Başını hakimiyyət qoltuğuna soxanlar...

Bəzi işlərə adam doğrudan da çaş-baş qalır. Fikirləşirsən ki, başqa cür olmalıykən bu iş niyə belə oldu. Istər-istəməz dolaşıq düşən kələfin ucunu tapmaqda zorlanırsan. Yalnız bəsirətli axtarış, işin korlanmamışdan əvvəlki vəziyyətinə qayıdış sənə kələfin bir ucunun şeytan əlində olduğunu anlada bilər. Qayıdaq işin əvvəlinə. Işin lap əvvəli gedib çıxır izzət-nəfsin ilk pozulduğu Adəmlə Həvvanın zamanına. Işin bu hissəsi də dini, fəlsəfi mübahisə predmeti olduğundan birbaşa mətləbə keçmək, bəlkə də günü söz çürüdənlərin əlindən bezar olan oxucuya ən yaxşı töhfə olar.

Təqdimatlar, ödüllər titulundan, böyük-kiçikliyindən asılı olmayaraq layiq görülən şəxsə təltif edənlərin qərargahında verilər. Bu, ödül verən qurumun ciddiliyinə və ödül alanın həmin quruma ciddi münasibət bəsləməsinə işarət olsun gərək. Bizdə tərsinə oldu. Dördüncü hakimiyyət deyilən ciddi bir qurumun daşıyıcıları qeyri-ciddiliyə yol verdi. Bir qrup hakimiyyətyönlü redaktor dəvət olundu prezidentin Zuğulbadakı istirahət bağına və cənab I.Əliyev istirahətini pozmadan həmin qrupdan “jurnalistlərin dostu” ödülünü aldı. Yəqin ki, hər kəs işin içində, ana dilimizə tərcümə olunduqda “kələk”, “hiylə” anlamına gələn siyasət deyilən bir nəsnə olduğunun fərqindədir.

Indi hər kəsi düşündürən və həm də heyrətləndirən bir iş var. Uzun illərdən bəri hər cür təzyiqin, repressiyanın, həbsə atılmanın, sərbəst fikrə, müstəqil fəaliyyətə məhdudiyyətlər qoyulmanın nəsibini yaşayan azad mətbat necə oldu ki, günün biri bu basqıları unudub, ona olmazın acılar yaşadan, funksionallığını heçə endirən, sıralarındakı jurnalistləri ölümlə təhid edən, potensialını tükəndirən bir hakimiyyətin baş görəvlisini özünə “dost” elan etdi.

Nə tez yaddan çıxdı Elmarın qətli, dəst-xəttini dəyişən Bahəddinin ayaqları üstündən maşın sürdürülməsi, Mirzə Sakitin siçanlar oynaşan cibinə heroin atılması, bu gün “jurnalistlərin dostu” ödülünü alana minnətdarlığını bildirən Rauf bəyin azad fikrə görə təqibdən qaçıb xarici səfarətə sığınması, Q.Zahidin vətəndən dərbədər olması, “Yeni Müsavat” yazarı Elbəy Həsənlinin Naxçıvanda başına torba keçirilməsi, Ə.Zeynallının şərlənib zindana atılması, peşə borcunu yerinə yetirən Idrakın ölümcül hala salınması və sadalaması tük ürpədən onlarla bu cür üzüntülü olaylar...

O hansı “jurnalistlərin dostu” olan ölkənin prezidentdir ki, onun məmləkətində azad sözün xofu yaşanır, fərqli fikir süngü ilə qarşılanır, nazirləri mətbuat əməkdaşlarını öz qoçularına döydürür, qurumları, təşkilatları qapısını mətbuatın üzünə bağlayır, qurduğu sistem azad mətbuatın yayımına, satışına, reklamınına inkan vermir, sosal şəbəkələrdə fikir paylaşan gənc fəalların təqib olunmasına göz yumur?

O hansı “jurnalistlərin dostu” olan ölkənin prezidentdir ki, qanunları, qanunlara cari dəyişiklikləri jurnalistin azad fəaliyyətinə sədd yaradır, məmurlarının, dövlət görəvlililərinin ictimai fəaliyyətini işıqlandırmağa, onların yaramaz əməllərini cəmiyyətin diqqətinə yönəltməyə imkan vermir, ev paylamaq, süni yaradılan borclarını sildirmək kimi şirnikdirici vasitələrlə mətbuatı... öz “mərhəmətinə” sığındırıb, azad mətbuatı cəmiyyətin keşikçi olmaq funksiyasından məhrum edir.

Prezidentin həmin görüşdə mətbuata edilən basqılarla bağlı səsləndirdiyi fikrlər təqdir olunmalıdır. Amma bu basqıların kor icraçıları bilirmi ki, mətbuat üzərinə ayaq açan hücumların müdafiəçisi kimdir? Ölkə qədri bilənlər, içində dövlətçilik hissi olanlar heç istəməzdi ki, “Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığı təşkilatı onun dövlətinin baş təmsilçisini dünyanın 39 “mətbuat yırtıcıları” siyahısına daxil etsin, mətbuat azadlığının vəziyyətinə görə onun ölkəsinin adını qara siyahılarda 157-ci yerə salınsın.

Başını hakimiyyət qoltuğuna soxub işini quran redaktorlar unutmamalıdır ki, bu görüşdən əldə etdikləri cari hesabın bədəlini ödəməli olacaqlar. Müqəddəs jurnalist peşəsinə xəyanətin bədəlini. “Nəsimi” filmində Əmir Teymurun, Nəsiminin qollarındakı kəndiri açıb “nə vaxta qədər mən baş kəsib, qan tökəcəm” deyə, onu azad etməsi və dalınca Şeyx Əzəmi güdükçü saldıraraq sonradan dar ağacına çəkdirməsi səhnəsi gərək heç vaxt yaddan çıxarılmasın. Nə çox, bu ölkənin şeyx əzəmləri.(azadlıq.info)

P.S. Bəlkə, doğrudan da ölkədə vəziyyət dəyişir. Bəlkə, beynəlxalq qınaqlar, daxili narazılıqlar, ətrafını saran məddahlardan diskinməsi və ya sözə, azad düşüncəyə qapı açan dövlət başçılarının örnəklərindən faydalanmalar ölkə başçısı I.Əliyevi yeniləşməyə, ölkədə gedən proseslərə yeni rakursdan baxmağa, mətbuata qarşı yürüdülən sərt siyasəti yumşaltmağa sövq edib. Belə olması hər kəsin ürəyindən olar. Yalnız o zaman aydın olar ki, prezident, ödülünü aldığı “junalistlərin dostu”, yoxsa merkantil maraq peşində olan bir qrup redaktorun dostudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar