Hafiz Məmmədovun Hava Limanında saxlanıldığına dair xəbərin üstündən xeyli vaxt keçsə də, təkzib etməməsi də bunula bağlanırdı.

Təbii ki, Hafiz Məmmədov da bu çür xəbərdarlıqların nə mahiyyət daşıdığını və siyasi hakimiyyətdən xəbərsiz baş vermədiyini bilməmiş deyil…

Bu baxımdan, yəni yuxarıda qeyd olunanlar fonunda Hafiz Məmmədovun təxminən 10 gün öncə Türkiyədə yeni şirkət alması maraq doğurmaya bilməz. Bunu Hafiz Məmmədovun iş adamı kimi biznesini genişləndirmək məqsədilə etdiyi inandırıcı görünmür. Ortada olan məlumatlar onun böyük pullardan məhrum olduğunu, müflislədiyini söyləməyə əsas verir. Geriyə 2 ehimal qaır.

Birincisi, artıq Azərbaycanda itirdiklərini geri qaytaracağına ümidi qalmayan Hafiz Məmmədovun əlindəki vəsaitlə Türkiyədə kiçik bir şirkət açaraq hər şeyə yenidən başladığını ehtimal etmək olar.

İkincisi, yük daşımalar sahəsində Hafiz Məmmədovun təcrübəsini, onun əlaqələrini nəzərə alan Türkiyədəki dostlarının batmaqda olan oliqarxla şərikl biznes qurduğunu ehtimal etmək olar.

Dəqiq səbəbi söyləmək çətin olsa da, sözügedən fakt eyni zamanda Hafiz Məmmədovun ölkədən çıxmasına dair qadağaların da götürüldüyünü göstərir. Bu isə ona bütün borclarının ödətdirildiyini, biznes subyektlərini tam olaraq başqalarına dövr etdiyini söyləməyə əsas verir. Hafiz Məmmədovun Türkiyədə şirkət almasının “Lans”ın səhmlərinin üçdə ikisinin Anar Məmmədovun nəzarətinə keçməsindən sonra baş verməsi də, təsadüfə oxşamır. Mümkündür ki, Hafiz Məmmədovun əlində qalan son səhmlər idi. Onu da əlindən aldıqdan sonra müflis oliqarxa hərəkət sərbəstliyi verilib.

Ona görə də, son bəyanatında əlindən biznesini alanları "onlar buna görə öz cəzalarını alacaqlar” deyə hədələyən Hafiz Məmmədovun Türkiyədə dərhal biznes qurmasının arxasında onun revanş götürmək, özünü təsdiqləmək, hətta itirdiklərini geri almaq niyyəti də dayana bilər. Hər halda onun buna cəhd edəcəyi şübhə doğurmur. Ancaq...

Əlbəttə, Hafiz Məmmədovun bir iş adamı kimi Türkiyədə uğur qazanıb-qazanmayacağını, əvvəlki kimi milyonları sağa-sola "çırpacaq" səviyyədə varlanıb-varlanmayacağını indidən söyləmək çətindir. Ancaq o dəqiqdir ki, Azərbaycanda onun OLİQARXA çevrilməsi üçün yaradılan şərait, Türkiyədə olmayacaq. Hafiz Məmmədov da sıradan biri olacaq. Bu şərtlərlə o, əvvəlki "Hafka" ola biləcəkmi?!

Murad Məmmədov

AzPOLİTİKA.İNFO

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar