Rəsul Quliyev Əli Nağıyevə cavab verib 

“Prezident mənimlə razılaşdırmadan heç bir qərar qəbul etmirdi”

ABŞ-da mühacirət həyatı yaşayan eks-spiker Rəsul Quliyev YAP-ın qurucularından olan Əli Nağıyevin Moderator.az-a geniş müsahibəsində onun adını hallandırmasına münasibət bildirib. Xatırladaq ki, Ə. Nağıyev 1995-ci ildəki parlament seçkiləri zamanı Gəncədəki seçki dairəsində Rəsul Quliyevi Həsən Həsənovun deputat seçilməsinin qarşısını almaq üçün seçki qutularını dağıdaraq bülletenlərin oğurlanmasını təşkil etməkdə ittiham etmişdi. Rəsul Quliyev bu ittihamla bağlı deyib:

“Həyatda bacarığı ilə iştahı arasında uçurum olan özündən müştəbeh adamları, ümumiyyətlə yaddaşımdan silməyə üstünlük verirəm. Özünün şəxsi mənafeyi üçün ən yaxınlarına da böhtan atmağı bacaran bir insanın mənim barəmdə söylədikləri təəccüb doğurmamalıdır. Mənə nə üçün ikinci adam olmağa cəhd etmək lazım idi, mən ikinci adam idim və özü də bütün səlahiyyətləri ilə. Ölkənin prezidenti mənimlə razılaşdırmamış heç bir qərar qəbul etmirdi. 1995-ci ildə də seçkilərin necə keçməsinə mən yox, şəxsən Heydər Əliyev MSK sədri vasitəsilə birbaşa nəzarət edirdi. 1995-ci ildə Həsən Həsənova aid bülletenlərin oğurlanması barədə informasiyanı mən şəxsən H.Əliyevdən eşitdim. Və bu qutular da ona görə oğurlanmışdı ki, H.Əliyev hər bir kəsə, o cümlədən H.Həsənova başa salsın ki, deputatları xalq seçmir, məhz o təyin edir. Tək Həsənovla yox, bir çox seçkiləri udmuşlarla əvvəl “uduzmusan”, sonra isə “yaxşı, tanınmış adamsan, mən səni deputat edirəm” söhbətləri aparmışdı. Nə isə, bu çoxdan olmuş hadisələri bu gün 'açıqlamasının' səbəbi var, o səbəbsə nə mənimlə, nə də Həsən Həsənovla bağlıdır.

Mən bu adamı elə onda da yaxşı tanımırdım. Qardaşı Xətai rayonunda polis işləyirdi, kifayət qədər normal adam idi, onu tanıyırdım. O bir və ya iki dəfə mənim kabinetimdə kiminləsə olub, yaxşı təəssurat yaratmayıb. Düşünürəm ki, həyatda onun kimi təkəbbürlü adamın bir nəfər də dostu olmaz.”(moderator.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar