"Neftin qiymətinin düşməsi, Azərbaycan üçün faciə deməkdir"- Qubad İbadoğlu

"Büdcə kiçiləcək, iqtisadiyyat tənəzzül edəcək, ölkədə sosial-iqtisadi böhran başlayacaq"

"Oliqarxlar Gömrük sazişinin imzalanmasını qəti istəmirlər"

Tanınmış iqtisadçı ekspert İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu «Bizim Yol» qəzetinə müsahibəsində Azərbaycan iqtisadiyyatını gözləyən rsiqlər barədə danışıb. O, İranla-Qərb arasında razılaşmanın neftin qiymətinə təsiri, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, daxili sosial iqtisadi vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni təqdim edirik.

- Qubad bəy, Neft Fondu Sizin açıqlamanıza cavab verdi, yəqin ki, tanışsınız. Fondun reaksiyasını əsaslı hesab edirsinizmi?

- İnvestisiya siyasətində son vəsaitlərin bir qismini əvvəlkiylə müqayisədə daha gəlirli sahələrə yerləşdirirlər və bu fondun məsuliyyətini artırmalıdır. Yəni fond gəlirli sahələrə vəsait yerləşdirirsə, daha şəffaf olmalıdır. Əfsuslar ki, investisiya siyasətinin dəyişikliyi fondun şəffaflığında və hesabatlığında hər hansı bir dəyişikliklə nəticələnməyib. Fond informasiyaları əvvəlki qaydada mətbuatla bölüşür, yeni investisiya siyasətindən irəli gələn informasiyalar hələ də məhdud olaraq qalır. Hesabatları ilə bağlı apardığımız təhlilləri göstərir ki, artıq Dövlət Neft Fondu (DNF) özünün tərəmə müəssisələrini yaratmağa başlayıb və bu müəssisələr ofşor zonalarda qeydiyyatdan keçir, fondun da adından çıxış edir. Konkretləşdirsək, fondun əmlakını idarə edir, vəsaitləri üzərində sərəncam verir. Amma bu müəssislər barəsində məlumatları yalnız fondun illik hesabatından götürmək mümkündür. Təəssüf ki, fond özü bu barədə heç bir açıqlama verməyib. Məsələn, fond Rusiyada, Fransada, Böyük Britaniyada aldığı əmlak barəsində ictimaiyyətə məlumat vermişdi, çünki Parisdə, Londonda və Moskvadakı əmlaklar o qədər də şübhə doğurmurdu. Bir növ fondun əliaçıqlıqla bölüşdüyü informasiyaydı. Amma fondun Lüksemburqda, Ceysi adalarında aldıqları əmlakın hansılardan ibarət olması, dəyəri, gəlirlik səviyyəsi barədə məlumat verilmədi. Bizim fondun hesabatlarının təhlilindən əldə etdiyimiz məlumata görə ofşor zona olan Cersi adalarında fond bir neçə törəmə şirkətini qeydiyyatdan keçirib. Onlar belə adlanır: SOF AZ Re Ltd, SOF AZ Re UK L.P, SOF AZ Re Min Ltd 78,St James” s Street Unit Trust, SOF AZ RE E Europe Holding Sarl, SOF AZ RE Europe Sarl, SCİ 8 Place Vendome. Yəni fondun bu adda törəmə şirkətlər var ki, ofşor zonalarda əmlakın idarəolunmasına sərmayə qoyub. Bu şirkətlər haqqında ictimaiyyətə məlumatlar açıq deyil və şirkətlərin hesabatlılığı yoxdur. Fondun hesabatlılığına mənim şübhəm yoxdur, ancaq əgər DNF səlahiyyətlərinin bir hissəsini şirkətlərlə bölüşürsə, o zaman ən azı fondun şəffaflığı qədər də bu şirkətlərin şəffaflığı təmin olunmalıydı. Təəssüflər ki, şirkətlər haqqında mılumatlar çox xəsisliklə verilir, yalnız illik hesabatda məlumatlar əksini tapıb. Təbii ki, biz ictimai vəsaitlərin idarə olunmasıyla məşğul olan dövlət fondunun siyasətini bəyənmirik və hesab edirik qurum yalnız Cersi adalarında deyil, həm də Lüksemburqda yaratdığı şirkətlərin fəaliyyəti, gəlirlik dərəcəsi barədə informasiya yaysın. Bu, bir gəlirli əməliyyatlardır. Digər əməliyyatlar fondun inkişaf etməli olan ölkələrin bazarlarındakı əməliyyatlarıdır. DNF həmin ölkələrin yerli banklarına depozit qoyur, eyni zamanda, milli valyutalara sərmayə yatırır. Təbii ki, bu istiqamətdə də fondun açıqlığının olması vacibdir.

- Hansı ölkələrdə DNF banklara sərmayə qoyur?

- Dövlət Neft Fondunun əsas sərmayə yerləşdirdiyi banklar Rusiya və Türkiyədədir. Bundan əlavə fond “Qazprombank”a xeyli vəsait yerləşdirib. Bu depozitlər yarım milyard manat səviyyəsindədir. Amma biz hansı faizlərlə və neçə müddətə depozitlərin yerləşdirildiyini bilmirik. Həm də fond öz vəsaitlərini müxtəlif valyutalarla yerləşdirir, bunlar arasında dollar, funt-sterlinq var. Nəhayət, fondun qızıla qoyduğu investisiyalara gələk. Fond qızıl alışına başlayandan sonra qiymətin əhəmiyyətli dərəcədə ucuzlaşması müşahidə olunur. Bu isə müəyyən mənada itikilərə gətirir. Düzdür, digər valyuta, əmlak, depozit əməliyyatlar hesabına fond bu itkiləri kompensasiya edə bilir. Bir növ fondun əsas siyasəti ondan ibarətdir ki, heç də bütün əməliyyatlardan qazanmasın, digərindən itirdiyini o birindən qazansın, bununla itkilərini kompensasiya edə bilsin. Əslində, düzgün yanaşmadır və mən də bunu bölüşürəm. Ancaq hesab edirəm ki, fondun hansı əməliyyatları və nə qədər qazanmasıyla bağlı əməliyyatları açıq olmalıdır.

- Neftin qiymətinin 100 dollar götürüldüyü büdcədə kəsir 1 milyard 646 milyon manat gözlənilir. Dünyadakı qlobal siyasəti, xüsusən İran-Qərb danışıqlarının razılaşmayla bitdiyini nəzərə alsaq, neftin qiymətinin düşəcəyi proqnozlaşdırılır. Əgər neftin qiyməti düşsə, Azərbaycana hansı təsirlərini görə bilərik?

- Bəli, gələn il üçün müzakirə olunan büdcədə neftin qiyməti 100 dollar götürülüb. Çox optimist bir hesablamadır. Çünki hökumətin bütün pronozlarında neftin qiymətləri optimist variantlarla götürülür. Amma dünya bazarında enerji məhsullarının qiymətlərinin aşağı düşməsi ehtimalı həqiqətən də yüksəkdir, səbəb də alternativ enerji mənbələrinin ortlığa çıxmasıdır. Amerikada kəşf olunan böyük yataqlardan Avropaya enerji ixracı barədə planların işlənilməsi və digər amillər həm psixoloji, həm də fiziki və iqtisadi mənada neftin dünya bazar qiymətlərinə təsir göstərir. Eyni zamanda, müəyyən i amillər var. Məsələn, Əfqanıstan, Suriya və İraqda gərginlik bir tərəfdən neftin qiymətini son illər 100 dollardan çox səviyyədə tarazlaşdırılmış variantda saxlamağa imkan verir. Amma dünya bazarında neftin qiyməti aşağı düşərsə, o zaman hökumət proqnozlaşdırdığı neft gəlirlərini əldə etməkdə çətinlik çəkəcək. Buda bütövlükdə Azərbaycanın açdığı yüksək optimist ssenarilərin doğrulmadığı deməkdir. Durum statistik mənada dəyişikliklərə gətirib çıxarmayacaq, həm də sosial mənada ciddi təsirlər yarada bilər. Söhbət əhalinin həyat səviyyəsindən gedir. Mən inanmıram ki, Azərbaycan iqtisadiyyatı belə hallara hazır olsun, yəni dəyişikliyə dözüm nümayiş etdirsin, çünki gəlirlərin azalmasıyla iqtisadiyyat zərərlərlə üzləşə bilər. Təəssüf ki, hökumət belə ssenarini hələ proqnozlaşdırmır.

- Hansı fəsadların reallaşması mümkündür və bu, hansı sahələrə təsir edə bilər?

- Birinci, investisiya layihələrinə təsir edər və infrastruktura qoyulan sərmayələr azala bilər. Həm sosial, həm nəqliyyat infrastrukturunda yeni layihələrin başlanması ehtimalı azalar, mövcud layihələrin isə əvvəlki kimi sürətlə deyil, icrası ləng və gecikdirmələrlə müşahidə olunar. Təbii ki, bu, yalnız investisiya layihələrinə deyil, bütövlükdə götürdükdə büdcənin cari xərclərinin azalmasına, əməkhaqqı və pensiya istiqamətlərində proqnozlaşdırılan artımların təxirə salınmasına gətirib çıxardar. Başqa tərəfdən, iqtisadi artım tənəzzüllə əvəzlənə bilər. Xüsusən nəzərə alsaq ki, növbəti dövr iqtisadiyyatın həm şaxələnməsi, həm modernləşməsiylə bağlı müəyyən proqramlar var, bu mənada onların icrasına mənfi təsir göstərər. Bu halda bir növ Azərbaycan yenə də başqa sektorlara sərmayə qoya bilməməsi səbəbindən daha acınacaqlı vəziyyətə düşər. Çünki nefti əvəz edəcək, yaxud ona alternativ olacaq o səviyyədə inkişaf etmiş yeni iqtisadiyyatın sektorları yoxdur ki, birindən itkiləri, digərindən gəlirləri götürüb kompensasiya edə bilsin. Ən azı neft-qaz səviyyəsində heç olmasa bu sektorun yaratdığı əlavə gəlirin yarısını, yaxud da dörddə birini yaradacaq bir alternativ sektorumuz hələ formalaşmayıb. Ən dəhşətlisi odur ki, iqtisadiyyatın şaxələnməsi istiqamətində maliyyə imkanlarımızın məhdudlaşmasıyla nəticələnər.

- Əgər neftin qiyməti enəcəksə, bu, əlbəttə ki, Rusiyaya da təsir edəcək. Ehtimallara görə nəticədə şimal ölkəyə qazanc arxasınca gedənlərin ailələrinə göndərdiklərində azalma ola bilər. Bu hadisə Azərbaycan təsirini göstərəcəkmi?

- Neftin qiymətinin sürətli enməsi Azərbaycan üçün qısamüddətli dövr olduğunu iddia etmirəm, amma orta və uzun müddətli zaman üçün faciə deməkdir. Bəlkə bu enmə bir neçə il sonra baş verərsə, Azərbaycan iqtisadiyyatında hər hansı sahənin davamlı artım mənbələri formalaşa bilərdi. İnsanlarda neftdən itirdiklərini başqa sahələrdən kompensasiya edərdi. Bu gün Azərbaycan ixracatında neft və neft məhsullarının payı 94 faizdən çoxdur, yerdə qalan 6 faiz qeyri-neft məhsullarının da bir qismi xammal materiallarından ibarətdir. Yəni ölkənin qeyri-neft potensialı çox aşağıdır, bu, həm də ixracatın və valyuta gəlirlərinin neftin satışından asılı olduğunu deməyə əsas verir. Sabah bu gəlirlər azalacaqsa, büdcə kiçiləcək, ümumi daxili məhsulun artım tempi aşağı düşəcək, iqtisadiyyat tənəzzülə enəcək, həqiqətən də ölkədə sosial-iqtisadi böhran başlayacaq. Təbii ki, bu, bədbin ssenaridir, amma istənilən bədbin ssenarini hazırlayıb buna hazır olmalıdır. Bilirsiniz bir bəxt məsələsi də var, hökumətdə çox maksimalist yanaşma olub həmişə, bir çox hallarda bəxtləri gətirib, yəni dünya bazarında neftin qiyməti yüksək olub, bunun nəticəsində əlavə gəlirlər artıb. Hökumət də büdcədən götürdüyü öhdəlikləri məhz resurs gəlirləri hesabına təmin edə bilib.

- Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramını imzalayarsa, hansı texniki-maliyyə yardımları ala bilər və sahibkarlar hansı imkanlar əldə edərlər?

- Proqramın başlayan yeni mərhələsində ölkələr üçün Avropa Birliyiylə assosiativ sazişin imzalanması təklif olunur. Azərbaycanla belə bir müzakirələr başlasa da, Bakı müzakirələri uğurla yekunlaşdıra bilmədi. Bunun səbəbi subyektiv və obyektiv amillərlə bağlıdır. Azad Ticarət Sazişi ona görə baş tutmadı ki, Azərbaycan Dünya Ticarət Təşkilatının (DTT) üzvü deyil. Amma Assosiativ Saziş siyasi-iqtisadi aspektləri olan böyük sənəddir. Təəssüflər ki, Bakı sənədin paraflanmasıyla bağlı sürətli fəaliyyəti ötən ilin ikinci yarısından azaltdı. Son məqsəddə isə Assosiativ Sazişi imzalamağa hazır olmadığı bəlli oldu. Buna görə də Rusiyanın Azərbaycana bütün istiqamətlərdə təzyiqlərindən danışılmır, çünki Moskva Bakının Vilnüsdə deyilən sazişi imzalamayacağını bilir. Ancaq Ukrayna, Moldova, hətta Ermənistanda belə bu sənədlərin bir qismini imzalamağa hazır idi. Nəzərə alın ki, Rusiya üçün Ukraynanın əhəmiyyəti Azərbaycanla eyni deyil. Bundan əlavə Rusiyadan Ermənistana tapşırıqlar verildi ki, sənədlərin imzalanmasından çəkilsin. Bu prosesin əleyhinə getmək o qədər də asan deyil. Rusiyanın Gürcüstanla bağlı təzyiq imkanları geniş deyil, həm də Tiflis bilir ki, Avropaya «yox» demək, həm də ABŞ-a yox deməkdir. Ona görə Gürcüstan bu kursu birmənalı şəkildə dəstəklədi. Moldova daxilində konflikt var, o cümlədən, kommunistlərin müəyyən qərarların qəbuluna təsirini kənara qoymamalıyıq, ona görə orada aksiyalar keçirildi. Bu gedişin ardında Avroatlantika məsələsi olduğundan Rusiya prosesin gecikdirilməsini istəyir. Azərbaycan üçün narahat olmağa ehtiyac yoxdur, çünki Bakı sammitdə ən yaxşı halda viza sadələşdirilməsini ehtiva edən sənədi imzalayacaq. Bu, texniki bir sənəddir, qarşılıqlı şəkildə vizaların verilməsinin təminidir və hökumət üzərinə müəyyən öhdəliklər götürəcək. Çünki Azərbaycan gəlmək üçün viza almaq o qədər asan deyil. Bu saziş imzalanarsa, azərbaycanlıların Şengen Vizası olan ölkələrə giriş imkanı artacaq.

- Avropa Birliyinə gedən yolda bir maneənin DTT-nin olduğunu vurğuladınız, bu məsələnin tənzimlənməsi üçün hökumət addımlar atmaq niyyətindədirmi, həm də quruma üzv olmamaq hakimiyyətin hansı maraqlarını aşkarlayır?

- Həqiqətən də Avropaya inteqrasiyada DTT əhəmiyyətli institutlardan biridir. Hesab edirəm ki, Azərbaycanda siyasi-iqtisadi qərarların qəbulunda məmur-oliqarxların əhəmiyyətli təsiri var. Söhbət iqtisadi-ticari qərarların qəbulundan gedir, oliqarxlar üçün daxili bazarda mənfəətli biznes sahələrinə nəzarət edib ondan bəhrələnmək istəkləri kifayət qədər yüksəkdir. Bu isə DTT-na üzv olan dövlətlərdə o qədər də asan həyata keçirilmir. Hesab edirdim ki, yerli oliqarxlar Azərbaycanın Gömrük Sazişini imzalamaqda o qədər də maraqlı olmalı deyildilər. Çünki Azərbaycan sazişi imzalasaydı, Avropayla sərhədlərimiz Polşa və Belarusa qədər uzanacaqdı. Bu isə gömrük vasitəsilə daxili bazara və qiymətlərə təsir imkanlarına malik oliqarxların iqtisadi maraqlarıyla uzlaşmırdı. İstənilən halda Azərbaycan oliqarxlarının həm maliyyə, həm də əmlak biznesləri əsasən Avropa məkanındadır. Belə olanda, böyük biznes imkanları varsa, Azərbaycan yəqin ki, Avropanı tutacaq, Gömrük Sazişini imzalamayacaq. Bu fikrim oliqarxların nöqteyi-nəzərinə söykənir. Bilirsiniz ki, Karlovı-varı şəhərinin ən yaxşı villaları, biznes sahələri azərbaycanlı iş adamlarının mülkiyyətindədir. Yəni oliqarxlarımız Şərqi Avropa ölkələrinə kifayət qədər sərmayə qoyublar. Əgər onların bu gün siyasi qərarlar verməyə təsiri varsa, onlar heç vaxt Azərbaycanın Gömrük Sazişini imzalamasına razılaşmazdılar. Çünki bu təşkilata üzv olmaq onların Avropada sərmayələrini idarə etməsinin məhdudlaşdırması demək olardı. Viza məsələsi onlara hələ əlavə şanslar yaradır, səbəb də odur ki, onların Avropadakı biznesi yaxınları tərəfindən idarə olunur. Sənəd imzalanarsa, onlar Avropaya asan çıxış imkanları qazanacaqlar. Ona görə Vilnüs Sammitində Azərbaycanla bağlı əhəmiyyətli qərar gözləməyə dəyməz. Verilən qərar da yerli oliqarxların maraqları çərçivəsində olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar