Millət

Çılın-çırpaq, ac-yalavac, doyurmur qarnını bir günlük qazanc. Cibi boş, başı dərdli, Avropa qiptəli, Afrika ilə həmdərdli. Səfil-sərgərdan, pərişan- üzgün, yarı qaçqın, yarı öz yurdundan didərgin. Yox kimsənəsi ruhunu oxşamağa, zorlanıbdır üzüntülü ömür yaşamağa. Atılan hər düşünən beyni, rejimin  daş üzlü zindanına, əl qoyulan, imanına,vicdanına. Yatıb, gün-günorta duran millət, diriykən öz qəbrini qazan millət.

Səsi oğurlanan, seçib, seçilmək haqqı əlindən alınan, yurdu erməni işğalına, milli ruhu dar qəfəsə  salınan. Hər gün insan olmağın əzabını yaşayan, çiynində namus adlı vətən torpağının ağır itgisini daşıyan. Başı dəyənəkli-zopalı, hakimiyyəti millətinə qan udduran hərb-zorbalı. Azadlığa həsrət, haradadır öz qövmünə bu qədər nifrət. Ədalətə boylana-boylana qalan millət, rüşvətxor məmurundan hər gün qapazını alan millət.

Üç milyonu vətən həsrətli mühacirətdə, altı milyonu vətən içində zillətdə. Nəcabətli xalq ikən özgəyə qul olan, soyu, kökü yaddaşlardan sildirlib, unudulan. Siyasəti addım-addım  marqinallaşan, millikdən uzaqlaşıb öz-özünə yadlaşan. Bayrağı cumhuriyyət nişanısi, baş yönətimi “bolşevizmin” kor zehniyyət işarəsi. Sərvəti başına bəla, halı müsibəti-Kərbəla. Sinə döyüb şeytanı lənətə səsləyən millət, öz içində şümir-yezid bəsləyən millət.

Yolları bağlanan aydın sabaha, məzar yerləri  olubdur insanından baha. Əl qoyulan mülkünə-malına, ağır vergilər yüklənir donqarı çıxan dalına. Haqqın qapısı üzünə bağlanan, gör nə qədər insan var, sinəsi dağlanan. Bitmir zülm, bitmir can üzən istismar, varı-dövləti yağmalanıb, edilən tar-mar. Dünəninə laqeyd, bu gününə biganə, demokrasini sevməyən bizik, yeganə.  Bürokrat qapısında süründürüb gəzdirilən millət, qalxan başları polis dəyənəyi ilə əzdirilən millət.

Adamı adam yerinə qoyulmayan,  görən göz qaldımı bu məmləkətdə oyulmayan. Tas qurulan qara baxtına, kəmfürsətlər oturdulan hakimiyyət taxtına. Cənnətməkan içində cəhənnəm yaşayan, vampir caynaqlılar bəxtini didib-qaşıyan. Dədə yurdlarında bayquş ulayan, siyasiləri məmləkətini çirkaba bulayan. Günü göyərdilib göy əskiyə bükülən, Qarabağ adlı qədim yurdu qarış-qarış sökülən, Dərdi unutdurulub,  dəli kimi dərdinə çırtma vuran millət,  “sazım dınqır” deyib, öz vayına büsat quran millət.

Qazlayıb nefti-qazı alınan, türkü deyən dillərin sazı əlindən alınan. Oynadılan yad havasına, taleyi bağlanan rusbaşlılar qafasına. Dərdi içində qovrulan, zəmisi talan edilib, samanı göyə sovrulan. Zəngin ölkənin dilənçisi, hərraca çıxarılan kilimi-kilimçəsi. Rəyasəti ağalıq həvəsində, istismar bitmir bu yurdda bəndənin son nəfəsində. Bir az küskün, bir az təmbəl millət, qırx ildir, edən bir zümrəni öz başına əngəl millət.

Hiylə-kələk toru qurdurulub hər addımda allanan, qırmaq gərək köləliyin zəncirini, boyunlardan sallanan. Nazirləri kürsülərdə cil atıb cillənən, torpağına, sərvətinə yad nəzərlər zillənən. Haqqı haqsızlara qapdırılan, bu, nə məmləkət ki, edir ağalıq, haq yolundan sapdırılan. Nə güneyini rahat buraxır məzhəbçi mollakratlar, nə qüzeyinə dinclik verir zehniyyətçi partokratlar. O tayı azadlığa hamilə, bu tayı müstəqilliyinə edilən həmlə. Ölsün gərək haqqını-hüququnu bilməyən millət, elindən-obasından istibdadın kökünü kəsməyən millət.

Sən ölmədin dirisən, haqsızlığa üsyan edən millətlərin boy sırasında birisən. Qayıt özünə, özündən gəl, dədələrin, “Tanrı türkü kölə yaratmadı” sözündən gəl. Baş əymə sən taleyin kor qismətinə, təcavüz var, sahib dur namusuna, ismətinə. Qaranlıqları yar, aydınlıqlara var, hər zülmət gecənin aydın sabahı var. Haqqa yol tut, yürü haqqa sarı, hürr yaşmaqla tapılar hər xoşbəxtliyin açarı. Halını dəyiş, son qoy ədalətsizliyə ey qos-qoca millət, yalnız ədalətə bağlanmağın edər səni ən uca millət.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar