RUSİYA AFRİKADAN DAHA ÇOX ZƏRBƏ ALIR – “Putin vaxtında atdan düşsəydi...”

“Hətta Afrika Rusiyaya nisbətən xammal böhranının öhdəsindən daha bacarıqla gəlir”

Neftin qiymətinin aşağı düşməsi neft ixrac edən əksər ölkələr üçün ciddi problemlər yaradıb. Lakin Rusiyadan fərqli olaraq, xammal ixrac edən bir çox ölkələr və o cümlədən Afrika respublikaları öz iqtisadiyyatlarının investisiya mühiti üçün cəlbedici hala gətirilməsi və diversifikasiya olunmasının qayğısına qalıblar. Ona görə də, onların bəziləri hətta inamlı iqtisadi yüksəlişə ümid də bəsləyirlər.

“Economist” bu mövzuya həsr etdiyi məqaləsində qeyd edir ki, xammal əfsanə kimi həm şirnikləndirici və eyni zamanda da çox təhlükəlidir. Nə zaman ki, xammalın qiyməti yüksəlir, onda xammal ixrac edən ölkələrin siyasətçiləri bayram edirlər. Neft, qaz və müxtəlif növ metalların ixracı hesabına xarici valyuta çay kimi axmağa başlayır və ölkədə yaxşı məvacibli iş yerləri yaranır. Bu ölkələr iqtisadiyyatın digər tərəflərinə əhəmiyyətsiz yanaşırlar və belə güman edirlər ki, yaxşı günlər heç vaxt qurtarmayacaq. Amma iş ondadır ki, bu cür xoş günlər həmişə davam etmir.

Xammalın dünya bazarındakı qiymətləri aşağı düşəndə təbii resurslardan hədsiz asılı olan ölkələr nəyin baş verdiyini anlamağa başlayırlar. Dünyada ən böyük neft ehtiyyatlarına malik ölkələrdən biri olan Venesuela defoltun astanasına gəlib çıxıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, onların ölkəsinin iqtisadiyyatı 2015-ci ildə 5% geriləyəcək, Putin hökumətinin beynəlxalq kredit reytinqi isə “zibil” səviyyəsinə çatacaq.

2014-cü ildə təbii resursların qiyməti aşağıya düşməyə başlayanda ekspertlər xammal ixracatçısı olan ölkələrdə iqtisadi vəziyyətin pisləşəcəyini gözləyirdilər. Latın Amerikası ölkələrindən Argentina, Venesuela və ola bilər ki, Braziliya 2015-ci ildə iqtisadi geriləmə ilə üzləşsinlər. Amma digər xammal ixracatçıları olan Çili iqtisadiyyatı 3%, Peru iqtisadiyyatı isə 5% arta bilər.

2015-ci ildə Yaxın Şərq ölkələrindəki neft ixracatçısı ölkələrinin heç birində böhran yaşanmayacaq. Səudiyyə Ərəbistanı öz valyuta ehtiyatlarından istifadə etməklə dövlət xərclərini artıracaq və beləliklə də onun iqtisadi böyümə tempi 4,5% təşkil edəcək. Xammal qiymətinin aşağıya yuvarlanması prosesi nəticəsində zərbə Afrika ölkələrindən də yan keçməyib. Keçən il iqtisadiyyatı praktik və tam neft ixracından asıl olan Nigeriyanın valyutası 13% dəyər itirmişdi. Zambiya isə kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etmişdi. Amma bütün bunlara baxmayaraq, Afrikadakı vəziyyəti bütövlükdə bərbad adlandırmaq olmaz. Hal-hazırda əvvəlki illərə nisbətən Afrika ölkələrinin valyutaları nisbətən sabitlik göstərirlər. Yalnız Ebola virusuna yoluxmuş ölkələrdə və kleptokratik (oğruların hakimiyyəti) Ekvatorial Qvineyanın iqtisadiyyatında azalma baş verib. Ümumiyyətlə isə 2015-ci il üçün qara Afrikada 5% iqtisadi böyümə gözlənilir.

Xammal qiymətlərinin aşağı düşməsi halında bəzi xammal ixrac edən ölkələrin, çətinliklərin öhdəsindən gəlməyi bacarmaları iki əsas faktora dayanır.

Birincisi, bir çox hökumətlər öz ölkələrində biznes həyatının cazibədar və əlverişlı hala gətirilməsini həyata keçiriblər.

İkincisi isə elə hökumətlər var ki, onlar öz gəlirlərini savadla xərcləyirlər. Məsələn bir çox Latın Amerikası və Afrika ölkəsi əldə olunan gəlirləri necə gəldi xərcləmək əvəzinə, onlardan daha rasional qaydada istifadə olunması taktikasına üstünlük verirlər.

Təbii resurs ixrac edən ölkələri 2015-ci ildə ağır və tutqun bir il gözləyir. Amma onların içərisində gələcəyə optimistcəsinə yanaşanlar da var. Vaxtı ilə həmin ölkələr xammal resurslarından asılılığın sinoniminə çevrilmişdilər. Artıq indi onlar xammal bağlılığına görə yelləncəkdəki kimi gah yuxarı və gah da ki, aşağıya doğru hərlənməyə məhkum deyillər. Sözsüz ki, Rusiyanı bu siyahıya daxil etmək olmaz. Ancaq əgər cənab Putin xammal atının belindən on il əvvəl düşmək qərarına gəlsə idi, indi onun xalqını çətin və əzablı illər gözləməzdi.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar